Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:45

Vəkil: ‘Mehman Hüseynov azadlığa çıxa bilər’


Bloqqer Mehman Hüseynov. 28 mart 2017
Bloqqer Mehman Hüseynov. 28 mart 2017

İki il azadlıqdan məhrum edilən videobloqqer Mehman Hüseynovun azadlığa çıxması üçün iki yol var.

Birinci yol. Sentyabrın 29-da Ali Məhkəmədə videobloqqer Mehman Hüseynovun barəsində çıxarılan hökmdən şikayətə baxılacaq. “Qanunun tələbinə görə, Mehman Hüseynov azadlığa buraxılmalıdır. Biz də buraxılmasını xahiş etmişik”, – bunu bloqqerin vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na söyləyir.

Buna da bax:​ Mehman Hüseynovun Avropa Məhkəməsinə 3-cü şikayəti

Vəkil hesab edir ki, Mehman Hüseynovun böhtana görə həbsi həm milli qanunvericilik, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar baxımından əsassızdır və “şikayətə ədalətli baxılarsa” bloqqer azadlığa buraxılmalıdır.

Elçin Sadıqov
Elçin Sadıqov

Kassasiya şikayətində Mehman Hüseynov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun azadlığa buraxılması istənilir.

Vəkil Ali Məhkəmənin müsbət qərar verəcəyinə ümid etdiklərini bildirir: “Mehman Hüseynovun buraxılacağına ümidimiz var. Amma yenə də Ali Məhkəmənin qərarını gözləyək”.

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

“Məruzəçilər müsbət qərar gözləyir”

Sentyabrın ortalarında Azərbaycanda olan Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri həbsdəki bir sıra siyasi fəal və jurnalistlə yanaşı Mehman Hüseynovun məsələsini də rəsmi görüşlərdə müzakirə etmiş və həm özü, həm də vəkili ilə görüşmüşdülər.

Həmin vaxt bu beynəlxalq qurumun rəsmiləriylə görüşən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosu-na demişdi ki, məruzəçilər gənc videobloqqerin işini də diqqətdə saxlayırlar və bu ayın sonunda keçiriləcək məhkəmə prosesindən müsbət qərar gözləyirlər.

Məruzəçilərin səfəri zamanı vergidən yayınmaqda ittiham olunan Mehman Əliyevin barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmiş, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin haqqındakı cəza şərti azadlığa buraxılmaqla əvəzlənmiş, Nardaran hadisələrinə görə azadlıqdan məhrum edilən 14 nəfər buraxılmışdı.

Buna da bax:​ Ombudsman aparatı: 'Mehman Hüseynov... futbol oynayır'

Bu ilin oktyabrında AŞPA-nın payız sessiyasında Azərbaycanda insan haqlarının və demokratik təsisatların durumu ilə bağlı müzakirələr keçirilməlidir. Bu ərəfədə bir neçə siyasi məhbusun azadlığa buraxılacağı gözlənilir və onlardan birinin də Mehman Hüseynov olacağı istisna edilmir.

Sentyabr olmasa da, oktyabrda...

İkinci yol. Elçin Sadıqovun sözlərinə görə, bu dəfə olmasa da Mehman Hüseynov oktyabrda azadlığa çıxa bilər. O bunun səbəbini belə izah edir: “Oktyabrda ona verilən cəzanın üçdə bir hissəsi tamam olur. Bu halda Mehman avtomatik olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə hüququ əldə edir. Əgər o, sentyabrın 29-da buraxılmasa, biz artıq oktyabrda bunun üçün müraciət edəcəyik”.

Üçüncü yol da ola bilərmi? İş ondadır ki, prezident bu günlərdə Cinayət Məcəlləsinə çoxsaylı dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər paketi göndərib. Parlamentin layihəni oktyabrda müzakirəyə çıxaracağı gözlənir. Həmin təkliflər paketi qəbul edilərsə, Mehman Hüseynovun azadlığa çıxmasına da şans yarana bilərmi?

Buna da bax: 'Azərbaycanda bədəl ödəyən jurnalistləri unuda bilmərik'

Elçin Sadıqovun dediyinə görə, belə bir şey gözlənilmir, videobloqqer CM-nin 147-ci maddəsi ilə azadlıqdan məhrum edilib və həmin maddəylə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunmayıb.

XATIRLATMA

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında bu il martın 3-də həbs olunub. Polis rəisinin iddiasına görə, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması və daha sonra idarədə işgəncələrə məruz qalması barədə dedikləri böhtandır. Ona görə də Suraxanı Rayon Məhkəməsinə müraciət edib, bloqqerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Mehman Hüseynov ittihamın əsassız olduğunu bildirir.

Buna da bax:​ Bloqqerin düşdüyü 14 saylı 'kolon' gündəmdə

Bloqqer M.Hüseynov son vaxtlar bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayır, dəyəri milyonlarla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edirdi.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Buraxıldıqdan sonra o polis idarəsində işgəncəyə məruz qaldığını bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG