Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:30

Vulkanın ətrafında yaşayanlar-Mətbuat icmalı


Abşeronda palçıq vulkanı
Abşeronda palçıq vulkanı

Ölkədə turizmin inkişafı, vulkan ətəyində məskunlaşan insanların taleyi və sərmayə yatırımı problemi bu gün (27 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

VULKANA «ETİBAR EDİLMİŞ» ÖMÜRLƏR...

«Yeni Müsavat» qəzetində «Vulkan üzərində yaşayanlar sürüşmə ehtimalından da qorxurlar: Bizi xilas edin» sərlövhəli yazıda Bakının Hökməli qəsəbəsində insanların həyatlarının təhlükə altında olmasından bəhs edilir.

Müəllif girişdə yazır:

«Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan sakinlər təhlükə qarşısındadır. Hökməli Bozdağ vulkanının çöküntülərinin üzərində salınmış yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib, evlər təhlükə altında qalıb».

Yazıda vurğulanır ki, intensiv yağışlar nəticəsində sürüşmə prosesi daha da güclənəcək.

Müəllif bildirir ki, orada bir neçə yerdə «təhlükəli zona» yazılı lövhələr asılıb. Ancaq vulkan dağının ətəyi yaşayış məntəqəsinə dönüb.

Yazıda bildirildiyinə görə, orada insanlar torpaq sahəsi ucuz -300-500 manata olduğundan ev tikiblər.

«Bizi burada yaşamağa heç kim məcbur etməyib, öz səhvimizdir və illərdir ki, bu zülmü çəkirik. Hər an sürüşmə xofu içimizdə olur. Azyaşlı uşaqları evdə tək qoyub, qonşuya və yaxud mağazaya getməyə risk etmirik. Sürüşmə və vulkandan qorxuruq», - deyə sakinlərdən biri qəzetə bildirib.

Yazıda qeyd edilir ki, 10 gün əvvəl ərazidə sürüşmə baş verib.

Müəllif vurğulayır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də həmin ərazidə yaşayışın son dərəcə təhlükəli olduğunu bəyan edib.

«Artıq vulkanın ətrafında yamacboyu tikilən çoxsaylı evlərdə çatlar var. Onlar aktiv fazadadır, yəni proses başa çatmayıb. Əgər yağışlar başlasa, bu proses daha da aktivləşəcək, sürüşmə prosesi aktiv olacaq», - yazıda bildirilir.

Bina
Bina

PUL DAŞINMAZ ƏMLAKA YÖNƏLİB...

«Novoye Vremya» qəzetində «Daşınmaz əmlaka tələbat devalvasiyanı yüksəldəcək» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son aylar manatın məzənnəsi sabitləşsə də, cəmiyyətdə devalvasiya xofu qalmaqdadır. Başqa tərəfdən də bəzi müstəqil ekspertlər ilin sonuna kimi vəziyyətin dəyişəcəyini güman edirlər.

Müəllif vurğulayır ki, bəzi imkanlı adamlar arasında «pulu hara qoymaq» məsələsi yenə aktuallıq təşkil edir:

«Dövlət büdcəsinin formalaşması, iri şirkətlərin pul öhdəliklərini yerinə yetirməsi elə bir şərait yaradacaq ki, manatın məzənnəsini saxlamaq dövlətə sərfəli görünməyəcək. Həm də dollara artan tələbat nəticəsində manata təzyiqin güclənməsi ehtimal edilən devalvasiyanı gerçəyə çevirə bilər».

Müəllifin fikrincə, ölkənin bank-maliyyə institutlarına etimad yoxdur. Ona görə, pulu olan şəxs daşınmaz əmlaka yönəlir:

«Düzdür, son vaxtlar torpaq sahələrində və yaşayış mənzillərinin satışında nisbi qiymət enişi oldu, amma perspektivdə əhəmiyyətli dərəcədə ucuzlaşma görünmür. Hazırda bu bazarda yatırım üçün əlverişli şərait yaranır, hətta cüzi iqtisadi yaxşılaşma daşınmaz əmlakın qiymətinin artmasına səbəb olacaq».

Yazıda bildirilir ki, iflasa uğramış banklardan pullarını alan müştərilərin çoxu bu vəsaitləri daşınmaz əmlak bazarına yatırıblar.

Turistlər
Turistlər

TURİZM MƏKANI-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycan dünyada həm də turistlərin maraq göstərdiyi ölkə kimi tanınır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, dövlətin dəstəyi ilə ölkədə turizm dinamik şəkildə inkişaf etməkdədir:

«Paytaxtda və bölgələrdə yaradılan rahat yollar, brend otellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq mərkəzləri Azərbaycana turist axınını stimullaşdırır».

Yazıda bildirilir ki, 2017-ci ilin ilk yarısında Azərbaycana 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

Müəllif vurğulayır ki, bu il Azərbaycana gələn turist sayında ərəb ölkələri arasında artım çoxdur. Hətta elə ərəb ölkələri var ki, artım 16 dəfəyə bərabərdir.

Yazıda bildirilir ki, ölkədə kənd turizminin inkişafına da xüsusi diqqət yetirilir. Bundan irəli gələrək, ölkənin müxtəlif bölgələrində yeni turizm zonalarının yaradılması nəzərdə tutulur.

Müəllif vurğulayır ki, ölkədə yeni turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulması da təmin edilir.

Yazıda bildirilir ki, Azərbaycan dünyada getdikcə turizm ölkəsi kimi tanınmaqdadır.

XS
SM
MD
LG