Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:22

Niderland səfiri Fikrət Hüseynli ilə bağlı müraciət edib


Fikrət Hüseynli

Niderland Krallığının Kiyevdəki səfiri jurnalist Fikrət Hüseynli ilə bağlı Ukraynanın baş prokuroruna rəsmi müraciət göndərib.

«Turan» agentliyinin xəbərinə görə, səfirin məktubunda Ukrayna ərazisində saxlanan Niderland vətəndaşı F.Hüseynlinin taleyindən narahatlıq ifadə edilir.

Məktubda bildirilir ki, F.Hüseynli 2008-ci ildə Niderland Krallığından siyasi sığınacaq istəyib, bu hüquq ona verilib. 2013- cü ildə onun Niderland ərazisində oturum hüququ müddətsiz olaraq uzadılıb, 2014-cü ildə isə F.Hüseynliyə Niderland vətəndaşlığı verilib.

Məktubda xüsusi olaraq Ukrayna jurnalistin Azərbaycana təhvil verilməməsinə çağırılır.

«Hüseynlinin Azərbaycana təhvil verilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) maddəsinə ziddir. Bu, ona qarşı zorakılıq riskləri yarada bilər və belə bir addımın atılması hüquqazidd olar», - məktubda qeyd edilir.

XATIRLATMA

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Azərbaycanın hüquq-mühafizə orqanları hələlik F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG