Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

Vəkili: ‘Bayram Məmmədov yenidən ‘kars’a salına bilər’


Əsabəli Mustafayev

“Bayram Məmmədov “kars” cəzasını bitirib. Ancaq onun tezliklə yenidən “kars”a (cərimə kamerası-AR) qaytarılması ehtimalı var. Buna bəhanə kimi onun yataq yerini özbaşına dəyişdirməsi göstərilir”.

Bu gün, oktyabrın 16-da 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəallar İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşən vəkili Əsabəli Mustafayev AzadlıqRadiosu-na açıqlamasında belə deyib.

Vəkil qeyd olunan əsasın bəhanə olduğunu bildirib.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

“Keçən həftə müəssisə rəhbərliyi B.Məmmədova bildirib ki, o, yerini özbaşına dəyişib, bu səbəbdən təzədən əvvəlki yatağına qayıtmalıdır. Yatağının əvvəlki yeri isə yelçəkənin qarşısıdır. Qarşıdan soyuq havalar gəlir və belə əmr yalnız Bayram Məmmədovun həyatını təhlükəyə məruz qoymaq məqsədi daşıya bilərdi. B. Məmmədov hesab edir ki, özbaşına yerdəyişmə ittihamı sadəcə, bəhanədir. Əsas məqsəd onu intizamsız dustaq qismində rəsmiləşdirməklə gələcəkdə saxlanma rejimini sərtləşdirmək, qapalı həbsxanaya göndərməkdir”, – vəkil bildirib.

Vəkil əlavə edib ki, B.Məmmədovun fikrincə, ona qarşı sərt tədbirlərin görülməsi müəssisə rəhbərliyinin yox, digər yuxarı dövlət qurumlarının təşəbbüsüdür.

Ə.Mustafayev bildirib ki, həbsdəki gənc fəallar İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanov B.Məmmədova belə rəftara etiraz olaraq aclıq aksiyası elan ediblər.

Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

“Aclıq aksiyasına B.Məmmədov da qoşulub. Onlar aksiyanı rəsmi qaydalar çərçivəsində etmək istəyiblər. Rəhbərliyə ərizə ilə müraciət ediblər ki, digər dustaqlardan ayrı yerləşdirilmələri təmin edilsin. Ancaq onların müraciəti qeydə alınmayıb. Bu səbəbdən, hələlik, faktiki aksiyaya başlaya bilməyiblər. Lakin aksiyanı keçirməkdə israrlıdırlar”, – vəkil qeyd edib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq ötən həftə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov demişdi ki, gənclər rəsmi qaydada müraciət etsə və rəhbərliklə razılaşdırılsa aclıq aksiyası keçirə bilərlər. Üstəlik, M. Sadıqov vurğulamışdı ki, cəzaçəkmə müəssisələrində hamıya eyni gözlə baxırlar, heç kimə həbsdən əvvəlki fəaliyyətlərinə görə, ayrılıqda pis münasibət yoxdur

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazdıqlarına görə saxlandıqlarını bildirirlər. Onlar 10 il azadlıqdan məhrum ediliblər.

Digər fəal İlkin Rüstəmzadə 2013-cü ildə saxlanıb. Kütləvi iğtişaşların təşkilində suçlanan gənc həmin vaxt saxlanan 8 NİDA Vətəndaş Hərəkatının üzvündən biridir.

O 8 il azadlıqdan məhrum edilib. Özü ittihamları qondarma adlandırır. Sonradan onunla həbs edilənlərin hamısı azadlığa buraxılıb.

2016-cı ildə saxlanan Elgiz Qəhrəman da narkotikdə ittiham olunub, 5 il 6 ay azadlıqdan məhrum edilib. O da həbsini siyasi sifariş sayır.

Hər 3 gənc hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG