Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:33

Ekspert: 'Bahalaşan ərzağa ƏDV ləğv edilməli...'


Eyyub Hüseynov
Eyyub Hüseynov

Ərzaq mallarının bahalaşması, bazarda keyfiyyətsiz malların artması, qanunun aliliyi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün (17 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

« KEYFİYYƏTSİZ MALLAR BAZARDA ARTIB»

«Exo» qəzetində «Azərbaycanda ərzağın qiyməti artır, əhali daha çox xərcləməli olur» sərlövhəli yazı oxumaq olar.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov qəzetə mövzunu belə dəyərləndirib:

«Ərzaq məhsullarının bahalaşması ilə bağlı gündəlik olaraq Azad İstehlakçılar Birliyinə zənglər daxil olur. İnsanları daha çox narahat edən odur ki, qiymətlərin artım meyli davam edir. Əgər əvvəllər şikayətlər elə çox deyildisə də, ət və ət məhsullarının son qiymət sıçrayışından sonra zənglərin sayı daha da artıb».

E.Hüseynov deyib ki, Azərbaycanda əhalinin bütün gəlirlərinin yarıdan çoxu ərzaq alınmasına xərclənir. O vurğulayır ki, inkişaf etmiş ölkələrdə bu rəqəm 30 faizi keçmir:

«Daha yaxşı qidalanmaq istəyən vətəndaş bütün başqa ehtiyaclarına qənaət etməyə məcbur olur. Mən inanıram ki, bu meyl ilin sonuna kimi davam edəcək və daha bir neçə belə qiymət sıçrayışı olacaq».

AİB rəhbəri hesab edir ki, daha çox bahalaşan ərzaq mallarına alınan əlavə dəyər vergisinin (ƏDV) ləğvi, gömrük və vergi dərəcələrinin aşağı salınması ilə hökumət bu qiymət artımının qarşısını ala bilər .

E.Hüseynov deyib ki, bununla bağlı Birlik hökumətə sənəd hazırlayır.

Ekspert deyib ki, indi ucuz məhsul dalınca qaçan insanlar onun keyfiyyətinə heç baxmırlar:

«Bununla bağlı olaraq bazarlarda vaxtıkeçmiş məhsullar çoxalıb. Buna görə də vətəndaşların şikayətləri artıb. Məlumat var ki, satışa sənayedə istifadə edilən keyfiyyətsiz yağlar çıxarılır...».

Məhkəmə
Məhkəmə

ƏDALƏTİN «GÖZÜ»

«Novoye Vremya» qəzetində «Qanunun aliliyini necə təmin etməli?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, bu günlərdə Məhkəmə-Hüquq Şurasının iclasında bəzi məhkəmə sədrləri və hakimləri barədə tədbirlər görülüb.

Yeddi məhkəmə sədri də daxil olmaqla, 20 hakimin səlahiyyətinə xitam verilib, daha altı məhkəmə sədri aşağı vəzifəyə keçirilib.

Müəllif yazır ki, ölkə vətəndaşları daim ədalətli məhkəmə sisteminə ehtiyac duyurlar:

«Məhkəmələrdə, eləcə də digər dövlət instansiyalarında bu ədalətin olmamasıdır ki, bu qurumlardan şikayətlər artıb. Bu şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə yönəldilir».

Müəllif hesab edir ki, problem təkcə məhkəmələrin ədalətli qərar qəbul etməməsi ilə bitmir. Vətəndaşlar bəzən aylarla, illərlə müraciətlərinə cavab ala bilmirlər.

Yazıda vurğulanır ki, oxşar münasibətlə bəzən siyasi partiyalar, QHT-lər də üzləşirlər. Müəllifin fikrincə, bəzən qeydiyyat məsələləri aylarla süründürülür.

Yazıda bildirilir ki, bütün bunlar vətəndaşın ədalət mühakiməsinə inamını sarsıdır.

Müəllif yazır ki, qanun qarşısında hamının bərabər olması prinsipi pozulur.

Yazıda bildirilir ki, siyasi sifariş yerinə yetirən hakim və məmurlar da məsuliyyətdən kənarda qalmamalıdırlar. Müəllifin fikrincə, bu, həm xaricdə, həm də ölkə daxilində fayda gətirər.

İ.Əliyev və S.Sarkisian
İ.Əliyev və S.Sarkisian

31-Cİ GÖRÜŞ...

«Azərbaycan» qəzetində «Azərbaycanın hərbi-siyasi üstünlüyü sülh danışıqlarının əsas amilidir» sərlövhəli yazıda oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dəyərləndirilir.

Yazıda bildirilir ki, ötən ilin aprel döyüşlərindən sonra vasitəçilər öz səylərini artırıblar:

«Cəbhə xəttindəki məlum aprel hadisələrinin yaratdığı yeni hərbi-siyasi reallıq nəticəsində vasitəçi dövlətlər sülh müzakirələrinin bərpasını təklif etdilər. Ötən ilin may ayında Avstriyanın paytaxtı Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən prezidentlərin görüşü də təəssüf ki, bu kontekstdə yeni mərhələ kimi səciyyələnmədi».

Yazıda vurğulanır ki, ATƏT-in Minsk qrupunun işğalçı tərəfə sərt mövqe sərgiləməməsi bölgədə tərəflərin daha da silahlanmasına səbəb olub.

Müəllif iddia edir ki, Cenevrədəki danışıqlarda prezident İlham Əliyev belə bir mövqe sərgiləyib:

«İlham Əliyev vasitəçilərə sonuncu dəfə seçim imkanı verdi: Ya Qarabağ ərazisinin işğaldan azad edilməsi üçün real danışıqlara başlanılsın, yaxud bu vəzifə Azərbaycan əsgərinin öhdəsinə buraxılsın!».

Müəllif vurğulayıb ki, ötən ilin aprel döyüşlərindən sonra vəziyyət «susqun» olub, sülhə doğru bir addım belə atılmayıb:

«Münaqişə dondurulmayıb və hərbi əməliyyatlar başlasa, vasitəçilərin sülh çağırışları artıq heç bir əhəmiyyət daşımayacaq. Sadə dillə desək, hər hansı bir hərbi gərginlik yaranarsa, onun qarşısını heç bir vasitəçi dövlət ala bilməyəcək. Ermənistanı tam məğlubiyyətdən artıq heç kəs xilas etmək imkanında olmayacaq».

Müəllif yazır ki, 1998-ci ildən bu yana iki ölkə rəhbərlərinin 54 görüşü keçirilib. Bundan 31 görüş İ.Əliyevin payına düşür.

XS
SM
MD
LG