Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

173 manata yaşamaq-Media icmalı


Yaşayış. Karikatura
Yaşayış. Karikatura

Bakı metropoliteninin müasirləşməsi, vətəndaşın maarifləndirilməsi və yaşayış minimumunun artırılmasının ərzağın bahalaşmasına adekvat olub-olmaması bu gün (27 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

AZI 300-400 MANAT LAZIMDIR

«Exo» qəzetində «173 manata ancaq mövcud olmaq olar...» sərlövhəli yazı oxumaq olar.

Yazıda gələn il yaşayış minimumunun artırılması məsələsi ərzağın bahalaşması kontekstində ekspert Nəriman Ağayevlə dəyərləndirilir.

Yazıda bildirilir ki, son bir ildə ərzağın 18 faiz bahalaşması fonunda hökumətin də yaşayış minimumunu 18 faiz yüksəldəcəyi gözlənilirdi. Əvəzində isə yaşayış minimumu cəmi 11.6 faiz artmalıdır.

«İllik inflyasiya göstəricilərindən irəli gələrək, hökumət yaşayış minimumunu ən azı 14 faiz artırmalı idi. Dövlət Statistika Komitəsi illik inflyasiyanın 13.9 faiz həddində olduğunu, ərzağın 18.2 faiz bahalaşdığını bildirir. Qeyri-rəsmi informasiyalara görə isə, inflyasiya 20 faizə yaxındır. Belə halda ən azı rəsmi inflyasiya səviyyəsində artım olmalı idi», - N.Ağayev qəzetə deyib

Ekspert vurğulayıb ki, Bakıda bir şəxsin yaşaya bilməsindən ötrü ən azı 400, regionlarda isə 300 manat aylıq maaşa ehtiyac var. Onun fikrincə, 173 manat yaşayış minimumu isə ancaq mövcud olmağa yetər.

N.Ağayev xatırladıb ki, rəsmilər ölkədə əhalinin cəmi 5 faizinin yoxsul olduğunu deyir. Ancaq onun fikrincə, bu rəqəm heç də inandırıcı görünmür:

«Unutmaq olmaz ki, 2018-ci ildə büdcə kəsiri kifayət qədər yüksəkdir. Dövlətin durumu düzəltmək imkanı və xüsusilə yaşayış minimumunu 20 faiz qaldırmaq gücü yoxdur. Hökumət də başa düşür ki, 2018-ci ildə də xammalın qiyməti artmayacaq, odur ki, neft sahəsinə investisiya da artmayacaq. Buna görə də sosial xərclər də daxil olmaqla, bütün xərcləri maksimum şəkildə azaldır».

N.Ağayev vurğulayıb ki, 2018-ci ildə ölkənin xarici borclarını ödəməsi üzrə məsrəfləri artacaq.

Prezident seçkisi. 2013
Prezident seçkisi. 2013

NƏYİ BİLMƏK VACİBDİR

Azadliq.info saytında «Maariflənmə – bir qeyrət məsələsi» sərlövhəli yazı diqqət çəkir.

Müəllif Ataxan Əbilov yazır ki, Azərbaycan cəmiyyətinin üzləşdiyi problemlərin kökündə maariflənmə dayanır. Bu problemi yoluna qoymadan qabağa getmək çox çətin olacaq.

Müəllifin fikrincə, cəmiyyətin maariflənməsində ölkəni yönləndirənlər xüsusi rola malikdir:

«Təəssüf ki, avtoritar rejimli cəmiyyətlərdə yuxarıların maariflənməyə münasibəti pozitiv olmur. Azərbaycanda da bu belədir. Cəmiyyətimizdə yuxarıların maarifləndirməyə mənfi münasibətinin kökü sovet dönəmindən gəlir. O vaxtlar ictimai elmlər yalnız sovet ideologiyası üzərində qurulmalı idi. Alternativ fikrə yer yox idi. Qərbdən nə gəlirdisə, hər şey tənqid olunmalı idi. Buna görə də sovet rejimi təbiət elmləri ilə müqayisədə cəmiyyət elmlərin inkişafında maraqlı deyildi».

Yazıda vurğulanır ki, Azərbaycanda siyasət və ictimai işlərlə məşğul olmaq üzərində yazılmamış bir tabu hökm sürür. Müəllif daha sonra insanların bilməli olduğu məsələləri sadalayır:

«Azərbaycan insanı dərk etməlidir ki, onu yönləndirən hakimiyyətin mənbəyi onun özüdür. O, respublika üsul idarəsi ilə idarə olunan bir dövlətdə yaşayır. Bu dövlətin əsas məqsədi vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin etməkdir. Hakimiyyətin bir əldə cəmləşməsi yolverilməzdir. Heç bir əlamətdən asılı olmayaraq, hüquq və vəzifələrə münasibətdə hamı qanun qarşısında bərabərdir. Hakimiyyəti seçki yolu ilə dəyişdirmək mümkündür. Dövlət büdcəsi bir qrup harın məmurun yox, onun öz büdcəsidir...».

Bakı metrosu
Bakı metrosu

MÜASİRLƏŞƏN BAKI METROSU

«Azərbaycan» qəzetində «Ən yeni tarixin əsas inkişaf istiqamətləri» sərlövhəli yazı yer alır.

Yazıda Bakı metrosundakı yeniliklərdən bəhs edilir. Müəllif yeni xətlərin istifadəyə verilməsini və qatarların hərəkətlərinin müasir idarəetmə texnologiyaları əsasında tənzimlənməsini inkişaf göstəriciləri kimi təqdim edir:

«Metropolitenin mövcud infrastrukturunun inkişaf etdirilməsi, dərin özüllü stansiyalarda ikinci çıxışların istismara verilməsi ilə bağlı görülən işlər bu məsələlərin ən əhəmiyyətliləri arasında seçilir».

Yazıda bildirilir ki, bu işlər həm sərnişin təhlükəsizliyi, həm də xidmət səviyyəsinin yüksəldilməsi baxımından qiymətlidir.

Müəllif hesab edir ki, ötən müddət ərzində uzunmüddətli istismar şəraitində təmirə ehtiyacı olan stansiyaların da yeniləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. İstismar müddəti bitən eskalatorlar müasirləri ilə əvəz olunub.

Yazıda vurğulanır ki, avadanlıqların 71.3 faizi müasir standartlar və texnologiyalar həddinə çatdırılıb, bir çox stansiyalarının keçidləri yenidən qurulub.

Müəllifin fikrincə, son 3 il ərzində vaqon parkının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. Kənardan ehtiyat hissələrlə təchizat asılılığının azalmasına nail olunub:

«Hazırda 113 adda mexaniki detal və qovşaqdan 92-si metropolitenin öz bazasında hazırlanır. Ehtiyat hissələrlə təminat nəzarətə götürülərək təmir briqadalarının işi yenidən qurulub».

XS
SM
MD
LG