Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:33

Kataloniya şirkətlərini boykot edirlər


Barselonada etiraz aksiyası, 12 oktyabr, 2017-ci il
Barselonada etiraz aksiyası, 12 oktyabr, 2017-ci il

-

Kataloniyadan ərzağın, maşınların, digər məhsulları boykot çağırışı şirkətləri narahat etməyə başlayıb. “Frans Press” agentliyi yazır ki, boykotçuların məqsədi bu regionu separatçı hərəkətlərinə görə cəzalandırmaqdır.

“Onları ən çox incidən yerdən – pul kisəsindən vurmaq lazımdır”, – bir Twitter istifadəçisi #kataloniyaməhsullarınıboykotedək (#boycottcatalanproducts) həştəqiylə yazıb.

ÇƏKİNDİRİCİ ADDIM

“İspaniyanın parçalanmasını istəməyən biz ispaniyalılar iqtisadi mahiyyətli, çəkindirici addımlar ata bilərik”, – istehlakçıları Kataloniya məhsullarının boykotuna çağıran Facebook səhifəsində deyilir.

Oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra boykot çağırışları güclənib. Kampaniya Kataloniyanın kənd təsərrüfatı və ərzaq sektorlarını hədəfə alıb. İstehlakçıları, kava köpüklənən şərabını, Estrella Damm pivəsini, Vichy Catalan və Font Vella qablaşdırılmış sularını almamağa çağırırlar.

Kataloniyanın dərman bazarının, eləcə də Almaniyanın Volkswagen şirkətinin İspaniyadakı Seat filialının hazırladığı maşınlarının ziyan çəkəcəyi gözlənir.

Nestle və Unilever kimi xarici transmilli şirkətlərin Kataloniyada hazırladığı məhsullar da hədəfdədir. Mobil telefon apps-ləri istehlakçılara bu separatçı regiondan hansı məhsulların gəldiyini müəyyənləşdirməyə kömək edir.

BOYKOTUN TƏSİRİ

Ancaq agentlik yazır ki, bu boykot kampaniyasının təsir miqyasını ölçmək çətindir.

“Özəlliklə Madriddə bəzi müştərilərimiz daha az məhsul almağa başlayıblar”, – Rosell i Formosa şərab istehsalı şirkətindən Rosa Rebula agentliyə deyib.

Ancaq onun sözlərinə görə, trendin miqyası ancaq noyabrda bilinəcək, çünki Milad bayramı ərəfəsində kava şərabının satışı pik səviyyəyə qalxır.

Rebula deyib ki, bəzi müştərilər məhz siyasi səbəblərdən kava almağı dayandırdıqlarını söyləyiblər.

İspaniyanın ən böyük kava istehsalçısı olan Freixenet baş ofisini Kataloniyadan çıxarmağa çalışır. Şirkət satış rəqəmlərinin ilin sonuna əldə olunacağını bildirib.

Barselona Ticarət Palatası və Kataloniya sahibkarlar qrupları da, hələlik, bu kampaniyanın təsiri barədə rəqəmlər açıqlamayıblar.

Bəzi tanınmış fiqurlarsa sakitliyə çağırıblar. “Boykot dayandırılmalıdır, çünki bu kampaniyanın darmadağın etdiyi adamlar getdikcə daha çox İspaniyaya qarşı yönələcəklər”, – Avropa Parlamentinin Kataloniyadan olan keçmiş vitse-prezidenti Josep Borrell deyib.

ÖZ AYAĞINA ATƏŞ AÇMAQ

Bəziləri boykotun İspaniyanın qalan hissəsindəki şirkətlərə də ziyan vuracağını söyləyib.

Kataloniyada hazırlanan bəzi məhsullar üçün xammal ölkənin digər yerlərindən alınır. İspaniyanın şərqindəki Ekstremadura regionundan şirkətlər konfederasiyasını təmsil edən Francisco Javier Peinado “El Pais” qəzetinə deyib. “Hər dəfə Kataloniyadan hansısa məhsulu boykot edəndə öz ayağımıza atəş açmış oluruq”, – o, sözlərinə əlavə edib.

Kataloniyanın bəzi separatçılar isə baş ofislərini bu bölgədən çıxaran yüzlərlə şirkəti, böyük bankı boykot etməyə çağırıb. Ancaq bu çağırışı “gülünc” adlandıranlar var.

Kataloniya deputatları bu gün – oktyabrın 26-da iclas keçirəcəklər. Bu sessiyada regionun birtərəfli müstəqillik elan edəcəyi sarıdan qorxular var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG