Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:23

'Azərbaycanın pulyuyan maşını'nın araşdırılması istənilir


Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Prokurorluğa müraciət edib.

Partiya rəhbəri Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin «The Guardian» qəzetində dərc olunmuş «Azərbaycanın pulyuyan maşını» adlı yazısının araşdırılmasını tələb edir.

Yazıda iddia olunur ki, Azərbaycan hökumətinin təmsilçiləri ölkədən 2.5 milyard avro (2.8 milyard dollar) çıxarıblar. Həmin pulun mənimsənildiyi, Avropadakı siyasətçilərə rüşvət kimi verildiyi bildirilir.

A.Hacılı müraciətində yazır ki, xarici və ölkə mediasında yayılan bu araşdırmalara hüquq-mühafizə orqanları hələ də heç bir reaksiya verməyiblər.

Müsavat başqanı ölkə Konstitusiyasına, cinayət prosessual qanunvericiliyinə, prokurorluq haqqında qanuna istinad edərək, baş prokurordan tələb edib ki, sözügedən yazıdakı məsələlərin araşdırılması və onlara hüquqi qiymət verilməsini təmin etsin.

Bir müddət öncə Milli Şura da eyni müraciətlə çıxış etmişdi. Ancaq hələ ki bu müraciətlərə Baş Prokurorluqdan hər hansı reaksiya verilməyib.

XATIRLATMA

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) son bir ayda «Azərbaycanın pulyuyan maşını» adlı araşdırma çərçivəsində bir neçə yazı dərc edib. Həmin yazılarda Azərbaycan hakimiyyətinin 3 milyard dollara yaxın pulu qanunsuz yollarla ölkədən çıxardığı iddia olunur. O da bildirilir ki, Azərbaycandan gizli yollarla çıxarılan bu pulların böyük hissəsi Avropada siyasətçilərə rüşvət kimi verilib.

Prezident İlham Əliyevin köməkçiləri Əli HəsənovNovruz Məmmədov bir neçə dəfə bəyanat verərək, bu araşdırmaları əsassız iddialar, Azərbaycan hakimiyyətinə qarşı qarayaxma adlandırıblar.

Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov isə deyib ki, bu məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG