Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Türkiyə 8 fəalı zaminə buraxır


Amnesty International-ın Türkiyə direktoru Idil Eser, arxiv fotosu

-

Oktyabrın 25-də Türkiyədə məhkəmə səkkiz insan haqları fəalını zaminə buraxıb. Terrorçuluq ittihamlarıyla məhkəmə önünə çıxarılan bu şəxslər arasında Amnesty International insan haqları təşkilatının ölkə direktoru da var.

11 təqsirləndirilənə ittihamlar sübuta yetirilsə, onları 15 ilədək həbs cəzası gözləyir. Bu məsələ Türkiyənin Avropayla münasibətlərini daha gərginləşdirib.

Buraxılanlar arasında Amnesty-nin Türkiyə direktoru Idil Eser, eləcə də Almaniya vətəndaşı Peter Steudtner və isveçli Ali Gharavi də var. “Reuters” agentliyi yazır ki, növbəti məhkəmə noyabrın 22-də olacaq və Steudtner-lə Gharavi-nin o vaxtadək Türkiyədən çıxmasına qadağa qoyulmayıb.

“XEYLİ RAHAT NƏFƏS ALDIQ”

Daha iki fəal məhkəmədən öncə zaminə buraxılmışdı. Amnesty-nin daha bir yerli filial sədri isə İzmirdə saxlanır, ona ayrıca separatçılıq ittihamı irəli sürülüb.

“Məncə, biz xeyli rahat nəfəs aldıq”, – bir neçə saat sonra İstanbul kənarındakı Silivri həbsxanasından çıxan Steudtner göz yaşları içində jurnalistlərə deyib.

11 nəfərin hamısı iyulda bir adada rəqəmsal təhlükəsizlik seminarında iştirakdan sonra saxlanıblar. Prokuror onları Kürd İşçi Partiyasına (PKK) və Amerikada yaşayan ilahiyyatçı Fethullah Gulen-in şəbəkəsinə kömək etməkdə suçlayır.

Almaniya qərarı alqışlayıb, ancaq Ankaranın insan haqlarına münasibəti sarıdan narahatlığının qaldığını da dilə gətirib.

“Bu ilk, həvəsləndirici addımdır”, – Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib və bir çox almanın Türkiyədə aydın olmayan səbəbdən saxlandığını sözlərinə əlavə edib.

“SADƏCƏ, İŞİMİ GÖRMÜŞƏM”

Amnesty-nin yerli direktoru Eser məhkəmədə deyib ki, işini gördüyünə görə saxlanıb.

“Seminara getməklə üç fərqli terror təşkilatına necə bağlandığımı anlaya bilmirəm. Peşman olacağım bir şey yoxdur. Sadəcə, insan haqları müdafiəçisi kimi işimi görmüşəm”, – o söyləyib.

Prokuror Amnesty-nin həbsdə aclıq edən şəxslərlə əlaqəsi olduğunu bildirərək iddia edib ki, təqsirləndirilənlərdən bəzilərinin ötənilki uğursuz çevriliş cəhdi zamanı kodlaşdırılmış mesajlaşma app-sini yükləmiş üsyançılarla əlaqəsi olub.

Digər təqsirləndirilənlər də özlərini günahsız biliblər.

Ötən ilin iyulunda baş vermiş çevriliş cəhdindən sonra 50 mindən çox adam həbsə atılıb. Avropalı müttəfiqləri prezident Recep Tayyip Erdogan-ın tənqidçilərini susdurmağa çalışmasından əndişələnirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG