Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Yağış, qar yağdı, problemlər 'cücərdi'-Media icmalı


Bakıda yağış gölləri: Prezidentin ayırdığı 4 milyon yetəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Bakıda yağış gölləri: Prezidentin ayırdığı 4 milyon yetəcəkmi?

Hökumətin sosial-iqtisadi siyasəti, qışa hazırlıq məsələləri və ölkənin beynəlxalq imici bu gün medianın (29 sentyabr 2017-ci il) aparıcı mövzularındandır...

YAĞIŞIN BİTMƏYƏN PROBLEMİ...

«Novoye Vremya» qəzetində «Necə SOS harayı salmayasan» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, artıq bir neçə gündür ölkədə qeyri-sabit hava davam edir. Bu, ilk gündən Sumqayıt şəhərində, Masazır və Saray qəsəbələrində elektrik enerjisi təminatında problemlər yaradıb.

Müəllif yazır ki, hələ intensiv yağışlar başlamamış, soyuqlar düşməmiş belə problemin olması ciddi narahatlıq yaradır:

«Artıq üzü qışa gedilir, intensiv yağışlar olacaq, qar yağması və güclü küləklər olması gözardı edilməməlidir. Şəhər kommunal təsərrüfatının isə qışa nə dərəcədə hazır olduğu məlum deyil. Amma hər payızda bu qurumlar qışa tam hazır olmaları haqda bəyanatlar verirlər».

Yazıda vurğulanır ki, elə ki, havalar pisləşir, o zaman qışa hazırlıqla bağlı vədlərin boş söz olduğu məlum olur.

Müəllif bildirir ki, bu sahənin yüksəksəviyyəli məmurları medianın bu problemlər barədə yazmasından narazılıq ifadə edirlər. Yazıda qeyd edildiyinə görə, onlar deyirlər ki, Avropanın, Qərbin şəhərlərində də subasmalar, qasırğalar olur, amma onların mediası SOS siqnalı vermir.

Müəllif yazır ki, adları çəkilən Qərb ölkələri təbii fəlakətlərin qarşısını ala bilmir, amma onların fəsadlarını qısa müddətdə aradan qaldırırlar. Azərbaycanda isə azacıq yağış problemə dönür:

«Bizdə bir az yağan yağış və ya düşən qar çoxsaylı problemlərə səbəb olur. Bu halda SOS siqnalı verməmək olmur. Əgər azacıq yağış şəhər sakinlərinə bu qədər narahatlıq yaradırsa, deməli, şəhər kommunal xidmətləri bu problemləri yaradan səbəbləri daha tez aradan qaldırmağı bacarmalıdırlar».

İ.Əliyev
İ.Əliyev

ŞƏRQİN «DEMOKRATİYA BEŞİYİ»

Azadliq.info saytında «Azərbaycanı istehza hədəfi olan ölkəyə çeviriblər» sərlövhəli məqalə yer alır.

Müəllif yazır ki, son vaxtlar Azərbaycanın adı beynəlxalq miqyasda tez-tez mənfi çalarda hallanır. Yazıda müəllif bunun səbəblərini aydınlaşdırmağa çalışır. Əvvəlcə daxildə rəsmilərin dilindən eşidilən arqumentlərə toxunulur:

«Deməli, ölkənin artan nüfuzu kimləri isə paxıllıqdan partladırmış. Kimləri? Əlbəttə Qərbi, hədəf dəyişməyib. Nişangahda yenə də sivil dünyadır».

Müəllifin fikrincə, korrupsiya baş alıb gedir. Azərbaycan insan haqlarının vəziyyətinə görə Afrika ölkələri ilə müqayisə edilir. Nəticədə sanksiyalar gündəmə gəlir.

Yazıda vurğulanır ki, məhz bu səbəbdən Qərb tənqid edilir.

Müəllifin fikrincə, Azərbaycan rəsmiləri güman edirlər ki, onlar nə edirlər-etsinlər, sivil dünya bunların işinə qarışmamalıdır.

Üstəlik, yazıda vurğulanır ki, Azərbaycan rəsmiləri «nüfuz» sözünü başqa anlamda qavrayırlar:

«Dünyada hörmətin, nüfuzun mərkəzi sivil dünya, ABŞ, Avropa Birliyi ölkələridir. Onlar da sanksiya tətbiq etməyə hazırlaşırlar...».

Müəllif hesab edir ki, Azərbaycanın xaricdə tənqid olunmasına görə məsuliyyət hakimiyyətin üzərinə düşür. Yazıda vurğulanır ki, artıq bütün sivil dünyada Azərbaycan hakimiyyətinə inamsızlıq var.

İ.Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində
İ.Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində

2018-Cİ İL: DİNAMİK İNKİŞAF DÖVRÜ

«Azərbaycan» qəzetində «2018-ci il daha dinamik inkişaf dövrü olacaq» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, qarşıdakı ildə dövlət büdcəsində sosial və infrastruktur layihələrinə böyük həcmdə vəsaitlər ayrılacaq.

Müəllif yazır ki, hazırkı prezident İlham Əliyev hakimiyyətdə olduğu bu son 14 ildə ölkədəki iqtisadi siyasət insanların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə yönəlib.

Yazıda vurğulanır ki, hökumət azad iqtisadi rəqabətə, sahibkarlığın inkişafına dəstək göstərməklə yanaşı, cəmiyyətdə ehtiyacı olanları da unutmur:

«2017-ci ilin dövlət büdcəsinin 40 faizi sosialyönümlü xərclərə ayrılıb. İşsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi mədəni-intellektual səviyyənin yüksəlişinə və mənəvi-əxlaqi dəyərlərin əsas meyara çevrilməsinə xidmət göstərir».

Yazıda bildirilir ki, 2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. 1 milyon 600 mindən artıq iş yeri açılıb, işsizlik 5 faiz səviyyəsindədir. 2004-2017-ci illərdə 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınıb.

Müəllif bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonunda sosial mənzillər tikməsinin əsas məqsədi də aztəminatlı ailələri əlverişli şərtlərlə evlərlə təmin etməkdir.

Müəllif güman edir ki, gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Bu da əhalinin sosial rifah halına daha çox diqqət ayrılmasına imkan yaradacaq.

XS
SM
MD
LG