Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:10

Xədicə İsmayılın ölkədən çıxışına qadağa qaldırılmadı


X.İsmayıl

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın şikayətinə baxılıb. Apellyasiya şikayəti jurnalistin ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı idi.

X.İsmayıl Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ölkədən çıxışına qadağanın qaldırılmasını istəmişdi. Jurnalist iddiasını əsaslandırarkən göstərib ki, peşə fəaliyyəti ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərə dəvət olunsa da, bu məhdudiyyət üzündən iştirak edə bilmir.

Binəqədi Rayon Məhkəməsi avqustun 10-da verdiyi qərarla jurnalistin iddiasını təmin etməyib. Apellyasiya şikayəti də həmin qərardan verilib.

Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da şikayəti təmin etməyib – qərar qüvvədə saxlanılıb.

X.İsmayılın ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı daha bir iddiasına isə oktyabrın 10-da yenə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

X.İsmayıl bu qadağanın qaldırılması tələbilə əvvəllər də məhkəməyə müraciət edib. Jurnalist bundan öncə iki dəfə məhkəməyə üz tutaraq, beynəlxalq tədbirlərə qatılmasına imkan yaradılmasını tələb edib. Ancaq hər dəfəsində araşdırmaçı-jurnalistin müraciəti rədd olunub.

Jurnalistin ilk müraciəti üzrə iş artıq Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

XATIRLATMA

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası alıb. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edir.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb. X.İsmayılın ölkədən çıxışına məhdudiyyət də üzərindəki şərti cəza ilə əsaslandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG