Lənkəranda prezidentin sədrliyi ilə keçirilən Respublika müşavirəsi, maşın bazarındakı durum və Azərbaycanın seçki təcrübəsi medianın aparıcı mövzularındandır…
AFRİKANI HEYRƏTLƏNDİRMƏK
Azadliq.info saytında «İlham Əliyevin seçki saxtakarlığı Afrikanı da heyrətləndirir» sərlövhəli yazı oxumaq olar. Yazıda Milli Şuranın sədri, professor Cəmil Həsənlinin düşüncələrinə yer verilib.
C.Həsənli əvvəlcə Azərbaycanda keçirilən son prezident seçkisinə toxunur:
«2013-cü ilin prezident seçkilərinin nəticələri seçkidən bir gün əvvəl kiçik bir «texniki xəta» ucbatından bütün dünyaya bəlli oldu. Dünyanın çeşidli ölkələrinin tanınmış televiziyalarında yumor proqramı aparanlar Azərbaycanın seçki «möcüzələrini» Həzrəti Musanın möcüzələri ilə müqayisə etdilər…».
C.Həsənlinin yazdığına görə, artıq Afrika ölkələrində belə Azərbaycandakı seçkilər pis nümunə kimi misal çəkilir. O, avqust ayında Keniyada keçirilən prezident seçkilərinin üzərində dayanır. Bu ölkədə seçkinin nəticələrinin ləğvinə nail olmuş müxalifət lideri Raila Odinga-dan sitat gətirir.
«Son seçkilərdəki kimi saxtakarlıq yalnız Azərbaycanda seçki qutuları açıldıqdan sonra üzə çıxmışdı. Bu seçkilərlə bizim yeni yaranmağa başlayan demokratiyamız «seçki avtoritarizmi» adlı sistemə çevrilir. Bu sistemdə diktatorlar hər 4-5 ildən bir saxta seçki keçirməklə demokratiya libasına bürünürlər. Biz pisdən ən pisə doğru gedirik», - C.Həsənlinin yazmasına görə, R.Odinga deyib.
Yazıda daha sonra oxuyuruq:
«Bu, Afrika qitəsinin Şərqində yerləşib 1963-cü ildə müstəqillik almış və bir vaxtlar zuluslarla qonşuluqda kikuyyu-kamba tayfalarının hökmranlıq etdiyi Keniya, bu da öz tarixi keçmişi ilə fəxr edib 1918-ci ildə Şərqdə ilk cümhuriyyət qurmuş Azərbaycan. İndi özünüz gördünüz ki, İlham Əliyevin 14 illik müstəbidliyi müsəlman şərqinə ilk cümhuriyyət nümunəsi vermiş bir ölkəni hansı vəziyyətə salıb?..».
DİZEL MÜHƏRRİKLİ AVTOMOBİLLƏR BAHALAŞIR…
«Yeni Müsavat» qəzetində «Benzinin bahalaşması mühərrikinin həcmi böyük olan avtomobillərin «bazarını öldürüb»» sərlövhəli məqalə diqqət çəkir.
Yazıda bildirilir ki, bu ilin iyul ayında Aİ-92 markalı benzin bahalaşdıqdan sonra (Aİ-92 markalı benzinin litri 70 qəpikdən 90 qəpiyə qaldırılıb) bazarda dizellə işləyən avtomobillərdə qiymət atımı müşahidə edilir:
«Dizellə işləyən və ya az yanacaq yandıran kiçikhəcmli mühərriklərə malik avtomobillərə tələbat artıb».
Yazıda vurğulanır ki, bazarda kifayət qədər alıcı gözə dəysə də, qiymətlərin kəskin artımı bir çoxlarının əliboş qalmasına səbəb olub.
Satıcılar qəzetə deyiblər ki, bahalaşmanın əsas səbəbi ölkəyə köhnə avtomobillərin idxalının məhdudlaşdırılmasıdır. 2006-cı ildən əvvəl istehsal olunan avtomobillər ölkəyə buraxılmır.
Müəllif yazır ki, bir tərəfdən də bazardakı dəllallar vəziyyətdən istifadə edib qazanmaq istəyirlər. Onlar maşınları satıcılardan ucuz qiymətə alaraq, baha qiymətə satmağı bacarırlar.
«2-3 ay əvvəl ilə müqayisədə maşınların qiymətində hiss olunacaq artım müşahidə edirik. 30-a yaxın alıcı maşınla maraqlanıb, amma qiymətdə razılaşmamışıq. Alverçi isə 8 min manata aldığı avtomobili asanlıqla 9000-9500 manata sata bilir», - deyə satıcılardan biri gileylənir.
Yazıda bildirilir ki, bazarda dizellə işləyən «Mercedes» markalı avtomobil benzinlə işləyən eyni markalı avtomobildən minimum 1000-1500 manat bahadır.
Müəllif vurğulayır ki, irihəcmli mühərrikli avtomobillərin qiymətində isə bahalaşma müşahidə olunmur.
PREZİDENT: «BİZ MƏQSƏDİMİZƏ ÇATMIŞIQ»
«Azərbaycan» qəzetində isə prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsinə geniş yer verilib.
Qəzet prezidentin çıxışını da dərc edib.
Dövlət başçısı deyib ki, son vaxtlar ölkədə kənd təsərrüfatına dövlətin dəstəyi artıb.
İ.Əliyev vurğulayıb ki, ərzaq təhlükəsizliyi sahəsində önəmli addımlar atılıb:
«Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafında dair Dövlət Proqramının da əsas məqsədi elə bu idi. Regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq».
Prezident bildirib ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. O, 2004-cü, 2009-cu və 2014-cü illərdə qəbul edilmiş dövlət proqramlarının üzərində dayanıb. Dövlət başçısı həmin proqramları iqtisadi inkişafın əsası adlandırıb.
Prezident deyib ki, bu proqramların icrası ilə ölkə özünü elektrik enerjisi, qazla təmin edir, idxaldan asılılıq aradan qalxıb:
«Bir sözlə, biz sürətli iqtisadi inkişaf üçün əvvəlki illərdə yenilənmiş, müasir infrastruktur yaratdıq ki, bundan sonra bunun əsasında uğurla inkişaf edə bilək».