Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:51

Əməliyyatdan sonra ölən modelin işi məhkəmədə


Əməliyyat. Foto arxiv

İyunun 22-də «Zəfəran Hospital»da liposaksiya (piy sovurma) əməliyyatı etdirdikdən iki gün sonra vəfat edən gənc model Leyla Oruclunun vəkilləri məhkəməyə şikayət edib. Onların şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Bu haqda vəkil İradə Cavadova məlumat verib.

Vəkilin bildirdiyinə görə, əməliyyatdan sonra L.Oruclunun vəziyyəti pisləşib, gənc qız komaya düşüb və iki gün sonra vəfat edib.

İyunun 25-də Nərimanov Rayon Prokurorluğunda L.Oruclunun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Ancaq təxminən bir ay sonra - iyulun 24-də həmin cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib.

Vəkilin bildirməsinə görə, modelin ölümü ilə bağlı açılmış cinayət işinə xitam verilməsi barədə qərar uzun müddət onlara təqdim olunmayıb. Müdafiə tərəfi yalnız sentyabrın 30-da qərarı əldə edə bilib.

Vəkil həmin qərarla razılaşmır. Artıq həmin qərardan şikayət edilib.

«Hesab edirəm ki, cinayət işinə xitam verilməsi haqqında qərar əsassızdır. Həmin qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət göndərilib. Şikayətə oktyabrın 19-da hakim Samir Məmmədov baxacaq», - vəkil bildirib.

«PULA HƏRİSLİK ÜZÜNDƏN...»

Mərhum modelin ailəsi onun həkim məsuliyyətsizliyinin qurbanı olduğunu iddia edir.

«Qızımı ailəsinin razılığı, xəbəri olmadan əməliyyata alan həkimlər məsuliyyətə cəlb olunmalıdır. Onlar mənim 21 yaşlı Leylamın həyatının üstündən qara xətt çəkiblər. Pula hərislik üzündən gərəksiz cərrahiyyə əməliyyatına qərar verib», - mərhum modelin anası Sevinc Alpman bir müddət əvvəl AzadlıqRadiosuna açıqlamasında belə demişdi.

Anası nəql etmişdi ki, qızı əməliyyat edilən gün evə gəlməyib, telefon zənglərinə də cavab verməyib.

«Gecəyarısı hospitaldan zəng gəldi, Leylanın əməliyyat olunduğunu, vəziyyətinin ağırlaşdığını bildirdilər. Hospitala getdik, qızımı görməyə imkan vermədilər. Ertəsi gün səhər saat 9-da Leylanı əməliyyat etmiş Sirus həkim işə gəldi, yaxınlaşıb Leylanın ailəsi olduğunu dedik. Lifti gözləmədən qaçıb pilləkənlərlə yuxarı çıxdı. Başa düşdük ki, Leylanın durumu yaxşı deyil», - deyən ana həkimləri qızını ailəsindən xəbərsiz əməliyyat etməkdə suçlamışdı.

L.Oruclunun ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani isə iddiaları rədd etmişdi. Cərrah demişdi ki, L.Orucluya əvvəldən xəbərdarlıq edib ki, onun əməliyyata ehtiyacı yoxdur. Ancaq L.Oruclu əməliyyat etdirməkdə israrlı olub və əməliyyata razılıqla bağlı müəyyən sənədləri imzalayıb.

L.Oruclu 8-ci sinfədək Bakının Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonra 100 saylı orta məktəbdə təhsil alıb.

Maliyyə-Iqtisad Kollecini bitirəndən sonra model kimi şirkətlərdə çalışıb. Bu il ali təhsil almaqdan ötrü Ukraynaya getməyi planlaşdırdığı deyilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG