Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:56

'Monopoliyanın işi 'yağ' kimi gedir'-Mətbuat icmalı


Monopoliya. Karikatura

Prezidentin Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü, yağların bahalaşmasının səbəbləri və yağış sularının paytaxtda yaratdığı problemlər bu gün (5 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

YAĞIN BAHALAŞMASININ SƏBƏBLƏRİ...

«Yeni Müsavat» qəzetində «Monopolistlərin işi «yağ» kimi gedir- yağın qiyməti 18 manat oldu» sərlövhəli yazı oxumaq olar. Yazıda son vaxtlar yağların qiymətinin bahalaşmasının səbəbləri ekspert Natiq Cəfərli ilə müzakirə edilib.

Ekspert deyib ki, yağların qiymətinin qalxması Avropa bazarında bu məhsulun 20-25 faiz bahalaşması ilə bağlıdır:

«Amma maraqlı odur ki, kərə yağının qiymətinə görə Azərbaycanla Gürcüstan arasında 40-45 faiz fərq var. Bu artıq sual doğurur ki, məsafə təxminən eynidirsə, qiymət niyə fərqlidir?».

Müəllif marketlərdə kərə yağının satış qiymətlərini göstərir. Qiymətlər 17 manat 50 qəpikdən 24 manat 35 qəpik arasında dövr edir. Duru yağların qiymətlərində də 5-10 faiz artım olduğu bildirilir.

Ekspert hesab edir ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksəkliyi, eləcə də inhisarın güclü olmasıdır:

«İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstanla gömrük rüsumu və vergi dərəcələri ilə bağlı Azərbaycan arasında fərq də qiymətlərə təsir edir. Əgər hökumət əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanları, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər».

Dövlət Gömrük Komitəsi də yağın qiymətinin bahalaşması ilə bağlı açıqlama yayıb. Orada məsuliyyət idxalçıların üzərinə qoyulur. Bu sahədə inhisarın olmadığı bəyan edilir.

BAKI YENƏ SU İÇİNDƏ

«Novoye Vremya» qəzetində «Bakı yenə su altında, məmurlar bir-birini tənqid edir» sərlövhəli yazı diqqəti çəkir.

Yazıda bildirilir ki, son iki gündə yağan yağışlar paytaxtı iflic hala salıb.

Müəllif məmurların şəhər təsərrüfatının təbiətin bütün şıltaqlıqlarına hazır olması haqda bəyanatlarını «boş söz» adlandırır:

«Sel suları küçələri, yeraltı keçidləri, digər infrastrukturu basır, kanalizasiya sistemləri suları ötürməyə qadir deyil. Beləliklə, şəhər xidmətinin adi yağışlara hazır olmadığı üzə çıxır».

Yazıda vurğulanır ki, bu səhnə yağışlar yağdıqda hər il təkrar olur. Bu dəfə isə üstəlik, paytaxtda iki yol da çöküb. Yazıda bunun səbəbinə də toxunulur. Müəllif hesab edir ki, 60 ildir fəaliyyəti göstərən kollektor istismar müddətini bitirib, bu müddətdə yeniləri ilə əvəzlənməyib.

Yazıda bildirilir ki, bu günlər ərzində insanlar bir çox yerlərdə hətta sudan küçəni keçməyə belə çətinlik çəkiblər:

«Belə çıxır ki, guya, şəhərin yenidən qurulmasına, hansısa şübhəli infrastruktur layihələrinə milyonlarla dollar xərclənir, amma adi drenaj sistemi qurmağa pul tapılmır. Eləcə də su təmizləmə sistemi yoxdur, əgər belə bir sistem varsa, o zaman insanlar plastik bidonlarda təmiz suyu niyə alırlar? Təmiz su isə sağlamlığın əsasıdır...».

Müəllifə görə, ekspertlərin neçə illərdir ki, subasmaların aradan qaldırılması ilə bağlı verdikləri təkliflər qulaqardına vurulub:

«Yenə də hansısa faciə baş verməlidir ki, nəhayət, nəsə etsinlər?».

Müəllif hesab edir ki, baş verənlər məmurların birbaşa vəzifələrinin öhdəsindən gələ bilməməsinin göstəricisidir.

İlham Əliyev
İlham Əliyev

PREZİDENT: «BÜTÜN AZADLIQLAR TƏMİN EDİLİR»

«Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir».

President.az saytı xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev oktyabrın 4-ü Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki yekun nitqində bildirib.

Sayt prezidentin çıxışının tam mətnini dərc edib.

İ.Əliyev çıxışında bildirib ki, bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbi və diasporudur.

Dövlət başçısı deyib ki, qarayaxmanın böyük hissəsi onların payına düşür. Prezidentin fikrincə, amma onlar tək deyil:

«Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr, Azərbaycanın müstəqil siyasət yürütməsindən və başqalarının işlərinə qarışmamasından narazı olanlar da bu siyahıdadır».

Dövlət başçısı deyib ki, Azərbaycan demokratik ölkədir, bütün azadlıqlar təmin edilir. Üstəlik, onun fikrincə, Azərbaycanda polis zorakılığı yoxdur:

«Demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG