Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 12:43

Əfqan Muxtarlının xanımı izləndiyini deyir


Leyla Mustafayeva

«Əfqan Muxtarlının Azərbaycana aparılması işi ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının araşdırmalarında hər hansı yenilik yoxdur. Araşdırma prokurorluğa verilsə də, müdafiə tərəfini razı salan ciddi irəliləyişlər yoxdur».

Bu fikirlər həbsdəki jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayevanın bu gün, sentyabrın 19-u vəkil Archil Chopikashvili və siyasi fəal Daşqın Ağalarlı ilə birlikdə Tbilisidə keçirdikləri mətbuat konfransında səsləndirilib.

Jurnalistin vəkili A.Chopikashvili Ə.Muxtarlının işindən danışıb və onun xanımının izləndiyini qeyd edib.

Ə.Muxtarlının xanımı L.Mustafayeva isə həyat yoldaşının Azərbaycana aparılmasından öncə də davamlı izləndiklərini bildirib. Onun deməsinə görə, izləmələr daha da intensivləşib. L.Mustafayeva iddia edib ki, bu, Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfər etməsindən sonra baş verib.

L.Mustafayeva bu məsələ ilə bağlı bəzi şəxslərin fotogörüntülərini də təqdim edib. Təqdim edilən fotolar həm Ə.Muxtarlının həbs edilməsindən əvvəlki dövrə, həm də avqust ayının əvvəllərinə aid olub. L.Mustafayeva deyib ki, onları izləyənlər eyni şəxslərdir.

L.Mustafayeva vurğulayıb ki, Tbilisiyə sığınan əksər siyasi fəallar nəzarət altındadır. Onun fikrincə, izlənilən şəxslərin həyatı təhlükədədir.

Mətbuat konfransında səsləndirilən fikirlərə Gürcüstanın və Azərbaycanın aidiyyəti qurumlarından hələlik münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG