İspaniya məhkəməsinin hakimi Kataloniyanın keçmiş lideri Carles Puigdemont-un həbsinə Avropa orderi çıxarıb, vəkili bunu noyabrın 2-də Belçikanın Flamand bölgəsinin VTR telekanalına deyib.
İspan prokurorlar Puigdemont və onun buraxılmış hökumətinin dörd üzvünün həbsini istəyirlər. Onlar noyabrın 2-də Madrid məhkəməsinə getməyiblər. Beşi də qiyam, separatçılıq, dövlət vəsaitindən sui-istifadədə suçlanır.
İttihamlar bu şəxslərin Kataloniyada oktyabrın 1-də keçirilmiş müstəqillik referendumundakı roluna görə irəli sürülüb.
Puigdemont-un vəkili Paul Bekaert VRT-yə deyib ki, İspaniya məhkəməsinin tezliklə Brüsselə ekstradisiya xahişi göndərəcəyini gözləyir. Ancaq onun sözlərinə görə, Puigdemont Belçikada qalacaq, ekstradisiyasıyla bağlı istənilən addımdan şikayət verəcək.
*** Buna da bax: Kataloniyanın keçmiş lideri Belçikadan hüquqi dəstək istəyib
Kataloniya hökumətinin işdən çıxarılmış 9 digər üzvü məhkəməyə gedib. Onlardan səkkizi həbs edilib, biri isə 50 min avro girov əvəzində azadlıqda saxlanıb.
Puigdemont Kataloniyanın TV3 televiziyasında deyib ki, “Kataloniyanın hüquqi hökuməti” azadlığa buraxılmalıdır. Noyabrın 2-də Kataloniya parlamenti qarşısında yüzlərlə adam etiraz aksiyasına çıxıb, keçmiş lideri dəstəkləyiblər.
Kataloniya müstəqillik referendum keçirəndən bəri İspaniyada böhran yaranıb. Madrid regionun muxtariyyətini müvəqqəti dayandırıb, rəhbərliyini buraxıb, dekabra seçki təyin edib.