Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 11:54

'Bahalı yağların qablaşdırılmasında karton sifarişi artıb'-Media icmalı


Bina
Bina

Dövlət-sahibkar münasibətləri, ipoteka kreditlərinin verilməsində durğunluq və bazarda saxta yağların artması bu gün (24 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

İPOTEKA KREDİTİ GÖTÜRƏN DƏ PEŞMANDIR, GÖTÜRMƏYƏN DƏ

«Novoye Vremya» qəzetində «Nəticə çıxarılacaqmı? İpoteka proqramında durğunluq» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, Azərbaycanda ipoteka kreditləşməsini uğurlu saymaq olmaz.

Yazıda vurğulanır ki, İpoteka Fondu səmərəsiz fəaliyyət göstərir.

Müəllif buna səbəb kimi həm bir tərəfdən potensial müştərilərin kredit almasına tələblərin həddən artıq ağırlığını, digər tərəfdən isə əhalinin ümumilikdə bu proqrama etimadsızlığını göstərir.

Yazıda bildirilir ki, ölkədəki bank qurumlarının kredit portfellərinin azalması və problemli kreditlər də bu sahəyə mənfi təsir göstərib:

«Baxmayaraq ki, İpoteka Fondu Mərkəzi Bank yanında yaradılıb. Yəni, maliyyə baxımından hətta böhranın şiddətli vaxtında problem olmamalı idi. Fondun kredit portfeli o qədər də yüksək deyil, 18 min nəfərdən bir qədər çox şəxs ipoteka krediti ala bilib».

Müəllif hesab edir ki, ipoteka kreditləri götürənlərin özləri də şərtlərin ağırlığından narazılıq edirlər. Yazıda bildirilir ki, illik kredit bəzi hallarda 8 yox, 10-12 faizlə verilir. İlkin ödəniş banklardakı kimi yüksəkdir.

Yazıda vurğulanır ki, Azərbaycanda çox az sayda insanların maaşı oradakı tələblərə uyğun gəlir.

Müəllif hesab edir ki, nə qədər ki, şərtlər yumşaldılmayıb, bu sahədə də problemli kreditlər artmaqda davam edəcək.

Yazıda bildirilir ki, indiki bank sisteminin, maliyyə bazarının qeyri-sabit vaxtında bu sahədə müsbət dönüş əldə etmək o qədər də inandırıcı görünmür.

Yağ
Yağ

BAZARDA SAXTA YAĞ

«Yeni Müsavat» qəzetində «Ərzaq mafiyasından xalqa ölümcül zərbə- bazara saxta yağ çıxarılır» sərlövhəli yazı diqqət çəkir.

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin sentyabrında ölkəyə kərə yağı idxalı 2 dəfəyə qədər azalıb. Müəllifin fikrincə, bu isə bazara saxta yağların çıxmasına səbəb olub:

«Yerli istehsalın daxili tələbatı ödəmədiyi bir şəraitdə kərə yağı idxalında qeydə alınan bu azalma, qiymətlərdə kəskin bahalaşma bazara saxta və aşağı keyfiyyətli məhsul çıxarılması üçün münbit şərait yaradır».

Yazıda vurğulanır ki, artıq bəzi işbazlar hərəkətə keçiblər. Müəllifin bildirməsinə görə, kiçik sexlərdə bahalı yağların qablaşdırılmasında istifadə olunan karton taraların sifarişində kəskin artım var. Bu taraların üzərinə Avropa və Yeni Zelandiya mənşəli yağların saxtalaşdırılmış etiketləri vurulur:

«Bundan əlavə, müxtəlif yollarla əhaliyə nehrə yağı təklif edənlərin sayı sürətlə artmaqdadır. Əsasən Lerik-Yardımlı, Gədəbəy-Daşkəsən bölgəsindən gətirildiyi deyilən bu yağların kiloqramı 8-9 manata satılır. Həmin yağların əsl nehrə yağı yox, nehrə yağının müxtəlif bitki spredləri ilə qarışığından ibarət olduğu deyilir».

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov qəzetə deyib ki, tələb təklifi ödəmədikdə, bazarda saxta və keyfiyyətsiz məhsulların artması aksiomadır:

«Bu, bazarın yazılmamış qanunudur. Son vaxtlar bununla bağlı həddən çox şikayətlər var. İstehlakçılar aldıqları yağın keyfiyyətli olmadığını, qiymətlərin bahalığını bildirirlər. Bu vəziyyətin daha da kəskinləşəcəyini gözləyirik».

E.Hüseynov deyib ki, 2018-ci ilin yanvarından ölkədə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi üzrə Agentliyin təhlükəli malların satışını önləyəcəyinə də nikbin yanaşmır.

İ.Əliyev Tovuz Süd Emalı Zavodunun açılışında
İ.Əliyev Tovuz Süd Emalı Zavodunun açılışında

SAHİBKARA SAHİB ÇIXAN DÖVLƏT

«Azərbaycan» qəzetində «Dövlət yenə də sahibkarlara sahib çıxır» sərlövhəli yazı yer alıb.

Yazıda bildirilir ki, dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycanda iqtisadi münasibətlər sistemində bazar iqtisadiyyatı yolu seçildi. Bu sistem isə yeni sahibkarlar təbəqəsini formalaşdırdı.

Müəllifin fikrincə, onda bir çox məmurlar sahibkarların işinə yersiz müdaxilələr edirdi. Ona görə də o zaman dövlət başçısı Heydər Əliyev əsassız yoxlamaları qadağan edən fərman imzalayıb.

Yazıda vurğulanır ki, indi də prezident İlham Əliyev həmin siyasəti davam etdirir. Özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir.

Müəllif xatırladır ki, 2015-ci ildə özəl sahədə yoxlamaların iki il müddətinə dayandırılması haqda fərman imzalanıb:

«Lakin dövlət başçısının təşəbbüsü ilə əsassız yoxlamaların aparılmasının 2021-ci ilədək uzadılması gözlənilir. Bu isə o deməkdir ki, sahibkarlıq subyektləri növbəti 4 il ərzində də əsassız yoxlamalardan azad ediləcək».

Yazıda bildirilir ki, bugünədək sahibkarlara təxminən 2 milyard manat güzəştli kredit verilib. Bu kreditlər hesabına sahibkarlar həm paytaxt, həm də regionlarda minlərlə iş yerləri yaradıblar .

Müəllif hesab edir ki, bütün bunlar ölkədə qeyri-neft sektorunda məhsul istehsalının artımına səbəb olub.

XS
SM
MD
LG