Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:11

'Qurban Qurbanov üçün çətin gün'-Media icmalı


Bank
Bank

Cəbhə bölgəsində aqrar siyasət, tam nağdsız hesablaşmaya keçidin problemləri və futbol üzrə Azərbaycan yığma komandasına baş məşqçi seçimi bu gün (3 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

«İNDİ HAMI BANKLARLA TƏMASDAN QAÇIR»

«Exo» qəzetində «Azərbaycanda nağdsız hesablaşmalara keçmək islahatı iflasa uğradı» sərlövhəli yazı oxumaq olar.

Müəllif tam nağdsız hesablaşmalara keçid sahəsində durumu ekspert Əkrəm Həsənovla müzakirə edir.

«Birincisi, yəqin ki, heç vaxt tam şəkildə nağdsız hesablaşma formasından istifadəyə nail ola bilməyəcəyik. İkincisi, əgər dolların dəyəri aşağı düşsə, hansısa nəticələr əldə etmək olar, bu isə mümkünsüzdür», - deyə Ə.Həsənov bildirib.

Ekspert deyib ki, biznes təbəqəsi nağdsız hesablaşma üsulundan könülsüz istifadə edir. Onlara bütün pullarını banklarda saxlamaq təklif edilir. Bu halda isə biznesmenlərin əksəriyyəti vəsaitlərini hesabdan çıxarmaq problemləri ilə üzləşirlər.

Ə.Həsənovun fikrincə, biznes təbəqəsi öz pullarını kredit qurumlarına verməməkdən ötrü «qara» sxemlər axtarırlar.

Ekspert deyib ki, Azərbaycanda banklara inam yoxdur. Ona görə biznes adamları pullarını banklarda saxlamaq qorxusu yaşayırlar və nağdsız hesablaşmalardan çəkinirlər:

«Qanunvericilikdə dəyişəkliklər zəruri idi, amma biz yubandıq. Nağdsız hesablaşmaya iqtisadiyyatın inkişaf etdiyi, fiziki və hüquqi şəxslər banklara etimad etdiyi zaman keçilməli idi. İndiki halda isə hamı banklarla təmasdan qaçır. Buna görə də «Nağdsız hesablaşmalar haqqında» Qanunun qəbulu ölkədə durum normallaşana qədər təxirə salınmalı idi».

Ekspert vurğulayıb ki, nağdsız hesablaşmalara keçən şirkətlərin sayı o qədər də çox deyil. Onun deməsinə görə, hələ də işəgötürənlərin çoxu qeyri-rəsmi olaraq maaşları nağd şəkildə ödəyirlər.

Qurban Qurbanov
Qurban Qurbanov

MÜTƏXƏSSİSLƏRİN NAMİZƏDLƏRİ

«Yeni Müsavat» qəzetində «Qurban Qurbanov üçün çətin gün: seçimi nə olacaq?» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, bu gün, noyabrın 3-ü AFFA İcraiyyə Komitəsinin toplantısında futbol üzrə Azərbaycan yığmasına kimin məşqçi olacağı məsələsi də gündəmə gələ bilər.

Daha sonra yazıda baş məşqçinin kim olması ilə bağlı ayrı-ayrı mütəxəssislərin fikri təqdim edilir.

«Neftçi»nin sabiq baş məşqçisi Arif Əsədov:

«Bu gün millinin baş məşqçisi vəzifəsinə ən real namizəd Qurban Qurbanovdur. Ancaq onun «Qarabağ»dakı işi də Azərbaycan futbolu üçün önəmlidir. Eyni vaxtda iki yerdə işləsə, təbii ki, çətinliklər yarana bilər. Başqa yerli məşqçiyə də müraciət etmək olar. Məsələn, Şahin Diniyev də bu gün millimizi çalışdıra bilər. Onun kifayət qədər təcrübəsi var».

Yazıda dsport.az- saytına istinadən «Kəpəz»in baş məşqçisi olan Şahin Diniyevin də mövqeyi təqdim edilir. O deyib ki, Q.Qurbanov millidə özü üçün inkişaf yeri görürsə, gedə bilər:

«Milli klub deyil. FIFA-nın qanunlarına əsasən, yoldaşlıq oyunlarından 48 saat, rəsmi oyunlardan isə 72 saat qabaq məşqə verilən vaxtdır. Məhz bu məşqdə məşqçi komandanı oyuna hazırlayır. Hər bir məşqçi maksimumu istəyir. Burada nə sizin, nə mənim yox, baş məşqçinin fikirləri vacibdir. Yəni baş məşqçi özünü burada görürmü? Hazırda Azərbaycan millisinə bir nömrəli namizəd Qurban Qurbanovdur. O buna layiqdir. Bu, danılmaz faktdır».

Ş.Diniyev özünü milli komandanın rəhbərliyində görmədiyini deyib.

Əkin
Əkin

CƏBHƏ BÖLGƏSİNDƏ AQRAR SİYASƏT

«Azərbaycan» qəzetində «Güvənc yeri dövlət dəstəyidir» sərlövhəli yazıda Ağdam rayonunda fermerlərin fəaliyyətindən bəhs edilir.

Müəllif yazır ki, Ağdam rayonuna aid torpaqların əksər hissəsi Ermənistan silahlı birliklərinin nəzarətindədir. Odur ki, fermerlər əllərindəki hər qarış torpaqdan səmərəli istifadə etməyə çalışırlar:

«Bu halal işdə dövlətin dəstəyi onların hər zaman əlindən tutur. Belə ki, ölkədə aqrar sektorun inkişafına hesablanan yeni iqtisadi siyasət bu cəbhə bölgəsində də uğurla həyata keçirilir».

Yazıda bildirilir ki, bu il rayon üzrə taxılçılıqda məhsuldarlıq 37 sentnerə çatıb. Bu isə 36 min tondan çox taxıl istehsalı deməkdir:

«Cari ildə həmçinin, rayon üzrə 3724 hektarda tərəvəz, 348 hektarda kartof, 1067 hektarda yonca, 1002 hektarda şəkər çuğunduru əkilib. 64288 ton tərəvəz, 5860 ton kartof, 13486 ton şəkər çuğunduru istehsal olunub».

Müəllif vurğulayır ki, rayonda ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılıq da inkişaf edir. Bu il rayon təsərrüfatlarında 3005 hektar sahədə pambıq əkilib. Yazıda bildirilir ki, indiyə kimi 4000 tona yaxın pambıq tədarük olunub, məhsul yığımı davam edir. Məqsəd böyük zəhmət bahasına yetişdirilmiş məhsulu itkisiz təhvil verməkdir.

Müəllif vurğulayır ki, rayonda kənd təsərrüfatının digər ənənəvi sahələrindən olan baramaçılığa da maraq çoxdur. Bu il rayonun kümçüləri 300 qutu ipəkqurdu bəsləyib, 13205 kiloqram barama istehsal ediblər.

XS
SM
MD
LG