Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:14

İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə əməkdaşlıq edən Elçin İsmayıllıya bəraət verilməsi istənilir. Müdafiəçiləri onunla bağlı hökmdən apellyasiya məhkəməsinə şikayət ediblər.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin E.İsmayıllı barəsində hökmünü qanunsuz sayan vəkil apellyasiya şikayətinə istintaq aparılmaqla baxılmasını istəyib:

«Şikayətimizdə apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmasını, hökmün ləğv edilməsini tələb etmişik. Hesab edirik ki, Elçin İsmayıllıya bəraət verilməlidir. Bundan başqa, fikrimizcə, onun Avropa Konvensiyasında nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı və digər hüquqlarını da pozub. Məhkəmədən həm də həmin hüquqların pozuntusunun tanınmasını istəmişik».

Vəkil hesab edir ki, şikayətə ədalətli baxılarsa, təmin edilə bilər.

XATIRLATMA

E.İsmayıllı 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı borc aldığını deyir.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə), 308-ci (vəzifəsindən sui-istifadə) və 311-ci(Rüşvət alma) maddələri ilə ittiham olunub.

Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası CM-nin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli sayılan E.İsmayıllını 9 il azadlıqdan məhrum edib. E.İsmayıllıya həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.

E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG