Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:53

Əfqan Muxtarlıya zəng, kitab və görüş qadağaları


Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 16 iyun 2017

“Həbsdəki jurnalist Əfqan Muxtarlının səhhətinə problemlər qalır. Kəskin ürək ağrıları olur”.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Zibeydə Sadıqova bildirib.

Bu gün, oktyabrın 4-də Nəsimi Rayon Məhkəməsində Ə.Muxtarlının girov əvəzində ev dustaqlığına buraxılması barədə vəkillərinin vəsatətinə baxılıb.

“Ürəyi ağrıyır, həkimlər təzyiqini ölçüb, gedir...”

Vəkilin bildirdiyinə görə, jurnalist həkimlərin müayinəsindən də narazılıq edib.

Buna da bax: Əfqan Muxtarlı 'Jurnalistika mükafatı' alıb

Z. Sadıqovanın bildirməsinə görə, jurnalist deyib ki, həkimlər onun təzyiqini ölçməklə kifayətlənirlər, hər hansı müalicə aparılmır. Halbuki, təzyiqi ölçməkdən ötrü Ə.Muxtarlıda avadanlıq olduğu bildirilir.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

Vəkilin sözlərinə görə, Ə.Muxtarlı həbs edilməsindən bu yana 30 kiloqramdan çox çəki itirdiyini də deyib.

Ə.Muxtarlı həmçinin, məhkəmədə vəkilinə bildirib ki, ombudsman Elmira Süleymanova onu ziyarət edib. Jurnalistin deməsinə görə, Ombudsman ona problemlərinin aradan qaldırılmasına yardım edəcəyini bildirib. Lakin vəkilin sözlərinə görə, bir həftədən çoxdur ki, həbsdəki jurnalistin problemləri daha da çoxalıb.

Buna da bax: Yeni hesabat: Gürcüstanda sürgündə yaşayan azərbaycanlılar

Zəng, kitab, yaxınlarla görüş qadağası...

“Əvvəllər Ə.Muxtarlı telefonla 3 nəfərlə danışa bilirdi. Ancaq bir həftədən artıqdır ki, ona qadağa qoyulub. Ona indi yalnız həyat yoldaşı ilə danışmağa icazə verirlər. Bundan başqa, yaxınları ilə görüşməsinə, ona kitab ötürülməsinə də icazə verilmir”, – vəkili Ə.Muxtarlının sözlərini çatdırıb.

Z.Sadıqovanın deməsinə görə, Ə.Muxtarlı çıxışında məhkəmədən sağlıq problemləri səbəbindən ev dustaqlığına buraxılmasını istəyib.

Vəkili isə məhkəməyə jurnalistin ev dustaqlığına buraxılmasından ötrü mənzil ünvanı da təqdim edərək, vəsatətlərinin təmin edilməsini xahiş edib.

Ancaq hakim Şəlalə Həsənova vəsatəti rədd edib.

Z.Sadıqova məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

Buna da bax: Əfqan Muxtarlıya 110 manat cərimə kəsilib

Ə.Muxtarlının vəkilləri bundan öncə də onun ev dustaqlığına buraxılmasından ötrü məhkəməyə müraciət etmişdilər. Həmin müraciət də rədd edilmişdi.

Jurnalistə qadağaların qoyulması və səhhətindəki geriləmələrlə bağlı açıqlamalara, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG