Keçid linkləri

Təcili xəbərlər
2022, 22 May, bazar, Bakı vaxtı 20:50

Dünya xəbərləri

Ağ evdən Rusiyaya çağırış

Xan Şeyxundakı hücumda zəhərlənmiş uşaq, aprel, 2017-ci il

Noyabrın 1-də Ağ ev Rusiyanı çağırıb ki, BMT təhqiqat qrupunun mandatının yenilənməsini əngəlləməsin. Bu qrup Suriyada kimyəvi silah hücumlarının arxasında kimin durduğunu araşdırır.

Birləşmiş Ştatlar mandat məsələsini ötən həftə BMT Təhlükəsizlik Şurası qarşısında qaldırmışdı, Rusiya qrupun mandatının yenilənməsinə veto qoyub. Birgə Təhqiqat Mexanizminin (JIM) səlahiyyəti noyabrın ortasında bitir.

Araşdırma qrupu ötən həftə bildirib ki, bu ilin aprelində Xan Şeyxun şəhərində sarin qazı hücumu üçün Suriya hökuməti məsuliyyət daşıyır. Bu açıqlama Rusiyanı qəzəbləndirib. Çünki Rusiya və Suriya hökuməti bu iddianı danır.

Xan Şeyxundakı hücumda onlarla adam həlak olmuşdu.

Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasını JIM-in mandatını yeniləməyə çağırır, Ağ evin bəyanatında belə deyilir.

Bütün xəbərləri izləyin

Dağıstanda bir şagirdin son zəng çıxışı: ‘Müharibəyə yox! Ukraynaya azadlıq! Putin - lənət olsun!’

Dağıstan, Izberbaş şəhərindən görüntü

Dağıstanın İzberbaş şəhərindəki məktəblərdən birinin son zəng mərasimində bir şagird mikrofona "Müharibəyə yox! Ukraynaya azadlıq! Putin - lənət olsun!"

Bundan sonra videoda alqış sədaları eşidilir. Daha sonra bir sıra Dağıstan ictimaiyyətində məzun və anasının üzrxahlığı ilə bağlı video yayılıb. Məktəbli qız bu hərəkətindən peşman olduğunu və "sadəcə imtahanlarla bağlı stress yaşadığını, diqqəti özünə çəkmək istədiyini" deyib.

İnzibati iş və üzrxahlıq, "xüsusi əməliyyat"a dəstək

Kavkaz.Realii xəbər verir ki, yeniyetmə və onun anası barəsində inzibati iş açılıb. Videoda anası da qızının "emosional təlaş" hərəkətinə görə peşman olduğunu bildirib. O, daha sonra əlavə edib ki, o, Putinin kursunu tam dəstəkləyir və ölkənin vətənpərvəridir, həmçinin “Ukrayna ərazisində davam edən xüsusi əməliyyatın” tərəfdarıdır.

Son zəngdən çəkilən video mayın 22-i səhər saatlarından sosial şəbəkələrdə yayılmaqdadır. Hökumətyönlü Dağıstanın teleqram kanalları bildirir ki, məzuna qarşı Silahlı Qüvvələrin nüfuzdan salınması maddəsi ilə, anası haqqında isə valideynlərin yetkinlik yaşına çatmayanları böyütmək üzrə öhdəliklərini yerinə yetirməməsi maddəsi ilə inzibati protokol tərtib edilib. Eyni kanallar məktəbli qızın şəxsi məlumatlarını dərc edir ki, bu da qanun pozuntusudur.

Dağıstan Daxili İşlər Nazirliyi şərh verməkdən imtina edib. Eyni zamanda, “Kavkaz.Realii”nin nazirlikdəki redaksiyasından olan mənbə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Rayon Təhsil Nazirliyindəki mənbə hadisə ilə bağlı onlara məlumat daxil olduğunu təsdiqləyib, hələ ki, araşdırırlar. “Hazırda məlum olan odur ki, qız bunu sinif yoldaşları ilə mübahisədən sonra edib”, - mənbə bildirib.

Kavkaz.Realii-nin yazdığına görə, yerli məmurlar həm ana, həm də qızı açıq şəkildə üzr istəməyə məcbur ediblər. Regional hökumətdəki mənbə bildirib ki, Dağıstanın rəhbəri Sergey Melikov şəxsən İzberbaş merinə “baş verənlərə baxmaq tələbi ilə” zəng edib. Şəhər rəhbərliyi şərh verməkdən imtina edib.

Britaniya kəşfiyyatı: Rusiya Severodonetskiyə hücum dəstəyi üçün əraziyə‘Terminator’lar yığır

Rusiyanın "Terminator" Ukraynada, arxiv foto

Rusiya Luqansk bölgəsindəki Severodonetsk yaşayış məntəqəsinə hücum etmək üşün əraziyə "Terminator" tank dəstəyi döyüş maşınlarını yığmaqdadır. Bu barədə Böyük Britaniya hərbi kəşfiyyatının Ukraynadakı döyüşlərlə bağlı səhər hesabatında məlumat verilir.

Məlumatda vurğulanır ki, bu nəsil tanklar yalnız Mərkəzi Hərbi Dairənin qoşunları qrupun xidmətdədir. Rusiya KİV-i ötən il sözü gedən Dairənin qoşunlarında Terminator bölməsinin formalaşması barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsində iştirak edən Mərkəzi Hərbi Dairənin bölmələri əvvəllər Kiyevə hücumda iştirak ediblər və xeyli itki veriblər. Onların döyüş maşınları "O" işarəsi ilə qeyd olunur ki, bu da xüsusi əməliyyat adlanan kontekstdə "Z" və "V"-dən bir qədər az məlumdur.

Rusiya "Terminator"u Əfqanıstan və Çeçenistan müharibələri zamanı istifadə edilən əsas döyüş tankları üçün xüsusi mühafizəyə ehtiyac yarandıqda hazırlayıb. Maşının vəzifəsi tank əleyhinə silahları və möhkəmləndirilmiş hədəfləri vurmaq üçündür. Bu hərbi maşınların döyüş bölgəsindəki ilk görüntüləri dəfə mayın 15-də sosial şəbəkələrdə yayılıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Severodonetsk vilayətinə nəzarəti ələ keçirmək Rusiya ordusunun əsas taktiki prioritetlərindən biri olaraq qalır. Bununla belə, Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya maksimum sayda “Terminator” yerləşdirsə belə, onların hücuma əhəmiyyətli təsir göstərməsi ehtimalı azdır.

Luqansk vilayəti administrasiyasının rəhbəri Sergey Qayday bildirir ki, Rusiya ordusu Severodonetskə birdən-birə 4 istiqamətdən hücuma cəhd edib, lakin heç birində istəyinə nail olmayıb. Qaydayın sözlərinə görə, Rusiya qüvvələri Luqansk vilayətinin Ukraynanın nəzarətində qalan son iki şəhəri olan Severodonetsk və qonşu Lisiçanskı şəhərlərini mühasirəyə almağa çalışır.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fevralın 24-də başlayıb. Qonşu ölkəyə qarşı başladığı genişmiqyaslı müharibəni Rusiya hakimiyyəti “xüsusi əməliyyat” adlandırır. 3 aya yaxın davam edən döyüşlərdə Rusiya qoşunları Ukraynanın cənub vilayətlərinin bir hissəsini nəzarətə götürərək ölkənin Azov dənizi ilə əlaqəsini kəsib.

Rusiya ordusu Kiyevdən geri çəkilməyə məcbur olsa da hazırda müharibə Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərində gedir.

Zelenskinin müşaviri: Rusiya qoşunları çıxarılmayana qədər Ukrayna atəşkəsə getməyəcək

Mixail Podolyak

Podolyak Reuters agentliyinə deyib ki, sülh prosesinin bərpası Rusiya qoşunlarının ölkəni tərk etməsindən sonra mümkündür

Ukrayna prezidentinin müşaviri və Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak Rusiya qoşunları işğal etdikləri ərazilərdən çıxmayana qədər Kiyevin müharibədə atəşkəsə razılıq verməsi ehtimalını istisna edib.

Qoşunlar "ölkəni tərk etməlidirlər və bundan sonra sülh prosesini bərpa etmək mümkün olacaq", - Podolyak Reuters agentliyinə deyib. Amma o, bu tələbin Rusiyanın ilhaq etdiyi Krımı tərk etməsinə də şamil edildiyi dəqiqləşdirməyib.

Krım və Donbasın bir hissəsi hələ fevralın 24-də genişmiqyaslı işğaldan əvvəl Rusiyanın və rusiyayönlü qüvvələrin nəzarəti altında idi.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya qoşunlarının fevralın 23-də olduğu öz mövqelərinə qayıtması halında danışıqlara hazırdır. Eyni zamanda, prezident və onun müşaviri, hər ikisi Moskva ilə ərazi güzəştlərini nəzərdə tutan istənilən sövdələşməni istisna edib.

Podolyakın fikrincə, qoşunların çıxarılması olmadan hərbi əməliyyatlarda istənilən fasilə ona gətirib çıxaracaq ki, bir müddət sonra gücünü bərpa edən Rusiya “yeni intensivliklə, daha da qanlı və irimiqyaslı yeni hücuma keçəcək”.

Prezident köməkçisi Kiyevin mövqeyinin getdikcə daha barışmaz olduğunu etiraf edib və Rusiya tərəfinin daha əvvəl verdiyi bəyanatlar da təsdiqləyib ki, hazırda faktiki olaraq tərəflər arasında sülh danışıqları aparılmır.

Eyni zamanda, Podolyak bir sıra Qərb ölkələrində təcili atəşkəs üçün edilən çağırışları “olduqca qəribə” adlandırıb. Belə bir təkliflə, xüsusən də İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni çıxış edib. “The New York Times” qəzeti Ukraynanın itirdiyi əraziləri hərbi yolla geri qaytara bilməyəcəyinə dair məqalə dərc edib. Mixail Podolyak israr edir ki, Qərb Rusiyaya “ağrılı məğlubiyyət” vermək üçün Ukraynanı dəstəkləməyə davam etməlidir.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü artıq 3 aya yaxındır davam edir. Fevralın 24-də qonşu ölkəyə qarşı başladığı genişmiqyaslı müharibəni Rusiya hakimiyyəti “xüsusi əməliyyat” adlandırır. Rusiya qoşunları Ukraynanın cənub vilayətlərinin bir hissəsini nəzarətə götürərək ölkənin Azov dənizi ilə əlaqəsini kəsib.

Rusiya ordusu Kiyevdən geri çəkilməyə məcbur olsa da hazırda müharibə Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərində gedir.

Rusiya müdafiə nazirinin müavini Yevkurovun qardaşı oğlu Ukraynada həlak olub

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov, 20 mart 2022

Rusiya müdafiə naziri Sergey Şoyqunun müavini, İnquşetiyanın keçmiş prezidenti Yunus-Bek Yevkurovun qardaşı oğlu Ukraynada həlak olub. Bu barədə Currenttime.tv İnquşetiyadan olan sosial şəbəkə və media istifadəçilərinin paylaşımlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə mayın 20-dən 21-nə keçən gecə baş verib. Adam Xamxoev hava desant hücumu rotasının komandiri idi. “Magas Times” yazır ki, Xamxoyevin cənazəsi dəfn olunmaq üçün mayın 22-də doğulduğu Karabulaka gətiriləcək.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Moskva qonşu ölkəyə hərbi müdaxiləni "xüsusi əməliyyat" adlandırır və bunun əksini deyənlər və rəsmi xəbərlərdən kənar məlumatlar paylaşanlar cəzalandırılır.

Ukrayna baş prokurorluğunun mayın 22-də açıqladığı məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 232 uşaq həlak olub, 430-dan çox uşaq isə yaralanıb. Prokurorluq bu məlumatların son olmadığını vurğulayır və bildirir ki, hazırda aktiv hərbi əməliyyatların getdiyi, o cümlədən müvəqqəti işğalda olan ərazilərlə bağlı araşdırmalar davam etdirlir.

Ukrayna: Rusiya Krıma quru yol dəhlizi açmaq cəhdlərini davam etdirir

Rusiya ordusuna məxsus vurulmuş hərbi texnika, Xarkovun şimalı, 15 may 2022

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının növbəti hesabatında deyilir ki, Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarət etmək və ilhaq edilmiş Krıma quru dəhlizi açmaq cəhdlərini davam etdirir.

Ukrayna komandanlığının məlumatına görə, bütün cəbhə xətti boyunca atışma davam edir. Slavyanski istiqamətində Rusiya hərbçiləri hücum əməliyyatlarını bərpa etməyə çalışırlar - xüsusən də Severski Donets çayını keçmək üçün keçid tikməyi planlaşdırırlar.

"Ponton-körpü keçidini idarə etmək üçün xüsusi texnikanın cəmləşməsi var. Qoşunların qruplaşdırılmasını gücləndirmək və hücumu intensivləşdirmək üçün işğalçılar əlavə bölmələr yerləşdirirlər", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda belə qeyd edilir.

Ukrayna ordusu Rusiyanın Severski Donetsindəki ponton keçidlərini bir neçə dəfə məhv edib. Britaniya kəşfiyyatı bu çayı keçməyə cəhd edən Rusiya ordusunun xeyli itki verdiyini bildirib.

Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Serhey Qaydayın mayın 21-də açıqladığı məlumata görə, sutka ərzində bölgədə 6 nəfər həlak olub.

"Hətta mayın 20-də səhər saatlarında ruslar Severodonetskin yeni rayon sakinlərinin müharibə başlayandan bəri zirzəmisinə sığındığı məktəbi atəşə tutublar", - Qayday teleqramında yazıb. "Azadlıq" radiosunun Ukrayna xidməti administrasiya rəhbərinə istinadla yazır ki, gün ərzində bölgədə 50-yə yaxın ev dağılıb.

Sumı vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski mayın 21-də səhər saatlarında bölgədəki icmalardan birinin Rusiya ərazisindən atəşə tutulması barədə məlumat verib.

'Çaqqallar körpələri aparırdı': Bakıdakı Krım tatarları sürgün faciəsini anır
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Şənbə günü Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində zirehli maşınlar üçün nəzərdə tutulan yanacaq anbarlarına raket zərbələri endirildiyi barədə məlumat verib. Moskva həmçinin Odessa yaxınlığında Ukrayna ordusunun xüsusi əməliyyat qüvvələri üçün təlim bazasını məhv etdiyini iddia edir. Bunda başqa o da iddia olunur ki, Ukraynanın Jitomir vilayətində “Kalibr” hərbi dəniz raketləri Ukrayna ordusu üçün ABŞ və Avropadan gətirilən silahların böyük partiyasını məhv edib. Hələki bu iddialara Ukrayna tərəfinin münasibəti bəlli deyil.

Rusiya fevralın 24-ü səhər saatlarında Ukraynaya hücüm edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirlib ki, bu "xüsusi əməliyyatdır". Rusiyada "xüsusi əməliyyat"a müharibə deyənlər, rəsmi mövqedən fərqli mövqe sərgiləyənlər cəzalandırılır, həmin adamlar barəsində müxtəlif hüquqi tədbirlər görülür.

Reuters: Almaniya və İtaliya öz şirkətlərinə rubl hesabları açmağa icazə verib

Almaniya-Rusiya -Qaz, Şimal axın, arxiv foto

Almaniya və İtaliya öz şirkətlərinə Rusiya qazını almaq üçün rubl hesabları açmağa icazə verib. Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin istinad etdiyi mənbələrin məlumatına görə, Almaniya ölkənin qaz idxalçılarına Rusiyaya qarşı sanksiyaları pozmadan rubl hesablarının açılmasının mümkün olduğunu bildirib.

Məlumatda vurğulanır ki, eyni vəziyyət İtaliyada da yaranıb və hökumət məsələni Avropa Komissiyası ilə müzakirə edərək Rusiya qazının qanuni yolla necə alınacağına dair aydınlıq əldə edib.

Bundan əvvəl Polşa, Finlandiya və Bolqarıstan Rusiyanın "Qazprombank"dakı rubl hesabları vasitəsilə qazın ödənilməsi tələbini yerinə yetirməkdən imtina ediblər. Bundan sonra bu ölkələrə qaz nəqli dayandırılıb.

Təcavüzün 87-ci günündə Rusiya Müdafiə Nazirliyi ‘Azovstal’ın tam nəzarətə alındığını bildirir

"Azovstal"dan çıxan Ukrayna hərbçiləri

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun tam rus qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb. Məlumatda zavod ərazisində olan ümumilikdə 2439 ukraynalı əsgərin "təslim olduğu" iddia edilir.

Nazirliyin açıqlamasında bildirilir ki, nazir Sergey Şoyqu artıq prezident Vladimir Putinə “əməliyyatın başa çatması, zavodun və Mariupol şəhərinin Ukrayna yaraqlılarından tam azad edilməsi haqqında” məruzə edib.

Açıqlamada Azov alayının komandirinin də təslim olduğu bildirlir, həm də qeyd edilir ki, komandir “Mariupol sakinlərinin nifrətinə və şəhər əhalisinin onu cəzalandırmaq istəyinə görə” xüsusi zirehli maşında zavodun ərazisindən çıxarılıb. Amma rəsmi məlumatda komandirin adı göstərilmir.

Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun bəyanatından bir saat əvvəl Rusiyanın 1-ci Kanalı Azov komandiri Denis Prokopenkonun təslim olduğunu bildirib. Hələki Ukrayna tərəfi bu bəyanatı şərh etməyib. Prezident Vladimir Zelenski andiçmənin üçüncü ildönümü ilə bağlı verdiyi müsahibədə zavoddakı hərbçilərin “çıxmaq və xilas etmək hüququna malik olduqları barədə əmr aldıqlarını” deyib.

Prezidentin sözlərinə görə, o, “liderlərinin Rusiya Federasiyası ilə münasibətlərinə görə Türkiyə, İsveçrə, İsrail və Fransa ilə” hərbçilərin çıxarılmasına razılaşıb.

“Baxmayaraq ki, düzünü desəm, mən dəfələrlə başqa dövlətlərin rəhbərləri ilə danışmışam ki, hərbçilərimizi müvafiq silahlarla təmin edək ki, biz bu insanların qarşısını almaq üçün hərbi yolla Mariupola çataq”, – Ukrayna prezidenti bildirib.

"Azovstal"dakı Ukrayna hərbçiləri mayın 16-dan başlayaraq oradan çıxmağa başlayıblar. Onlar Ukrayna ərazisindəki Rusiya ordusunun müşayəti ilə elə Rusiyanın işğal etdiyi Ukraynanın digər ərazilərə aparılıblar. Ukrayna Baş Qərargahı onların “mübadilə proseduru ilə” geri qaytarılacağını bildirib.

Ukrayna prezidenti hərbçilərin geri qaytarılması işinin “müəyyən vaxt tələb etdiyini” deyib və bildirib ki, “Ukrayna qəhrəmanları Ukraynaya salamat olaraq lazımdır”.

Rusiyanın Dövlət Duması isə "nasist cinayətkarlarından hər hansı birinin mübadiləsini" qanuni olaraq qadağan etməyi və Rusiyada ölüm cəzasının tətbiqinə moratoriumdan istisna etməyi təklif edib.

Mayın 17-də məlum olub ki, Rusiya Baş Prokurorluğu Ukraynanın Azov alayının terrorçu təşkilat kimi tanınması və ölkədə fəaliyyətinin qadağan edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Azov alayı və digər Ukrayna birləşmələrinin döyüşçüləri martın əvvəlindən mühasirədə olan və "Azovstal" metallurgiya zavodunda blokadaya alınmış liman şəhəri Mariupolun müdafiəsini həyata keçirib.

“Azov” birliyi 2014-cü ildə könüllülərdən ibarət batalyon kimi yaradılıb, onun mənşəyində ifrat sağçı fəallar dayanıb. Eyni zamanda, bir çox Azov döyüşçüləri neonasist olmadıqlarını və alayın özünün Ukrayna Silahlı Qüvvələrinin ayrılmaz hissəsinə çevrildiyini vurğulayırlar.

Rusiya fevralın 24-ü səhər erkən Ukraynaya hücum edib. Moskva Ukraynaya qarşı başladığı müharibəni "xüsusi əməliyyat" adlandırıb. Ölkədə bunun əksini deyənlər isə hüquqi məsuliyyətə cəlb olunur.

Xaçaturovun oğlu həbsdə qaldı

Yerevanda etirazlar, 18 may, 2022-ci il

Xaçaturov mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur

Yerevanda məhkəmə Ermənistan silahlı qüvvələrinin keçmiş başçısı Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun həbs qərarını qüvvədə saxlayıb. O, müxalifətin buhəftəki etirazlarında polis əməkdaşına hücumda ittiham olunur.

Xaçaturov mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur.

Atası vaxtilə Rusiyanın lideri olduğu KTMT-nin baş katibi olmuş Xaçaturov isə iddianı rədd edir. Müxalifət liderləri polisi adamları etirazlardan çəkindirmək üçün nümayişçiləri “saxta, qondarma ittihamlar”la saxlamaqda suçlayır.

Ermənistanda müxalifət Baş nazir Nikol Paşinyanı Azərbaycanla danışıqlarda Dağlıq Qarabağı güzəştə getməkdə ittiham edərək, istefasını tələb edir.

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə sülh sazişinin hazırlanmasına başlamağa razılaşıb. Azərbaycan sazişin beş elementə əsaslanmasını, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.

Paşinyanın bu elementlərin Yerevan üçün qəbuledilən olduğunu açıq şəkildə bəyan etməsi müxalifəti qızışdırıb. Onlar hakimiyyətin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu deyirlər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.

Tacikistanda hökumətə qarşı etirazlarda bir nəfər öldürülüb

Xoroqda etiraz aksiyası

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı

Tacikistanın Qorno-Badaxşan Muxtar Vilayətində (GBAO) etirazlar zamanı bir nəfər öldürülüb. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi mayın 17-də məlumat yayıb. Ötən gün təhlükəsizlik qüvvələri vilayətdə siyasi liderlərin istefasını istəyən etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

GBAO hakimiyyəti vilayət başçısını, Xoroqun merini və digər rəsmiləri istefaya göndərməkdən imtina edəndən sonra bir qrup gənc Xoroqda yürüşə başlayıb.

Daxili İşlər Nazirliyi etiraz liderlərindən biri, 1993-cü ildə doğulmuş Zamir Nazrişoyevin “yaralandığını və xəstəxanada keçindiyini” bildirib. Məlumatda təhlükəsizlik qüvvələrinin “silahlı hücumu” dəf etdikləri vurğulanır. Etirazçılar vilayət administrasiya binalarına doğru yürüş etmişdilər.

Radio Ozodi isə yazır ki, müxtəlif mənbələr Nazrişoyevin başqa şəraitdə öldüyünü iddia edir. Başqa detallar açıqlanmır.

Radionun əldə etdiyi videoda etirazçılara qarşı rezin güllələrə və gözyaşardıcı qaza əl atdığı görünür. Mənbələr iki nəfərin xəsarət aldığını, xəstəxanaya aparıldığını təsdiqləyib.

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı.

Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.

Əl-Cəzirənin jurnalisti öldürülüb

Fələstinlilər Şirin Əbu Aklenin fotolarını qaldırıb

Qətərdə yerləşən telekanal İsraili ittiham edib

Mayın 11-də səhər İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrailin reydini işıqlandırarkən Əl-Cəzirə televiziyasının jurnalisti güllələnərək öldürülüb.

Ərəbdilli telekanalın Fələstində tanınmış qadın müxbiri Şirin Əbu Akle aldığı güllə yarasından keçinib.

Yerusəlimdə yerləşən Əl-Qüds qəzeti üçün işləyən digər fələstinli jurnalist də yaralanıb, vəziyyəti sabitdir.

Qətərdə yerləşən telekanal İsraili ittiham edib.

İsrail ordusu qüvvələrinin Cenində əməliyyat zamanı güclə atəş və partlayıcı hücumuna məruz qaldığını, cavab atəşi açdığını bildirir.

Ordunun məlumatına görə, “hadisə araşdırılır, jurnalistlərin fələstinli silahlılar tərəfindən vurulması ehtimalı nəzərdən keçirilir”.

İsrailin Xarici işlər naziri Yair Lapid reportyorun ölümünü kədərli hadisə adlandırıb. Onun sözlərinə görə, Fələstin Hakimiyyətinə ölümün birgə patoloji təhqiqatını təklif edib.

“Münaqişə zonalarında jurnalistləri qorumaq lazımdır, hamımız həqiqətin üzə çıxarılması üçün məsuliyyət daşıyırıq”, – o, tvitində yazıb.

Leonid Kravçuk vəfat edib

Leonid Kravçuk, 2019-cu il

Zelenskinin sözlərinə görə, Kravçuk sovet idarəçiliyindən müstəqilliyin ilk xaotik illərində ölkəni idarə edən müdrik lider olub

Sovet İttifaqından ayrılandan sonra Ukraynanın ilk prezidenti olmuş Leonid Kravçuk 88 yaşında vəfat edib.

Mayın 10-da Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi bu xəbəri Telegram-da təsdiqləyib, amma detalları açıqlamayıb.

Kravçukun sağlıq problemləri vardı, ötən il ürək əməliyyatı keçirmişdi.

Ukrayna mediası mayın 10-da xəbər verir ki, 1991-94-cü illərdə Ukrayna prezidenti olmuş Kravçuk uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Zelenskinin sözlərinə görə, Kravçuk sovet idarəçiliyindən müstəqilliyin ilk xaotik illərində ölkəni idarə edən müdrik lider olub.

Kravçuk Ukraynanın 1991-ci ildə müstəqillik elan etməsində aparıcı rol oynayıb. Dekabrın 8-də Rusiya və Belarus liderləri ilə birlikdə Sovet İttifaqının rəsmən dağıldığını elan edən sazişi imzalayıb.

Müstəqilliyə qədər o, Kommunist Partiyasının başçısı kimi Ukraynanı idarə edirdi. Ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkisində Kravçuk 60 faizdən çox səs yığıb.

O, prezident postunda Ukrayna ərazisindəki sovet nüvə silahlarının Rusiyanın nəzarətinə keçməsinə razılıq verib. Birləşmiş Ştatlar da bu sazişi dəstəkləyib.

Verxovna Radanın keçmiş spikeri Dmitro Razumkov Kravçukun ölümünü “bütün Ukrayna üçün böyük itki” adlandırıb.

Altı gün öncə Belarusun ilk postsovet prezidenti Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.

Ukrayna iqtisadiyyatı üçün azalma proqnozu

Kiyev regionu, 19 aprel, 2022-ci il

Rusiyanın blokadası Ukraynanın kənd təsərrüfatı sektoruna ağır zərbə vurub

Bu il Rusiyanın işğalı fonunda Ukrayna iqtisadiyyatında 30 faiz azalma gözlənir. Bu proqnozla mayın 10-da Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çıxış edib.

Bank martda, müharibə başlanandan dərhal sonra Ukrayna iqtisadiyyatı üçün 20 faizlik azalma proqnozu vermişdi.

Mərakeşdə illik konfransını açan AYİB bu açıqlamaları yayıb.

2023-cü ildə isə Ukrayna iqtisadiyyatında 25 faizlik artım gözlənir. Martdakı proqnoz 23 faiz idi.

Rusiyanın blokadası Ukraynanın kənd təsərrüfatı sektoruna ağır zərbə vurub. Ölkə əsas buğda və günəbaxan yağı ixracatçısıdır.

Döyüşlər həmçinin Ukraynadan Avropanın avtomobil istehsalçılarına kabel ixracını dayandırıb.

AYİB Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadiyyatının bu il 10 faiz azalacağını, gəlin il isə sıfır artım görəcəyini proqnozlaşdırır. Bu rəqəmlər martdan bəri dəyişməyib.

‘Azovstal’dakı hərbçilər işğalçılara qarşı mübarizəni davam etdirəcəklərini deyirlər

Svyatoslav Palamar (solda), 8 may 2022

Mariupoldakı “Azovstal” polad zavodunda məskunlaşan sonuncu ukraynalı döyüşçülər Rusiya işğalçıları ilə sağ qalana qədər döyüşəcəklərini deyiblər.

Bu fikirləri Azov alayının komandir müavini Svyatoslav Palamar mayın 8-də keçirdikləri onlayn mətbuat konfransında deyib:

“Rusiya işğalçılarını dəf etmək üçün sağ olduğumuz müddətdə mübarizəmizi davam etdirəcəyik”.

Beynəlxalq ictimaiyyətə müraciət edərək yaralı əsgərlərin zavoddan təxliyə olunmasına yardim etmələrini xahiş edərək "bizim çox vaxtımız yoxdur, intensiv atəşə məruz qalırıq" deyə bildirib.

Hər iki tərəfin rəsmiləri bir gün əvvəl "Azovstal"dan mülki şəxslərin təxliyyəsinin başa çatdığını bildiriblər.

Genişlənən yeraltı tunellər və bunkerlər şəbəkəsində təqribən 2000 ukraynalı müdafiəçisi olan Azovstal münaqişədə simvolik dəyər qazanıb.

Rusiya qüvvələrinin Mariupol şəhərinin bu hissəsinin dəfələrlə ələ keçirmək cəhdləri uğursuz olub. Bir müddət əvvəl Rusiya prezidenti Putin müdafiə nazirinə Azovstala hücum əməliyyatlarının dayandırlması göstərişini verib.

Amma Ukrayna tərəfinin məlimatına görə, bundan sonra da Rusiya zavod ərazisini müxtəlif növ silahlardan daha da intensiz atəşə tutmaqda davam edib. Bildirilir ki, bununla Rusiya 9 may Qələbə Gününə Mariupolu tam nəzarətə almaq və bunu uğur kimi təqdim etmək istəyir.

Sibirdə baş verən yanğınlar nəticəsində ən azı 800 evin yandığı bildirilir

Abakanda yanğın, 7 may 2022

Məlumatlara görə, yanğın nəticəsində yaşayış olan 500 ev, 300 tikili, 60 avtomobil yanıb.

Rusiyanın Sibir bölgəsində baş verən irimiqyaslı təbii yanğınlar yüzlərlə evi məhv edib. Son məlumatlara görə, 10-dan çox insan həlak olub. Sibir.Realii-nin məlumatına görə, ən çətin vəziyyət Krasnoyarsk diyarındadır.

Fövqəladə vəziyyət elan olunan bu bölgədə son məlumatlara görə, ən azı 7 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb. Bundan başqa 6 yanğınsöndürənin dəm qazından zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Bundan əlavə, 800-dən çox bina (500-dən çox yaşayış olan ev, 300 bina və 60 avtomobil) yanıb. Yanğın bölgənin bir sıra ərazilərini əhatə edib.

Krasnoyarsk diyarının hakimiyyət orqanlarının məlumatına görə, mayın 8-də səhər saat 7-də təxminən min hektar ərazi yanmaqda davam edir. NGS.24 teleqram kanalının məlumatına görə, Uyarda yanğın qurbanları ilə görüşdə qubernatorun nümayəndəsi Vladimir Şaeşnikov bildirib ki, yanan evlərin 95%-i “köhnə kiçik evlərdir”. Jurnalistlərin sözlərinə görə, rəsmi nümayəndənin dediyi bu ifadə insanları hiddətlənib.

İstintaq Komitəsi rayon ərazisində baş vermiş yanğınlar faktı ilə bağlı “Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə iki cinayət işi açıb. Bundan əvvəl səlahiyyətlilər yanğınların əsas səbəblərinin elektrik naqillərindəki naqillərin üst-üstə düşməsi və güclü küləyi nəticəsində yaranan qısaqapanma, həmçinin otların yanması və yanğınla ehtiyatsız davranması olduğunu bildirib.

Omsk vilayətində yanğınlar 100-ə yaxın yaşayış binasını və onlarla qeyri-yaşayış binasını məhv edib. Orada da ölənlər də var. Məlumata görə, ən çox Nazyvaevsk şəhəri zərər çəkib.

Regional elektrik şəbəkələrinin rəisi saxlanılıb. Bundan başqa şəhərin merinin saxlanması barədə də məlumat verilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrkutsk vilayətində, iki kənddə baş verən yanğın 41 ev və bir məktəbi məhv edib.

İki nəfərin öldüyü bildirilir. Xakasiyanın paytaxtı Abakan şəhərində yanğın nəticəsində 30 binaya ziyan dəyib, 500-dən çox bağ sahəsi yanıb, azı bir nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kuzbassda yanğınsöndürənlər Tyajinski rayonunda evlərdə yanğını söndürərkən 3 nəfərin cəsədini aşkar ediblər.

Bu rayonda ümumilikdə 50-dən çox ev yanıb. Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Aleksandr Kozlov Krasnoyarsk diyarına yollanıb. Təbii Sərvətlər Nazirliyi bildirir ki, onlar daha sonra Kemerovo, Omsk və İrkutsk vilayətlərinə gedəcəklər.

90 nəfərin zirzəmisinə sığındığı məktəbə hava zərbəsi endirilib

Ukrayna

Rusiya hərbçiləri Lisiçansk yaxınlığındakı Beloqorovka kəndində məktəbə hava zərbəsi endirib. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, demək olar ki, təxliyyə olunmağa imkan tapmayan bütün kənd sakinləri həmin məktəbin zirzəmisində gizlənirmiş. O, məktəbin zirzəmisində 90-a yaxın adam olduğunu, onlardan 30-a yaxınının dağıntılar altından çıxarıldığını və xilasetmə əməliyyatının davam etdiyini qeyd edib.

Qaydai son bir həftədə bu kənddə davamlı döyüşlərin getdiyini deyir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hava zərbəsi nəticəsində yanğın baş verib. Xilasedicilər bir neçə saatdan sonra yanğını söndürüblər. Məlumata görə, dağıntılar altından iki cəsəd çıxarılıb və həlak olanların sahı dəqiqləşdirilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Rəsmi Moskva Ukraynaya qarşı başladığı müharibəni "xüsusi əməliyyat" adlandırır. Bunun əksini deyənlər cinayət məsuliyyətinə cəlb edilib.

Britaniya Moskva birjasının statusunu ləğv edir

MOEX

Britaniya Moskva Birjasının (MOEX) rəsmən tanınmış fond birjası statusunu ləğv edib. Bu addım Rusiya Bankının xarici investorlara qadağalarına cavab olaraq atılıb. Bank isə Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin Moskvaya maliyyə sanksiyalarından sonra bu məhdudiyyətləri tətbiq edib.

Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi (HMRC) mayın 5-də "rəsmən tanınmış fond birjaları"nın siyahısını yeniləyib, MOEX-in statusunun ləğv olunduğunu, qərarın dərhal qüvvəyə mindiyini bildirib.

Seçim qalmayıb...

"Moskva Birjası xarici investorlara məhdudiyyətləri qaldırmadığından Böyük Britaniyanın da onun rəsmən tanınmış statusunu ləğv etməkdən başqa seçimi qalmır", – Xəzinədarlığın Maliyyə katibi Lüsi Freyzer deyib.

"Bu məhdudiyyət Rusiya aktivlərinə pul axınını dayandıracaq, Rusiyaya yeni investisiya qoyulmayacağına aydın mesaj verəcək", – o vurğulayıb.

Rəsmən tanınmış birja statusu britaniyalı rezidentlərə birjada qiymətli kağızların alqı-satqısı zamanı müəyyən vergi imtiyazları verir.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan sonra Britaniya da ABŞ, Avropa İttifaqı və bir çox digər müttəfiqlər kimi, Moskvaya, Prezident Vladimir Putinə və ailəsinə, Rusiya şirkətlərinə, milyarderlərə, hökumətin aparıcı rəsmilərinə sanksiyalar açıqlayıb.

Türkiyədə inflyasiya 70 faizə çatır

Türkiyədə bazar

Ötən ay istehlakçı indeksi 69.97 faiz artıb

Apreldə Türkiyədə illik inflyasiya 70 faizə yaxınlaşıb. Bu, qlobal enerji qiymətlərinin artması, lirənin zəifləməsinin ərzaq, nəqliyyat və digər vacib ehtiyacları bahalandırması fonunda baş verib.

Rəsmi statistika agentliyinin dərc etdiyi dataya görə, ötən ay istehlakçı indeksi 69.97 faiz artıb.

Ərzaq və alkoqolsuz içkilərin qiyməti bir il öncəylə müqayisədə 89 faiz, nəqliyyat qiymətləri isə 106 faizədək yüksəlib.

Bu rəqəmlər Türkiyədə 2002-ci ilin əvvəlindən ən yüksək inflyasiya həddidir. Müxalifət partiyaları hələ onların problemin real miqyasını əks etdirmədiyini deyir.

Bahalanma Prezident Receb Tayyib Ərdoğan və hakim partiyasından narazılığı gücləndirir. Amma Ərdoğan yüksək faiz dərəcəsinə qarşı çıxır. Mərkəzi bank ötən ilin sonunda faiz dərəcəsini bir neçə dəfə azaldıb.

Bu isə türk lirəsinin bir il öncəylə müqayisədə 40 faizədək dəyər itirməsinə səbəb olub.

ABŞ Bankı uçot dərəcəsini qaldırdı

ABŞ Federal Ehtiyat Sistemi

Federal Ehtiyat Sistemi və ya FED uçot dərəcəsini 50 bənd qaldıraraq 0.25-0.5 faizdən illik 0.75-1 faizə qaldırıb

ABŞ-ın mərkəzi bankı rolunu oynayan Federal Ehtiyat Sistemi və ya FED uçot dərəcəsini 50 bənd qaldıraraq 0.25-0.5 faizdən illik 0.75-1 faizə qaldırıb.

Mart ayında FED uçot dərəcəsini 25 bənd qaldırmışdı. Dərəcənin birdən-birə 50 bənd qaldırılması 2000-ci ildən bəri ilk dəfədir ki, baş verir.

Bu da xəbər verilir ki, maliyyə tənzimləyicisi uçot dərəcəsinin 2022-ci il ərzində daha 50 bənd qaldırılması məsələsini nəzərdən keçirir.

Federal Ehtiyat Sistemi habelə bildirib ki, iyulun 1-dən dövlət strukturlarının borc öhdəlikləri, dövlət istiqrazları və ipoteka ilə təmin olunmuş qiymətli kağızlar portfeli ixtisar olunacaq.

Xəbər verilir ki, FED-in bu elanından dərhal sonra birjadakı əsas indekslər enib, ardınca enişə uyğun tarazlanıb.

Məlumatda bildirilir ki, ABŞ-da iş yerlərinin artması və işsizliyin azalması davam edir.

Buna baxmayaraq koronavirus pandemiyasının nəticələrinə və enerji qiymətlərinin artımına görə inflyasiya yüksək olaraq qalır.

FED habelə bəyanatında Rusiyanın Ukraynaya müdaxiləsini xatırladır və bildirir ki, bu hadisənin ABŞ iqtisadiyyatı üçün nəticələri hələki naməlumdur.

Qeyd olunur ki, hərbi əməliyyatlar inflyasiya üzərinə gərginliyi artırır və bu səbəbdən iqtisadi fəallığın yavaşıyacağı gözlənilir.

ABŞ bankları bir-birilə qısamüddətli kreditləşməni FED-in uçot dərəcəsi əsasında aparırlar.

Uçot dərəcəsinin artırılması neft, qaz və metalların, habelə başqa malların qiymətlərinin düşməsi faktoru sayılır.

Stanislav Şuşkeviç 87 yaşında vəfat edib

(Soldan) Leonid Kravçuk, Stanislav Şuşkeviç və Boris Yeltsin, 8 dekabr, 1991-ci il

İxtisasca fizik olan Şuşkeviç 1991-ci ildə Belarus Ali Şurasının sədri seçilib. Elə həmin gün ölkənin adı Belarus Respublikası elan olunub

Müstəqil Belarusun ilk lideri Stanislav Şuşkeviç COVID-19-dan ağırlaşmadan vəfat edib.

Onun ölümü haqda həyat yoldaşı irina Telegram-da məlumat yayıb.

Belarus Ali Şurasının keçmiş sədri Şuşkeviç ötən ay koronovirusun omikron ştamından müalicə almağa başlamışdı.

İxtisasca fizik olan Şuşkeviç 1991-ci ildə Belarus Ali Şurasının sədri seçilib. Elə həmin gün ölkənin adı Belarus Respublikası elan olunub.

1991-ci il dekabrın 8-də Şuşkeviç Rusiya və Ukrayna prezidentləri Boris YeltsinLeonid Kravçukla birlikdə Belarusda Sovet ittifaqının dağılması haqda Belovej sazişini imzalayıblar.

Şuşkeviç 1994-cü il prezident seçkisində məğlubiyyətlə üzləşib. O, Alyaksandr Lukaşenka rejiminə qarşı çıxırdı. Amma son illər aktiv siyasi həyatda deyildi.

Ukraynada yol qəzasında azı 16 nəfər həlak olub

Hadisə yeri

Məlumata görə, yanacaq maşını, avtobus və bir avtomobil toqquşub, maşınlar alışıb

Mayın 3-də Ukraynanın qərbində avtobus yanacaq maşını ilə toqquşub, azı 16 nəfər həlak olub.

Rivne vilayətindəki qəzada daha 6 nəfər xəsarət alıb. Məlumatı Ukrayna Dövlət Polisinin mətbuat xidməti yayıb.

Məlumata görə, yanacaq maşını, avtobus və bir avtomobil toqquşub, maşınlar alışıb.

Mayın 3-də axşam Prezident Volodimir Zelenski gündəlik müraciətində Rivnedə “dəhşətli yol qəzası” baş verdiyini deyib.

O, ölənlərin sayının 17 olduğunu söyləyib, daha çox qurbanın ola biləcəyini sözlərinə əlavə edib.

Bu qəzanın Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə birbaşa əlaqəli olduğu görünmür. Zelenski müraciətində müharibəylə bağlılıqdan danışmayıb.

İsveçrə qəzeti 'Putinin oğulları'ndan yazır

Vladimir Putin idmançı Alina Kabayevanı Dostluq ordeni ilə təltif etdikdən sonra, 08 iyun 2001

İsveçrənin "SonntagsZeitung" qəzeti iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin 2015 və 2019-cu illərdə doğulmuş iki oğlu var. Yazıda uşaqlardan birinin İsveçrədə doğulduğu bildirlir.

Nəşrin məlumatına görə, bu uşaqları keçmiş olimpiya çempionu Alina Kabayeva dünyaya gətirib və bir çox Qərb mediası son vaxtlar onun Putinlə yaxınlığı barədə yazıb.

İsveçrə qəzeti mənbə kimi hər iki doğuşu qəbul etdiyi bildirilən həkimin tanışına istinad etdiyini vurğulayır.

Qəzet yazır ki, mənbə dostununun və həkimin adının aıqlanmamsını xahiş edib.

Məqalədə bildirilir ki, Putinlə gənclik illərində tanış olan həkim çoxdan İsveçrəyə mühacirət edib.

Mənbə bildirir ki, hər şeyin gizli saxlaması üçün 2015-ci ildə körpənin doğulduğu yer İsveçrənin Luqano şəhəri seçilib. Amma bu, tamamilə uğurlu olmayıb: Kabayevanın bir oğlan dünyaya gətirməsi (bəzi məlumatlara görə, əkizlər, bu, SontaggsZeitung-a görə, doğru deyil) sonra bir sıra media orqanları tərəfindən xəbər verildi. Sonra Putinin ata ola biləcəyi ilə bağlı fərziyyələr səsləndi. Kremlin sözçüsü Dmitri Peskov o vaxt bunu təkzib edib.

Dörd il sonra Alina Kabaeva yenidən ana olub, lakin bu dəfə Moskvada. Bir mənbənin dediyinə görə, bu, "prezidentin qərarı" idi.

İddia olunur ki, hər iki hamiləlik zamanı Kabayeva bir neçə dəfə Luqanoya baş çəkib, lakin Putin onun yanında olmayıb.

Bu yaxınlarda The Wall Street Journal da yazmışdı ki, Kabayeva İsveçrədə çox vaxtını "hündür divarları və helikopter meydançası olan" malikanədə keçirib. İsveçrə nəşri Kabayevanın və ya Putinin nümayəndələrindən heç birinin şərh almayıb.

“The Wall Street Journal”ın bu həftə anonim mənbələrə istinadən yazdığı məqalədə qeyd olunur ki, ABŞ Milli Təhlükəsizlik Şurası bu yaxınlarda Kabayevaya qarşı sanksiyaları dayandırıb. Məlumatda o da vurğulanır ki, Amerikanın yüksək rütbəli məmurları Rusiya prezidenti Vladimir Putinin reaksiyasından və Rusiya ilə münasibətlərin daha da kəskinləşməsindən ehtiyat edibdilər. Məqalədə iddia olunur ki, idmançı Kabayeva Putinin uşaqlarının anası ola bilər.

Bundan əvvəl ABŞ və digər Qərb ölkələri Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq ediblər. Bildirlir ki, sanksiya siyahısına düşən iki xanım Rusiya prezidentinin birinci nigahından olan qızlarıdır.

Kreml faktiki olaraq belə olduğunu etiraf edərək, sanksiyalarla bağlı xəbərlərə cavab olaraq Qərbi rusiyalı siyasətçilərin ailə üzvlərinə məhdudiyyətlər qoyduğuna görə qınayıb. Eyni zamanda, Qərb ölkələri Putinin “böyük uşaqları”na qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıblar. Buradan belə qənaətə gəlmək olar ki, Putinin sanksiyalar tətbiq olunmayan azyaşlı uşaqları da var.

Kreml heç vaxt Putinin övladları ilə bağlı hər hansı xəbəri ətraflı şərh etməyib, məsələni ictimai maraqların bir hissəsi kimi tanımaqdan imtina edib. Eyni zamanda Putin nəvələrinin olduğunu deyib. Prezidentin digər iddia edilən qızı, 18 yaşlı Yelizaveta Krivonoqixin anası Svetlana Krivonoqix də sanksiya siyahısına daxil edilməyib.

Palmar: 'Azovstal'ın bunkerindən 20 nəfər təxliyə edilib

Mariupol, "Azovstal" zavodu 25 aprel 2022

İtaliya mətbuatının yazdığına görə, Mariupoldakı mülki insanların təxliyyə olunması ilə bağlı Roma Papasının bir müddət əvvəl üç dəfə Moskvaya etdiyi müraciətinə müsbət cavab verilməyib.

İki aydan bəri Rusiya ordusu tətəfindən mühasirədə saxlanılan Mariupoldakı "Azovstal" metallurgiya zavodunun sığınacağından şənbə günü 20 nəfər təxliyyə olunub.

Bu barədə elə zavodun sığınacağında Rusiya ordusuna müqavimət göstərən "Azov" alayının komandir müavini Svyatoslav Palamar videomüraciətində məlumat verib.

Onun sözlərinə görə, Azovstal ərazisində bir müddət “səssiz rejim” fəaliyyət göstərib. Bu da bir neçə qadın və uşağın zavodun ərazisindən çıxarılmasına imkan yaradıb.

Palamar ümid etdiyini bildirib ki, təxliyə olunanlar razılaşdırılmış istiqamətə - Ukraynanın nəzarətində olan Zaporojyeyə aparılıb.

Rusiyanın “RİA Novosti” və TASS xəbər agentlikləri “Azovstal”dan 25 mülki şəxsin, o cümlədən altı uşaqın təxliyyə olunduğunu bildiriblər. Teleqram kanalları bundan əvvəl BMT və Qırmızı Xaç nümayəndələrinin iştirakı ilə Mariupol yaxınlığında mülki əhalinin zavoddan təxliyyəsi ilə bağlı danışıqlara başlandığını yazıblar. Kiyev məlumatı təsdiqləməyib.

Aprelin 26-da BMT-nin baş katibi Antonio Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlardan sonra Rusiya tərəfi bəyan edib ki, Putin Mariupoldan mülki əhalinin çıxarılmasının təşkilində BMT və Qırmızı Xaç Cəmiyyətinin iştirakına razılıq verib.

İtaliya mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Roma Papası Fransisk diplomatik kanallarla humanitar dəhliz təşkil etmək xahişi ilə Moskvaya üç dəfə müraciət edib. Mariupoldan olan mülki vətəndaşları və hətta Vatikan gəmisində dəniz yolu ilə evakuasiya təşkil etməyi təklif edib. Amma iddia olunur ki, Rusiya hər üç dəfə Fransisin nümayəndələrinə insanların zavoddan təhlükəsiz çıxışına zəmanət vermədiyini deyib.

Verilən məlumatlara görə, metallurgiya zavodunun ərazisi istisna olmaqla Mariupol şəhəri Rusiya ordusunun nəzarətindədir. "Azovstal" metallurgiya zavodu ərazisi isə Ukraynanın “Azov” batalyonunun nəzarətində qalır. Zavodun sığınacağında hərbçilərdən başqa, bir neçə yüz yaralı, həmçinin uşaqlı mülki vətəndaşlar var. Zavodun ərazisində dəqiq neçə nəfərin qaldığı bəlli deyil.

Ukrayna israr edir ki, zavodda olan hər kəs Kiyevin nəzarətində olan əraziyə təxliyə olunsun. Rusiya hakimiyyəti hərbçilərin təslim olmasını, mülki şəxslərinsə rus qoşunlarının və ya separatçıların nəzarətində olan əraziyə getməsini istəyir. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Putinlə bu yaxınlarda söhbətində Mariupolun tam nəzarətə götürüldüyünü deyib. Azovstalın ələ keçirilməsinə isə bir neçə gün lazım olacağını bildirib. Prezident buna cavab olaraq zavodun sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.

Mariupol rəsmilərinin məlumatına görə, rus qoşunlarının şəhərə genişmiqyaslı hücumu nəticəsində indiyə qədər 20 mindən çox sakin həlak olub.

Rusiyanın Ukraynaya silahlı müdaxiləsi prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-də başlayıb. Kiyev Moskvanı mülki infrastrukturu məqsədyönlü şəkildə məhv etməkdə ittiham edir. Rusiya tərəfi yalnız hərbi obyektlərə hücum etdiyini iddia edir. BMT-nin son məlumatlarına görə, müharibə başlayandan bəri 200-dən çoxu uşaq olmaqla, üç minə yaxın mülki ukraynalı həlak olub. Üç mindən çox insan yaralanıb. Təşkilatın hesabatında qeyd edilir ki, mülki əhalinin ölüm və xəsarət almasının əsas səbəbi artilleriya atəşi, raket və hava zərbələri, çoxsaylı reaktiv yaylım atəşi sistemi ilə atəşə tutulmasıdır.

Pentaqon Putini 'azğınlıq' və 'qəddarlıqda' ittiham edir

Putin

Con Kirbi hesab edir ki, Ukraynada baş verənlərə əxlaqlı bir insanın, tədbirli və yetkin bir liderin haqq qazandıra biləcəyini düşünmək çətindir

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi aprelin 29-da keçirdiyi brifinqdə Vladimir Putinin Ukrayna ilə bağlı siyasəti haqqında kəskin danışıb.

Xüsusilə, o, Rusiyanın ABŞ və Qərb ölkələrinin təhdidləri, habelə Ukraynadakı nasistlərlə bağlı bəyanatlarını “qəribə” və “absurd” adlandırıb.

Kirbi hesab edir ki, bu vəziyyətdə Rusiyanın özü təcavüzkardır.

“Bu ritorikanı onun (Vladimir Putinin) əslində Ukraynada etdikləri ilə uzlaşdırmaq çətindir: günahsız insanlar başının arxasından güllələnir, əlləri arxadan bağlanır, hamilə qadınlar öldürülür, xəstəxanalar bombalanır. “Demək istəyirəm ki, bu, sadəcə olaraq həyasızlıqdır”.

Kirbi Putini “azğınlıq” və “qəddarlıq”da günahlandıraraq, əlavə edib ki, onun üçün Ukraynada baş verən hadisələrə nəzər salmaq və əxlaqlı bir insanın və tədbirli, yetkin bir liderin buna haqq qazandıra biləcəyini düşünmək çətindir.

“Mən onun psixologiyası haqqında danışa bilmərəm, amma düşünürəm ki, hamımız onun pozulmasından danışa bilərik”, - Con Kirbi bildirib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun Rusiyaya qarşı bəyanatlarını “Ukrayna hakimiyyətinin ədəbsiz yalanlarına” əsaslanaraq “təhqiredici” və “qəbuledilməz” adlandırıb.

Antonovun sözlərinə görə, ABŞ Kiyev rejiminin cinayətlərini hiss etmir.

2022-ci ilin martında ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini bildirib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının bu cür ritorikasını qəbuledilməz və bağışlanmaz” adlandırıb.

Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisinə soxulub və hələ də müharibə davam edir. Amma rəsmi Moskva Rusiya ordusunun Ukraynaya hərbi təcavüzünü müharibə deyil, "xüsusi əməliyyat" adlandırır. Ölkədə bunun əksin deyənlərə qarşı isə cinayət işi açılır.

Filtrasiya düşərgəsində bir gəncin iki Rusiya əsgərindən eşitdikləri: 'On nəfəri gülələdim və daha sonra saymadım - maraqlı deyildi'

Ukraynadan olan məcburi köçkünlər Polşa sərhəddində

Mariupolun otuz mindən çox sakini Rusiya filtrasiya düşərgələrindən keçib. Belə məlumatları Donetsk Regional Hərbi Administrasiyası təqdim edir.

Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisovanın sözlərinə görə, Mariupol yaxınlığında Rusiyaya məxsus dörd belə düşərgə var.

Rusiya Federasiyasının hərbi və xüsusi xidmət orqanları uzun sürən dindirmələr, sənədlərin yoxlanılması və döymələrin yoxlanılması zamanı qaçqınlar arasında ukraynalı dövlət qulluqçuları, hərbçilər, SBU və polis əməkdaşlarını axtarırlar. Sorğu-suallardan keçə bilməyənlərin taleyi məlum deyil.

Ukrayna hakimiyyətinin fikrincə, “etibarsızların” bəziləri Sibirə və ya Uzaq Şərqə deportasiya edilir.

"Nastoyashcheye Vremya" 17 yaşlı Mariupol sakini ilə danışa bilib. O, ailəsi ilə birlikdə “süzgəcdən” keçib, sonra Kiyevin nəzarətində olan əraziyə çıxıb.

-Filtirasiya düşərgəsi qəsəbə deyil. Sadəcə yüzlərlə maşından ibarət bir cərgə var idi. Heç tualetə də gedə bilmirsən. Ayaqların şişir, bütün bədənin ağrıyır. Biz iki gün, iki gecə qaldıq. Dedilər ki, filtrasiya 14 yaşından başlayır. 12 yaşlı bacım və anam maşında qaldı. Atamla mən bu filtrasiyaya gedəndə başa düşdüm ki, mənim üçün çox çətin olacaq. Ukraynadan necə imtina edə bilərəm? İki əsgərin söhbətini heç vaxt unutmayacağam:

-Filtrdən keçməyən insanlarla bağlı nə etdin?

- On nəfərini gülələdim və daha sonra saymadım - maraqlı deyildi.

-Məni birinci əməliyyat otağına buraxdılar. Sənədləri götürdülər, skan etdilər, barmaq izlərini götürdülər. Eyni zamanda mobil telefon yoxlanıldı. Otaqda silahlı beş əsgər var idi və mən tək idim. Cox qorxulu idi. Döşəkdə uzanmış əsgər: "Bəyənmirsən? Qabaqda daha çox qadın olacaq. Bir şey taparıq" deyəndə ayaqları boşalmağa başladı. Mən onların xoşuna gəlmədim və məni sadəcə qovdular. Atamın yerində gözləməyə icazə vermədilər.

Dedilər ki, Berdyanska gedin. Orada atam filtrasiyadan necə keçdiyini söylədi. Ən xoşagəlməz sullar veriblər ona. Həm də təkcə hökumət haqqında deyil, Ukrayna və bütün vəziyyət haqqında. O, nə edir və bundan sonra nə etməyi planlaşdırır? Və hətta: "Niyə qulağını kəsmirsən?" Telefonda yoxlamaq üçün heç bir əsas olmadığını, hətta SİM kartın da olmadığını anlayanda onun kim olduğunu soruşmağa başlayıblar. Atamın dedikləri onların xoşuna gəlməyib. Onu itələməyə başlayıblar, başına ağır bir şeylə vurublar. Sonra nə olub, atam xatırlamır. O küçədə oyanıb.

17 yaşlı Mariupol sakininin dediyinə görə, Berdyanskdan Zaporojyeyə gedən yolda Rusiya ordusunun qurduğu 27 nəzarət-buraxılış məntəqəsindən keçiblər. Hamısı eyni idi.

Ukrayna bayrağını görəndə gözlərimizə inanmadıq. Atam dedi ki, bu növbəti təxribat ola bilər. Sakit və səbirli olmalısan. Keçid məntəqəsində atam səssizcə maşını göstərdi. Başqa bir filtrasiya düşərgəsindən qorxduq. Amma bizim qeydiyyatımızı görüb soruşmağa başladılar:

"Mariupol sakinləri, orda nə var? Hansı dəhşətləri yaşadınız?" – biz başa düşdük ki, bunlar bizimkilərdir, biz artıq öz torpağımızdayıq. İşğalçı belə gözəl ukrayna dilində danışa bilməz.

Onların şevronlarını gördük, formalarını gördük. Orada hətta səma da fərqli idi. Təmiz idi. Partlayışlar səbəbindən yuxarı sıçrayan və havada qalan o tozların heç biri yox idi. Həyatımızı yaxşılaşdıracağımıza ümidimiz var. Bütün bu dəhşətlərdən sonra biz buna layiqik. Biz həqiqətən yaşamaq istəyirdik.

Ukrayna Ombudsmanın hələ aprelin 17-də verdiyi məlumata görə, müharibə başlayandan indiyə qədər 808 min ukraynalı zorla Rusiyaya aparılıb, onlardan 153 mini isə uşaqlardır.

Müharibə şərəitində rəsmi şəxslərin açıqladığı bu rəqəmləri tez bir zamanda təsdiqləmək və təkzib etmək olduqca çətindir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Moskva bu hücumu müharibə deyil, Ukraynada xüsusi əməliyyat adlandırır. Bunun əksini deyənlər isə cəzalandırılır.

Mariupolda son vəziyyət

Ukrayna, Mariupol şəhəri, 24 aprel 2022

“Azovstal” səhra xəstəxanasına endirilən aviazərbələr nəticəsində yaralananların sayı 170 nəfərdən 600 nəfərə çatıb. Bu barədə Mariupol meri Vadim Boyçenkoya istinadla məlumat yayılıb.

Ukrayna media mərkəzində keçirdiyi brifinqdə mer deyib ki, Rusiya qoşunlarının genişmiqyaslı hücumu başlayandan bəri şəhərdə 20 mindən çox sakin həlak olub.

Boyçenkonun sözlərinə görə, “Azovstal” zavoduna sığınan mülki adamların demək olar ki, nə suyu, nə qidası, nə də dərmanı qalıb.

"Mariupoldan çıxmağı bacaran yerli sakinlər deyirlər ki, bu şəhər cəhənnəmdir. Azovda isə vəziyyət daha da pisdir. Yemək, su, dərman demək olar ki, yoxdur. İnsanlar xilas üçün yalvarırlar. Zaman günlərlə yox, saatlarla keçir"-Boyçenko bildirib.

Onun sözlərinə görə, 300-ə yaxın şəhər sakini əvvəlcə Azovstal bomba sığınacaqlarında gizlənib, lakin sonra onlara Rusiyanın bombardmanlarından ən çox zərər çəkən şəhərin sol sahilindən olan qaçqınlar da qoşulub.

Hazırda zavodda nə qədər mülki vətəndaşın olduğu dəqiq məlum deyil.

"Çoxlu sayda qadın, uşaq, qoca evakuasiya olunmağı gözləyənlərdir. Biz bütün beynəlxalq ictimaiyyətdən səy göstərmələrini xahiş edirik. Və ümid edirik ki, davam edən prosedurlar və danışıqlar nəticə verəcək və insanlar xilas olacaq", - Boyçenko bildirib.

Davamı

XS
SM
MD
LG