Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:17

BBC İranda jurnalistlərinə təzyiqdən gileylənir


BBC-nin loqosu
BBC-nin loqosu

-

BBC BMT-yə İranda fars xidmətinə bağlı 150 nəfərin hesablarının dondurulmasından şikayətlənib və İran rejiminin hərəkətlərini “insan haqlarının məhdudlaşdırılması” adlandırıb.

BBC oktyabrın 25-də bildirib ki, İran bu addımı BBC-nin işçiləri, keçmiş əməkdaşları, onunla əməkdaşlıq edənlərə qarşı “cinayət təhqiqatı” çərçivəsində atıb, həmin şəxslərin İranın “milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərdiyi” iddia olunur.

İKİLİ VƏTƏNDAŞLIĞI OLANLAR HƏDƏFDƏ

Təhqiqata məruz qalanlar arasında Avstraliya, Avstriya, Kanada, Fransa, Almaniya, Britaniya, Birləşmiş Ştatlar və İran vətəndaşları da var.

“Bu, jurnalistləri BBC ilə işləməkdən çəkindirməyi hədəfləyən davamlı qısnama və təqib kampaniyası çərçivəsində son addımdır”, – BBC bildirib.

İranın BMT-dəki missiyasından dərhal şərh almaq mümkün olmayıb.

BBC hesabların dondurulduğunu ilk dəfə avqustda aşkarlayıb. Qərarı Tehranın Evin həbsxanasındakı məhkəmə çıxarıb. Qərarda saxlananların dekabrın 20-dək İranda nəsə satması, alması, yaxud mülkiyyət miras almasını yasaqlayıb. Həmin tarixədək istintaqın nəticəsi bilinməlidir.

HÖKUMƏTƏ ÇAĞIRIŞ

“BBC-nin fars xidmətinin əməkdaşları İrana qayıda bilmirlər, çünki saxlanma, dindirmə və həbs riskiylə üz-üzədirlər. Fars xidmətinin əməkdaşlarının çoxu illərdir ailələrindən uzaq salınıb və bir çox hallarda ölənədək sevdikləri şəxsləri görə bilməyiblər”, – şikayətdə deyilir.

BBC şikayətini BMT-nin ifadə azadlığı üzrə xüsusi araşdırıcısı David Kaye-yə göndərib. O, BMT-nin Nyu Yorkdakı qərargahında jurnalistlərə deyib ki, şikayəti alıb.

“Son iki gündə hökumətə çox ciddi narahatlığımızı bildirmişik. İran hökumətini BBC-nin fars xidməti əməkdaşlarının və ailə üzvlərinin təqibinə son qoymağa çağırırıq”, – o söyləyib.

2009-cu ildə İranda mübahisəli prezident seçkisindən sonra BBC-nin fars xidmətinin fəaliyyəti dayandırılıb. Ancaq BBC bir çox iranlının onun radio və televiziya proqramlarını izlədiyini bildirir. BBC həftəyə 18 milyon izləyicini əhatələdiyini qeyd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG