Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:56

Trump-ın keçmiş kampaniya rəhbəri özünü təqsirli bilmir


Paul Manafort
Paul Manafort

-

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort və onun biznes şəriki Rick Gates onlara verilmiş ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Hər iki şəxs Ukraynada fəaliyyətləri zamanı Birləşmiş Ştatlara qarşı dələduzluqda suçlanırlar.

Manafort-la Gates oktyabrın 30-da Vaşinqtonda federal məhkəmə qarşısına çıxarılıblar. Hakim onları ev dustaqlığına məhkum edib, Manafort üçün 10 milyon, Gates-ə 5 milyon dollarlıq girov təyin edib.

Manafort və Gates-ə qarşı federal andlılar məhkəməsi tərəfindən ABŞ-a qarşı qəsd də daxil olmaqla 12 epizod üzrə cinayət işi qaldırılıb. Bu ittihamlara çirkli pulların yuyulması, qeydiyyatsız xarici agent kimi fəaliyyət, sənədlərin saxtalaşdırılması və sair daxildir.

Oktyabrın 30-da açıqlanmış məhkəmə sənədləri onu da göstərib ki, Trump-ın seçki kampaniyasının keçmiş xarici siyasət müşaviri, iyulda həbs olunmuş George Papadopoulos özünü təqsirli bilib. O, Rusiyayla əlaqələrinə dair Federal Təhqiqat Bürosuna (FBI) yalan danışmaqda suçlanır.

*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbərinə qarşı ittiham irəli sürülüb

İTTİHAMNAMƏ

Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı istintaqı xüsusi müşavir Robert Mueller aparır. Oktyabrın 30-da baş verənlər bu istintaqda ciddi dönüş sayılır.

“Bu günkü açıqlamaların prezidentə, onun seçki kampaniyasına heç bir dəxli yoxdur”, – Ağ evin sözçüsü Sarah Sanders brifinqdə deyib. Onun sözlərinə görə, ittihamnamədə Trump-ın kampaniyasıyla Rusiya arasında əməkdaşlığa dair heç bir dəlil yoxdur.

Manafort-la Gates-ə qarşı ittihamnamədə deyilir ki, onlar Ukraynanın rusiyapərəst keçmiş prezidenti Viktor Yanukovych üçün işləyərək “on milyonlarla dollar gəlir əldə ediblər”. Yanukovych 2014-cü ildə Avropaya inteqrasiyanı dəstəkləyən etirazlar nəticəsində devrilib və Rusiyaya qaçıb.

İttihamnamədə o da iddia olunur ki, “Ukraynadan aldıqları pulları ABŞ hakimiyyətindən gizlətməkdən ötrü” Manafort və Gates 2006-2016-cı illərdə həmin pulları ABŞ-da hesablar, xarici korporasiyalar, tərəfdaşlıqlar və bank hesabları vasitəsiylə yuyublar. Onların həmçinin Ukrayna siyasi partiyaları üçün fəaliyyətlərini və qazanclarını gizlətdikləri bildirilir.

*** Buna da bax: ABŞ-ın baş prokuroru Rusiya barədə suallara ‘doğru’ cavab verdiyini deyib

“BÖYÜK PARTLAYIŞ” XƏBƏRDARLIĞI

Manafort və Gates-in dünən hakimiyyətə təslim olması, ev dustağına çevrilmələri konqresmenlərin də reaksiyasını doğurub.

Senatın ədliyyə komitəsinin aparıcı üzvü, demokratlardan senator Dianne Feinstein deyib ki, Trymp Mueller-i işdən çıxarmağa cəhd edərsə, bu, “ölkənin qaldıra bilməyəcəyi böyük partlayış” törədər.

Trump bir müddət öncə FBI rəhbəri James Comey-i vəzifəsindən kənarlaşdırmışdı.

ABŞ kəşfiyyat rəsmiləri yanvarda belə bir qənaətə gəliblər ki, Rusiya prezidenti Vladimir Putin ötən il ABŞ-da seçki kampaniyasına “təsir göstərmək” göstərişi verib, məqsəd ABŞ demokratiyasına inamı sarsıtmaq, Trump-ın rəqibi Hillary Clinton-un nüfuzu zədələmək, Trump-a kömək etmək olub.

Rusiya bu iddiaları rədd edib, Trump da Rusiyayla hər hansı əməkdaşlığa gedilmədiyini bildirib.

XS
SM
MD
LG