Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:10

'İqtisadi fəallıq azalır, vergilər çoxalır'-Media icmalı


Biznes
Biznes

Azərbaycanın D-8 təşkilatı ilə əməkdaşlığı, gələn ilin dövlət büdcəsi layihəsində vergi yükünün artırılması və bankların sağlamlaşdırılması bu gün (25 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

VERGİ YÜKÜ ARTIRILIR

«Yeni Müsavat» qəzetində «Gələn il sahibkarlar üçün ağır keçəcək-vergi yükü artırılır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinə görə, Vergilər Nazirliyi 7.907 milyard manat vergi toplamalıdır. Müəllif həmin məbləğdə vergi toplanılmasının reallığa uyğunluğunu ekspert Qubad İbadoğlu ilə müzakirə edib.

Yazıda bildirilir ki, sahibkarlar arasında vergi orqanlarının təzyiqlərindən şikayətlər çoxalıb. Qarşı tərəf isə vergilərin toplanması sahəsində problemlər yarandığını bildirir:

«İqtisadi fəallıq azaldığına görə sahibkarların durumu çətinləşib, dövriyyə öncə proqnozlaşdırılandan aşağı düşüb . Odur ki, nəzərdə tutulan vergilərin ödənməsi sahəsində problemlər yaranıb».

Q.İbadoğlu deyib ki, gələn il toplanması nəzərdə tutulan məbləğ bu ilin proqnozlarından 262 milyon manat, 2016-cı ilin faktiki icrası ilə müqayisədə isə 891 milyon manat çoxdur:

«Bu qədər artımla proqnoza əməl olunacağı qeyri-real görünür. Bəzi istiqamətlərdə hətta kiçik və orta sahibkarlıq üçün güzəştlərin edilməsi gözlənilir, kənd təsərrüfatı tamamilə vergidən azaddır. Belə görünür ki, gələn il əsas yük real sektorun üzərinə düşəcək».

Q.İbadoğlu hesab edir ki, vergi proqnozunun artırılması sahibkarlarla vergi orqanları arasında münasibətləri gərginləşdirə bilər:

«Vergilərlə bağlı proqnozun 76.2 faizi qeyri-neft sektorunun payına düşür, neft sektorunun payında isə ciddi azalma var. Bu isə SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin ilbəil azalması ilə bağlıdır. «Azəri-Çıraq-Günəşli» bloku üzrə yeni saziş imzalandığı üçün xarici şirkətlərin də ödəmələrində azalma olacaq».

Dollar
Dollar

BANKLAR DOLLARI «SEVİR»

«Novoye Vremya» qəzetində «Bank sektoru üçün xilas kəməri» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, hazırda bank sektorunun sağlamlaşdırılması hökumətin əsas vəzifələrindən biri olaraq qalmaqdadır. Müəllif hesab edir ki, bu sağlamlaşdırma 2018-2021-ci illəri əhatə etməlidir.

Yazıda vurğulanır ki, bank sisteminin qapalılığı bu sektorda bir sıra problemlər doğurub. Ciddi nəzarət olmadığından ölkənin maliyyə resursları hara gəldi xərclənib, banklara inam sarsılıb.

Müəllif yazır ki, banklar yenə də kreditləri xarici valyutada verməyi üstün tuturlar:

«Amma indiki çətinlikləri, manatın iki devalvasiyasından sonra bir çoxlarının çətinliklərə düşdüyünü nəzərə alaraq demək mümkündür ki, bankirlərin bu «tilov»una düşənlərin sayı çox olmayacaq. Buna görədir ki, xarici valyutada kreditlər 33 faiz azalıb».

Yazıda vurğulanır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası buna diqqət yetirməlidir. Müəllifin fikrincə, bankların xarici valyutada kredit təklif etməsi manata etimadsızlıq, milli valyutanın gözdən salınmasıdır.

Yazıda bildirilir ki, əgər yol xəritəsində bütün bunlar nəzərə alınmasa, bank sistemini sağlamlaşdırmaq mümkün olmayacaq.

D-8 sammiti
D-8 sammiti

ŞƏRQ İLƏ QƏRB ARASINDA

«Azərbaycan» qəzetində «Azərbaycan Şərq ilə Qərb arasında etibarlı dostluq və əməkdaşlıq körpüsü olmağa qadirdir» sərlövhəli yazı yer alıb.

Yazıda müsəlman dövlətlərinin İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-in bu günlərdə İstanbulda keçirilən IX sammitindən bəhs edilir.

Müəllifə görə, sammitdə diqqətçəkən məqamlardan biri Azərbaycanın bu qurumda təmsilçiliyinin gündəmə gəlməsi olub.

Yazıda D-8 təşkilatının yaradılması, fəaliyyəti barədə danışılır və IX sammitdə Azərbaycanın iştirakı xüsusi vurğulanır. Müəllif hesab edir ki, Azərbaycanın bu tədbirdə yer alması belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanla münaqişəyə cəlb edilsə də, beynəlxalq gücünü və nüfuzunu kifayət qədər artıra bilib.

Yazıda vurğulanır ki, sammitdə çıxış edən prezident İlham Əliyev Qarabağ münaqişəsi və beynəlxalq birliyin bu münaqişənin həllinə ciddi yanaşmaması barədə ətraflı məlumat verib.

Müəllif xatırladır ki, dövlət başçısı çıxışında Azərbaycanın İslam həmrəyliyinə ciddi önəm verdiyini söyləyib. Yazıda həmin çıxışdan belə bir sitat da verilir:

«Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz müsəlman dövlətləri üçün bənzərsiz bir nümunəyə çevrilir və D-8-in üzvləri ilə bir sırada durmağa mənəvi haqqı çatır».

Müəllif hesab edir ki, Azərbaycanın bu qurumda qonaq qismindən üzvlüyə keçməsi onun Şərqlə Qərb arasında etibarlı körpü olmasına və ümumilikdə təşkilatın güclənməsinə imkan verə bilər.

XS
SM
MD
LG