Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:40

Ekspert: 'Postsovet məkanında ən keyfiyyətsiz Mülki Məcəllə bizdədir'


Zümrüd Yağmur
Zümrüd Yağmur

Qarabağ münaqişəsinin həll yolları, qanunvericiliyin vəziyyəti və ədəbi mühitin taleyüklü məsələlərlə bağlı tutduğu mövqe medianın aparıcı mövzularındandır...

«SÖZÜNÜ SATANLAR…»

Azadliq.info saytında «Alatoranlıqda həbs olunmuş şəfəq…» sərlövhəli yazı dərc edilib.

Müəllif Zümrüd Yağmur bu yazısında Azərbaycanı «sözün bitdiyi yer» kimi təqdim edir. Yazı ölkənin ədəbi mühitindən bəhs edir:

«Bu gün ölkədə baş verənləri izlədikcə, qəhr olursan. Dünən sözün savaşını verən bu sözlə savaşdan bir ictimai yük qazanıb, sonra o sözü satır. Mən 60-cıların bitmiş nəslindən bəhs etmirəm, yaxın tarixdə bu 60-cılara savaş açıb onlardan mövqe istəyənlərin, yeni nəsil yazarların indiki mövqesizliyindən bəhs edirəm...».

Müəllif bir məqama da diqqət çəkir. Z.Yağmur yazır ki, indi Azərbaycanda 37-ci ilin repressiyalarında sözünə sahib çıxıb Sibirə sürgün edilənlərlə rejimə boyun əyən yazarlara eyni dəyər verilir. Hər iki mövqe sahibləri dərsliklərdə eyni şəkildə və eyni formada yer alırlar:

«Bu gün daha Novruzəlidən, Fatmanisədən, saqqaldan yazıb diqqət cəlb etmək olmur. Bu üzdən də sakitlikdir və susqunluğun uğultusu içində söz gücdən düşüb. Xalq depressiyadadır, sanki 9 milyonluq bir kütlə sahibsiz və bilinməzliyin əhatəsində hərlənir. Yürümür, cəhd də etmir. Uçurum qarşıdamı, arxadamı, bunu belə bilməyə çabalamadan bilinməzlikdən asılıb qalmış kimi… Ölkədə tam zülmət də çökmür».

Yazıda vurğulanır ki, əgər bir xalqın sözünü deyən olmayacaqsa, o xalq mütləq qorxaq olacaq. Müəllifin gəldiyi nəticəyə görə, özü azad olmayan simalar xalqı azadlığa apara bilməz.

Əkrəm Həsənov
Əkrəm Həsənov

«PİS QANUNLAR...»

«Exo» qəzetində «Açıq deyə bilərəm ki, Azərbaycanda iqtisadi sahədə pis qanunlar daha çoxdur» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilir.

Ə.Həsənov hesab edir ki, ölkədə sahibkarlıq tənəzzül edib.

Ekspertə görə, bazar iqtisadiyyatı mülkiyyət hüququnun qorunması, sazişlərin icra olunması, sağlam rəqabət və inhisarın olmaması amillərinə əsaslanır:

«Amma təəssüf ki, hazırda Azərbaycanda hər üç bənd üzrə problemlər müşahidə edilir».

Ekspert ölkədə yaxşı qanunvericilik bazasının olması, amma onun icrasında problemlər yaşandığı haqda düşüncələri də bölüşmür:

«Birbaşa və açıq deyə bilərəm ki, Azərbaycanda iqtisadi sahədə pis qanunlar xüsusilə çoxdur. İqtisadiyyat və biznes üçün ən əsas qanun Mülki Məcəllə hesab edilir. Üstəlik, Mülki Məcəllə Azərbaycanda iqtisadi hüquq pozmalar sahəsində əsas qanunvericilik sayılır. Həm də bu, həcminə görə Azərbaycanın ən böyük məcəlləsidir».

Ə.Həsənov deyib ki, bu məcəllədə bir çox müddəalar anlaşılmazdır. Ekspert bunu həmin müddəaların xarici qanunvericilikdən pis şəkildə köçürülməsi ilə izah edir:

«Hətta qanunvericiliklə hər gün işləyən hüquqşünaslar belə, Mülki Məcəllə müəlliflərinin nə demək istədiklərini anlaya bilmək üçün baş sındırırlar. Odur ki, bu mənada sahibkarların hansı çətinliklərlə üzləşmələri barədə danışmağa sadəcə yer qalmır. Postsovet məkanında ən keyfiyyətsiz Mülki Məcəllə bizdədir».

Ə.Həsənov hesab edir ki, ölkədə sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən ötrü təkcə qanunları təkmilləşdirmək yetərli deyil. Üstəlik, hökumət özü problemləri aradan qaldırmaqda maraqlı olmalıdır:

«Nə qədər ki, hökumət, məsələn, hər bir korrupsioneri cəzalandırmaq kimi konkret addım atmayıb, biz heç zaman irəli gedə bilməyəcəyik».

Hikmət Hacıyev
Hikmət Hacıyev

RICHARD HOAGLAND-IN AÇIQLAMALARININ YARATDIĞI ƏKS-SƏDA...

AZƏRTAC isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə müsahibə dərc ediib.

Müsahibə, əsasən, Qarabağ münaqişəsi üzərində qurulub. H.Hacıyev ABŞ-dan olan keçmiş həmsədr Richard Hoagland-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə Ermənistan rəsmilərinin təpkisinə münasibət bildirib.

R.Hoagland bu yaxınlarda bildirmişdi ki, Qarabağ münaqişəsinin həllinə bir sıra mühüm elementlər töhfə verə bilər. Keçmiş həmsədr hesab edirdi ki, Qarabağın statusuna yalnız işğal edilmiş ərazilər geri qaytarıldıqdan sonra baxıla bilər. Üstəlik, Ermənistanla Dağlıq Qarabağ arasında koridor kimi bütöv Laçın rayonu götürülə bilməz.

H.Hacıyev bu fikirlə bağlı Ermənistan rəsmilərinin narahatlığını belə dəyərləndirib:

«Onlar gah ABŞ-dan olan həmsədr Richard Hoagland-ın səsləndirdiyi bəyanatların yeni olmadığı, gah artıq bu prinsiplərin aktuallığını itirdiyi, gah Ermənistanın buna razı olduğu, gah da bunun bütün həmsədrlərin mövqeyini əks etdirmədiyi kimi cəfəng və ziddiyyətli bəyanatlar verir. Əslində, bununla Ermənistan özü-özünü ifşa edir. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında əks olunan, ABŞ-dan olan həmsədr R.Hoagland-ın bir daha səsləndirdiyi və digər həmsədrlərin dəstəklədiyi bu prinsiplər əsasında münaqişənin həlli üzrə danışıqlara cavab vermək əvəzinə söz oyunu ilə məşğuldur. Nə zaman ki, münaqişənin həlli ilə əlaqədar konkret məsələlər gündəmə gəlir, o zaman Ermənistan siyasi avantüraya, tavtoloji söz oyununa və onun ardınca hərbi təxribatlara əl atır...».

XS
SM
MD
LG