Azərbaycanlı hərbçilərdən ibarət 50 nəfərlik qrup plana uyğun, rotasiya qaydasında Bakıdan Əfqanıstana yola salınıb. Onlar NATO-nun «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərəcəklər.
Bu haqda, bu gün, oktyabrın 10-u Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandadır.
Buna da bax: Trump-ın Əfqanıstan strategiyası 'işləməyəcək'
Bundan başqa, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit Əfqanıstandakı missiyada iştirak edir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.
Xatırlatma
1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.
Buna da bax: Əfqanıstandakı sülhməramlıların bir qrupu qayıdıb
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.
Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.