Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

Azərbaycan və Türkiyə prezidentləri görüşüb


R.T.Ərdoğan və İ.Əliyev

Bu gün, oktyabrın 31-i Azərbaycan dövlət başçısı İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Vurğulanıb ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmlidir.

Prezidentlər həmçinin bildiriblər ki, yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun qlobal əhəmiyyəti var.

Söhbət zamanı ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə prezidenti oktyabrın 30-da Azərbaycana gəlib. O, elə həmin gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə iştirak edib.

Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib

Bu gün, oktyabrın 31-i Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da toplantıda iştirak edib.

Prezident İ.Əliyev toplantıda deyib ki, türkiyəli həmkarı ilə təkbətək görüşdə bir sıra məsələləri müzakirə ediblər:

«Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni, gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir».

Türkiyə prezidenti R.T.Ərdoğan da birgə əməkdaşlıqdan danışıb:

«Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik».

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Bu gün, oktyabrın 31-i ölkə başçıları İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın görüşündən sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib.

Prezidentlər Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının protokolunu imzalayıblar.

Ardınca Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İki ölkə hökumətləri arasında preferensial ticarət sazişinin imzalanmasına dair anlaşma memorandumunu isə iqtisadiyyat nazirləri Şahin MustafayevNihat Zeybekci imzalayıb.

Azərbaycanla Türkiyə hökumətləri arasında həmçinin, müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi də imzalanıb.

Yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq sazişini isə xarici işlər naziri Elmar MəmmədyarovMövlud Çavuşoğlu imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG