Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:14

Müsavat yürüş qərarından vaz keçdi [yenilənib]


Müsavat Partiyasının mitinqi. 2016
Müsavat Partiyasının mitinqi. 2016

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb. Şəhər rəhbərliyi Müsavat Partiyasının nəzərdə tutduğu yürüşün keçirilməsinə razılıq verməyib. BŞİH bunun əvəzində mitinq keçirməyi təklif edib.

Şəhər rəhbərliyi yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

A.HACILI: «ŞƏHƏR RƏHBƏRLİYİ SƏLAHİYYƏT HƏDDİNİ AŞIB»

«Bu cavab qanun pozuntusunun göstəricisidir»

Bunu isə AzadlıqRadiosuna Bakı Şəhər İcra Hakimiyyətinin cavabını dəyərləndirən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun deməsinə görə, şəhər rəhbərliyinin yürüşə icazə verməməsi bir qanun pozuntudursa, aksiyanın formasının dəyişdirilməsi ilə bağlı «məsləhəti» səlahiyyət həddini aşmaqdır.

A.Hacılı şəhər rəhbərliyinin bu cavabını bu günlərdə dövlət başçısı İlham Əliyevin Avropa Birliyi Şurasının təmsilçiləri ilə görüşündə səsləndirdiyi fikirlərin arxasında durmaması kimi təqdim edib. Prezident avropalı qonaqlara demişdi ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilib, ancaq xalq etiraz aksiyalarını dəstəkləmir.

* * *

Müsavat Partiyası Bakı şəhəri İcra Hakimiyyətinin onların yürüş keçirmək istəyi qarşısında mitinq tövsiyəsinə cavab olaraq oktyabrın 21-nə təyin olunan aksiyadan vaz keçib.

Bu haqda partiyanın açıqlamasında bildirilir. Partiya icra hakimiyyətinin yürüşə rədd cavabı verməsinin qanunsuz olduğunu bəyan edib.

“Bakı şəhəri İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə cavab olaraq, aksiyanın keçirilməsinə qadağa qoyub. İcra Hakimiyyəti Bakı şəhərində aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını bəhanə gətirib. İcra hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir”, - partiyanın açıqlamasında vurğulanır.

Müsavat bildirir ki, BŞİH-in qərarı ölkə Konstitusiyasının və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun kobud şəkildə pozulmasıdır.

“Bu qərar eləcə də ölkə başçısı İlham Əliyevin bu günlərdə mötəbər bir tədbirdə söylədiyi “Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” fikrinin əsassız olduğunu təsdiqidir. Müxtəlif idman yarışları və digər tədbirlər keçirilərkən nəqliyyatın hərəkətinə günlərlə tətbiq edilən məhdudiyyətlər də sübut edir ki, yürüş qadağası ilə hakimiyyət paytaxt sakinlərinin deyil, özünün antidemokratik maraqlarından çıxış edir. Rəqiblərinin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir”.

Partiya bildirir ki, ölkədəki situasiya analiz edilərək oktyabrın 21-nə təyin edilən yürüşün keçirilməməsinə qərar verilib.

XATIRLATMA

Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsindən ötrü BŞİH-ə müraciət olunmuşdu.

Aksiyada korrupsiya əleyhinə və siyasi məhbus sayılan şəxslərə azadlıq kimi şüarların səsləndirilməsi planlaşdırılırdı.

Müxalifətin başqa bir hissəsi, Milli Şura isə hələ sentyabr ayından Bakıda icazəli mitinq keçirir. Həmin aksiyada «Talana yox» və korrupsiya əleyhinə bir sıra şüarlar səslənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG