Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

'Heç olmasa, seçkilər dövründə partiyaların fəaliyyətinə imkan verin'-Media icmalı


Supermarket
Supermarket

Bakı-Tbilisi- Qars dəmir yolunun əhəmiyyəti, bahalaşmanın səbəbləri və siyasi partiyalarla bağlı qanuna nəzərdə tutulan dəyişikliklər bu gün medianın (31 oktyabr 2017-ci il) aparıcı mövzularındandır...

İSTEHSAL ARTIRILMALIDIR…

«Exo» qəzetində «Azərbaycan mallarının xaricə ixracı ölkədə qiymət bahalığına səbəb olur?» sualına cavab axtarılır. Müəllif ölkədə mal və məhsulların bahalaşmasının səbəblərini ekspertlərlə müzakirə edir.

«Hər şey indiki kimi qalsa, daxili bazarda yerli məhsulların həcmi azalacaq, idxalın payı isə artmaqda davam edəcək», - deyə ekspertlər qəzetə bildiriblər.

Yazıda vurğulanır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 187 ölkə ilə ixrac-idxal əməliyyatları həyata keçirib. Faktiki ifadədə ötən illə müqayisədə ixrac artıb. Müəllif vurğulayır ki, müsbət saldo 2 milyard dollardan çoxdur:

«Ola bilsin, istehsalçılara məhsulları yerli bazarda satmaqdansa, xarici bazarlarda satmaq daha faydalıdır. Amma nəticədə ölkə bazarında az həcmdə məhsul qalır, bu qiymət artımına səbəb olur. 2015-ci ildən inflyasiya nəzarətdən çıxıb».

Ekspertlər xatırladırlar ki, məmurlar ölkədə bahalaşmanın olmayacağı haqqında vədlər verib. Amma ət, süd məhsulları bahalaşmaqda davam edir.

Ekspertlər hesab edirlər ki, ixracda faktiki artım məhsuldarlığın çoxalması ilə bağlı deyil. Sadəcə daxili bazara maraq itib.

Yazıda vurğulanır ki, heç də hansısa məhsulların ixracına kvota tətbiqi nəzərdə tutulmur. Onlar çıxış yolunu reallıda daxili istehsalın artırılmasında görürlər. Ekspertlər hesab edirlər ki, bu məsələyə inzibati müdaxilə müsbət nəticələr verə bilməz.

Bakıda etiraz aksiyası
Bakıda etiraz aksiyası

QANUNLARIN SƏRFƏLİ ÜZÜ...

«Novoye Vremya» qəzetində «Alqoritmi pozmaq olmaz: hüquqi məsuliyyəti hamı daşımalıdır» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, Azərbaycanda prezident seçkisinə bir il qalsa da, ölkənin siyasi landşaftı hələ də müəyyən deyil:

«Yeri gəlmişkən, bizdə nə seçkilər ərəfəsində, nə də seçki olmayanda siyasi həyatda fəallıq müşahidə edilir. Amma deputatlar bir çox siyasi qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq üçün partiyalarla bağlı qanunlara dəyişiklik etməyə vaxt tapırlar».

Yazıda bildirilir ki, bununla bağlı növbəti təkliflər paketi hazırlanır. Orada partiyaların maliyyə mənbələri və xərcləri sahəsində şəffaflığın artırılması öz əksini tapıb. Müəllif hesab edir ki, şəffaflığın artırılması istiqamətində bütün cəhdlər təqdirəlayiqdir. Amma qanun qarşısında hamı bərabərdir:

«Digər tərəfdən, heç kəsə sirr deyil ki, ölkənin əksər partiyalarının maliyyə durumu acınacaqlıdır. Maliyyə yoxluğu fəal siyasi mübarizəyə imkan vermir. Yəni, hesabatlılıq məsələsində maliyyə problemləri olmayan siyasi qüvvələrə, o cümlədən hakim partiyaya və ətrafındakılara xüsusi diqqət yetirilməlidir».

Yazıda vurğulanır ki, hakim Yeni Azərbaycan Partiyasının maliyyə imkanları qeyri-məhduddur. Müəllif onun mənbələrinin aydınlaşdırılmasını vacib sayır:

«Aydındır ki, bu üzvlük haqları ilə bitmir. Burada vergi ödəyicilərinin vəsaitlərinin iştirakı da mümkündür. Heç olmasa, seçkilər dövründə partiyaların fəaliyyətinə imkan verilməlidir. Odur ki, deputatlar qanunların ayrı-ayrı müddəalarına yox, tam şəkildə özünə hörməti tələb etməlidirlər».

Müəllif hesab edir ki, belə məsələdə ayrıseçkilik etmək yolverilməzdir.

Yazıda bildirilir ki, partiya və siyasi təşkilatlardan bəziləri illərdir qeydiyyat problemləri ilə üzləşiblər.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı

QLOBAL LAYİHƏ

«Azərbaycan» qəzetində «BTQ ölkələri bir-birinə yaxın edən qlobal layihədir» sərlövhəli yazı yer alıb.

Yazıda oktyabrın 30-u rəsmi açılışı edilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən bəhs edilir.

Müəllif Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə çəkilən bu xətti Avropa ilə Asiya arasında yolları qısaldan, tarixi İpək Yolunun əhəmiyyətini artıran layihə adlandırır.

Yazıda bildirilir ki, layihənin işə düşməsi münasibətlə oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimə Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Özbəkistanın dövlət və hökumət rəhbərləri qatılıblar.

Müəllifə görə, BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi qlobal əhəmiyyətə malik tarixi hadisədir. Yazıda dövlət başçısı İlham Əliyevin mərasimdəki çıxışından sitat da gətirilir:

«Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik».

Yazıda BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı ilə müqayisə edilir. Müəllifin fikrincə, bu dəmir yol xəttinin istismara verilməsi ilk növbədə tarixi İpək Yolunun bərpası yönündə atılan ən mühüm addımdır.

XS
SM
MD
LG