Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:39

«Bakı-Tbilisi-Qars dəmir yolu xəttində əvvəlcə yük daşınması həyata keçiriləcək. Bu xətt tam istifadəyə veriləndən sonra sərnişin daşınmasının da təşkili nəzərdə tutulur».

«Azərbaycan Dəmir Yolları» QSC-nin sözçüsü Sevinc Qədirova belə deyib. Onun bildirməsinə görə, oktyabrın 30-da dəmir yolu xəttinin təntənəli açılışı olacaq.

ƏVVƏLCƏ, YÜK DAŞIMALARI...

«Əvvəlcə yük daşınması həyata keçiriləcək. Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq. Bu nəqliyyat arteriyasına qoşulmaqla Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək», - deyən ADY sözçüsü dəmir yolu xətti tam istifadəyə verildikdən sonra sərnişin daşımalarının da həyata keçirilə biləcəyini ifadə edib.

SƏRNİŞİN DAŞINMASI DA NƏZƏRDƏ TUTULUR

«Bunun üçün yeni vaqonların alınması da gündəmdədir. «Azərbaycan Dəmir Yolları» ilə İsveçrənin «Stadler Rail Group» şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması haqqında müqavilə imzalanıb. Vaqonlar respublikaya gətiriləndən sonra iki sərnişin qatarının bu istiqamətdə hərəkəti planlaşdırılır», - o, bildirib.

S.Qədirova sərnişin daşımalarının qiyməti ilə bağlı sualları cavablamağın hələ tez olduğunu ifadə edib.

XATIRLATMA

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnib.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı il oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılması nəzərdə tutulub. Azərbaycan Gürcüstan tərəfinə də bu layihənin gerçəkləşməsi ilə bağlı borc verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG