Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Lapshin: 'Huşsuz durumda idim, İlham Əliyevə məktub yaza bilməzdim'


Azərbaycanda 3 il azadlıqdan məhrum olunan və sentyabrın ortalarında prezident İlham Əliyevin əfv etdiyi bloqqer Aleksandr Lapshin Azadlıq Radiosunun Azərbaycan Xidmətinin suallarına yazılı cavab verir. O deyir ki, Azərbaycanda həbsxanada onu boğduqlarına görə hələ danışa bilmir.

Azadlıq Radiosu: Azərbaycan mediası sentyabrın 13-də məlumat verirdi ki, siz İlham Əliyevə minnətdarlıq məktubu yazmısınız? Bu düzdür?

Aleksandr Lapshin: Sentyabrın 13-də mən reanimasiyada huşsuz vəziyyətdə idim. Ayın 11-dən 14-nə kimi klinikadaydım. Mən fiziki olaraq o məktubu yaza bilməzdim. Mən bu məktub haqda mediada oxudum, ancaq onu görməmişəm.

Mən İlham Əliyevə yalnız bir məktub yazmışam, o da 2017-ci ilin yanvarında - ekstradiksiya olunana qədər. Orda Azərbaycanın öz ərazisinə nəzarət edə bilməməsinə görə bloqumda kobud ifadələrə görə üzr istəyirdim.

Buna da bax: Bloqqer Lapshin azadlıqda, o bir gün əvvəl intihara cəhd edibmiş

Azadlıq Radiosu: Niyə huşsuz vəziyyətdə reanimasiyada idiniz?

Aleksandr Lapshin: Rəsmi versiya odur ki, mən özümü öldürmək istəmişəm. Mən bunu inkar edirəm və deyirəm ki, sentyabrın 10-dan 11-nə keçən gecə kamerada mənə hücum çəkdilər. Döydülər. Mən gözümü açanda özümü klinikadada gördüm.

Azadlıq Radiosu: Sizi döyənlər kimlər idi? Dustaqlar yoxsa mühafizəçilər?

Aleksandr Lapshin: Onlar həbsxana mühafizəçiləri deyildi. Axşam saat 11-11:30 idi, mən yuxulayırdım. Qapı açıldı və içəri tez iki adam girib, məni döyməyə başladı.

Azadlıq Radiosu: Bakı həbsxanası sizin baxışları dəyişdimi?

Aleksandr Lapshin: Yox.

Azadlıq Radiosu: Dağlıq Qarabağa yenə gedərdinizmi?

Aleksandr Lapshin: Mən heç vaxt inkar etməmişəm ki, Dağlıq Qarabağ formal olaraq Azərbaycan ərazisidir. Ermənistan regionu zəbt edib, bu, başqa məsələdir. Onların da öz həqiqəti var. Kim haqlıdır? Kim daha çox günahkardır? – bunu bloqqerlər yox, tarixçilər həll eləməlidir.

Qarabağa isə, zəruriyyət olsa, gedərəm. Ancaq mən orda 6 il əvvəl olmuşdum. Bakı həbsxanası ilə əlaqəsi olmadan deyirəm ki, Qarabağa yenidən getməyə heç vaxt istəyim olmayıb. Bir yerə 10 dəfə getmək üçün dünya çox gözəldir, həyat isə çox qısadır.

Azadlıq Radiosu: Sizinlə həbsxanada necə davranırdılar? Həbsxana mühafizəçiləri mənimlə çox korrekt davranırdı. Adamı tək kamerada 7 ay saxlamaq isə ayrı məsələdir. Bu qanunsuz və qəddardır. Qanunla bir adamı tək kamerda 21 gündən çox saxlamaq olmaz.

Həbsxana rəhbərliyi izah edirdi ki, məni məmurlarla və generallarla bir kameraya salmaq olmaz, çünki çıxanda bundan yaza bilərəm. Quldurlarla isə məni bir kameraya salmaq, ümumiyyətlə, olmaz.

Akif Chovdarov
Akif Chovdarov

Ancaq qarşı kamerada keçmiş MTN generalı Akif Çovdarov yatırdı. Gəzinti vaxtı bəzən onunla ünsiyyətdə olurduq.

Azadlıq Radiosu: Maraqlıdır, o nə deyirdi?

Aleksandr Lapshin: Hakimiyyəti söyürdü. Aclıq elan edirdi.

Azadlıq Radiosu: Özünü günhakar sayırdımı?

Aleksandr Lapshin: Yox, günahkar saymırdı.

Azadlıq Radiosu: Və nəhayət sonda, Siz indi nə eləmək fikrindəsiniz?

Aleksandr Lapshin: Mən sənəd toplayıram və Avropa İnsan haqları məhkəməsinə müraciət edəcəm.

PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR

Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov Lapşinin iddialarını cəfəngiyyat adlandırır. Deyir ki, həbsdə olduğu müddətdə Lapşini həyat yoldaşı, anası, vətəndaşı olduğu ölkənin səfirliklərinin nümayəndələri bir neçə dəfə ziyarət edib. Hətta onların istəyi ilə Lapşinin müayinəsinə kənardan həkimin gətirilməsinə də razılıq verilib. Və bu müddət ərzində onunla görüşən heç kəs bloqqerin saxlanma şəraitindən, ona qarşı zoakılığın, işgəncənin olmasından bir kəlmə belə danışmayıb.

XATIRLATMA

Aleksandr Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır.

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum etmişdi.

Sentyabrın 11-də Azərbaycan prezidenti onu əfv etdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG