Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 07:12

Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələyib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 28-də Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Məhkəmənin yeni açıqlanmış qərarı müxalifətçi fəalın şikayəti ilə bağlıdır.

Şikayətçi Tural Hacıbəyli olub. T.Hacıbəyli 2011-ci ilin martında müxalif qüvvələrin Bakı şəhərində keçirilən aksiyasında saxlanıb. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb.

Səbail Rayon Məhkəməsi gənc fəalı hakimiyyət nümayəndəsinin qanuni tələblərinə məhəl qoymamaqda günahkar bilərək, 7 gün inzibati həbs cəzasına məhkum edib.

Yuxarı məhkəmə instansiyaları öz növbəsində rayon məhkəməsinin qərarını haqlı sayaraq qüvvədə saxlayıb.

Yerli məhkəmələrin qərarlarından narazı qalan müxalifətçi yekunda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. O, şikayətində iddia edib ki, yerli məhkəmələr Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 11 (Sərbəst toplaşmaq azadlığı) və 13-cü (Səmərəli müdafiə vasitələri) maddələri üzrə hüququnu pozub.

AİHM-dən pozuntunun tanınması və dəymiş zərərin kompensasiya edilməsi tələb olunub.

10 MİN 500 AVRO

Məhkəmə müxalif fəalın tələblərini təmin edib. AİHM-in qərarında vurğulanır ki, dövlət T.Hacıbəylinin azadlıq, ədalətli məhkəmə araşdırması və sərbəst toplaşmaq hüququnu pozub.

Qərara əsasən, hökumət T.Hacıbəyliyə mənəvi zərərə görə 8 min, hüquqi məsrəflərə görə isə 2 min 500 avro təzminat (cəmi 10 min 500 avro) ödəməlidir.

Şikayətçini AİHM-də hüquqşünas İntiqam Əliyev təmsil edib.

Qərar üç aydan sonra qüvvəyə minəcək.

Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı qərarını iyunun sonunda açıqlamışdı. Elə həmin qərar da müxalifətçilərin şikayətləri ilə bağlı idi. Həmin qərarla gənc fəallar Aqil Əliyev, Ramin Hacılı və Müsavat Partiyasının mərhum fəalı Nərgiz Yaqublunun şikayətləri təmin olunmuşdu. AİHM o vaxt Azərbaycan hökumətini 21 min avrodan artıq cərimələmişdi.

XATIRLATMA

Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlamışdı. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biri idi. Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir. Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.

Üstəlik, Azərbaycanda AİHM bir sıra qərarlarının yerinə yetirilmədiyi göstərilir. Buna misal kimi, REAL sədri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması ilə bağlı qərarın yerinə yetirilmədiyi vurğulanır.

Ancaq Azərbaycan rəsmiləri bu sahədə vəziyyəti elə də ağır saymırlar. Ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində demişdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır:

«Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub».

Günün bütün mövzuları

XS
SM
MD
LG