Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:45

Çində məhbuslardan orqanların çıxarılması dayandırılıb


Çin məhbusları
Çin məhbusları

Vaxtilə Çinin orqan transplantasiyası sistemi beynəlxalq miqyasda qəzəblə qarşılanırdı. Belə ki, həkimlər ölüm cəzasına məhkum edilmiş məhbusların orqanlarını çıxarır, buna görə xeyli pul ödəyən xəstələrə köçürürdülər. Bu haqda «The Washington Post» qəzeti yazır.

Çin illər boyunca bunu danıb, ancaq indi boynuna alır və bildirir ki, daha bu metoddan istifadə olunmur. Bu, bir səhiyyə rəsmisinin iradəsi sayəsində mümkün olub. O, Amerikadan transplantasiya cərrahının köməyi ilə problemi yoluna qoya bilib.

DONOR REYESTRİ YARADILIB

Huang Jiefu adlı bu rəsmi könüllü donor reyestri yaradıb. Donorlar «Alipay» adlı onlayn ödəniş sistemi vasitəsiylə buraya daxil ola bilirlər. İndiyədək 230 min nəfər reyestrə qoşulub. Kompüter sistemi donorları uyğun potensial qəbulediciylə əlaqələndirir. Orqanı əldə etmək imkanı yaranan kimi həkimlərə də mesaj göndərilir.

Bu addımı Çindən kənardakı ekspertlər də alqışlayıblar.

«Çində düzgün yöndə əsaslı dəyişiklik baş verib», – Avstraliyadan aparıcı müalicə həkimi, Transplantasiya Cəmiyyətinin keçmiş prezidenti Jeremy Chapman belə deyir. O, vaxtilə Çindəki transplantasiya metodunu kəskin tənqid edirdi.

Ancaq yenə skeptiklər qalmaqdadır. Ötən il ABŞ Nümayəndələr Palatası qətnamə qəbul edərək Çində «dövlət səviyyəsində məcburi orqan toplanması»nı pisləyir, Kommunist Partiyasını gizli, adi həbsxanalardan kənarda saxlanan vicdan məhbuslarını öldürməkdə, transplantasiya sənayesini «yedizdirməkdə» ittiham edirdi.

Ancaq Huang və həmkarları bu iddiaları təkzib edir, Çinin keçmişdəki bədnam təcrübədən əl çəkdiyini bildirir.

NƏHƏNG BİZNES

Məqalədə deyilir ki, korrupsiyaya uğramış və qeyri-humanist hüquqi sistemdə saxlanmış məhbusların hesabına Çin dünyada Birləşmiş Ştatlardan sonra ikinci ən böyük transplantasiya sənayesini yarada bilmişdi. Bu nizamsız sistemdə orqanlar ən çox ehtiyacı olana deyil, ön çox pul verənə köçürülür, nəhəng gəlir götürülürdü.

«Orqanların ayrılması sərvət və hakimiyyət oyununa çevrilmişdi, heç bir sosial ədalətdən söhbət gedə bilməzdi», – Huang belə deyir.

Hər il edam olunan məhbuslardan minlərlə orqan toplanırmış, ancaq son 10 ildə Huang hökumətdən ən yüksək səviyyədə dəstək alıb və Çin tibbi isteblişmenti bu təcrübədən əl çəkib.

2010-cu ildən bəri yaradılan könüllü donorlar reyestri Çindən ötrü inqilab sayıla bilər. Bu islahata doğru ilk addımsa 2006-cı ildə atılıb. Huang ilk rəsmi olaraq tibb sənayesindəki bu açıq sirri etiraf edib.

MƏRKƏZ SAYI 160-A DÜŞÜB

Ona sakitcə dəstək verənsə Kaliforniya Universitetindən transplantasiya üzrə cərrah Michael Millis olub. Hər ikisi Rokfeller Fondu və Çin Tibb Şurasına (CMB) bağlı tibb mərkəzlərində çalışırlar. Həkimlər 10 il öncə bir görüşdə üz-üzə gəlirlər və Çinin transplantasiya sənayesiylə bağlı narahatlıqlarını bölüşürlər.

Vaxtilə Çində 600-dən çox transplantasiya mərkəzi varmış. 2007-ci ildə qeydiyyatdan keçmiş və təsdiqlənmiş mərkəzlərin sayı 160 idi. Eyni zamanda, orqan qaçaqçılığını yasaqlayan qanunvericilik də qüvvəyə mindi. Xaricilər Çinə orqan almaq məqsədiylə gəlişi də qadağan olundu.

Huang-ın sözlərinə görə, ötən il 4 min 80 donor ölümündən sonra, 2 min 201 nəfərsə sağlığında orqanlarını qohumlarına verib. Çində 13 min 238 orqan transplantasiyası əməliyyatı aparılıb. Onlardan çoxu böyrək və qaraciyər köçürülməsiylə bağlıdır. Bir neçə yüz əməliyyat zamanı isə ürək və ağciyər köçürülüb. Huang deyib ki, bu orqanların heç biri məhbuslardan götürülməyib, onların sistemi şəffafdır, orqanın mənbəyini yaxşı bilirlər.

XS
SM
MD
LG