«14-24»ün bu dəfəki qonaqları «Tələbə» qrant proqramını həyata keçirən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev, Skautlar Hərəkatının Bakı Dövlət Universitetində yaradılan bölməsinin rəhbəri İlyas İsmayıllı və gənc ifaçı Cahid Əlibəyovdur. Sonuncu daha çox «Azəristar» müsiqi müsabiqəsinin iştirakçısı kimi tanınır.
Vüsal Quliyev deyir ki, «Tələbə» qrant proqramını həyata keçirməkdə əsas məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması, onların universitet və ictimai –siyasi həyatda rollarının artırılması üçün təşəbbüslərini dəstəkləməkdən ibarətdir.
İlyas İsmayıllı isə bildirir ki, Azərbaycanda skaut təşkilatı 1997-ci ildə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılıb: «1999-cü ildən isə təşkilat Ümumdünya Skaut Hərəkatına qoşulub. Skaut - ingilis dilindən tərcümədə kəşfiyyatçı deməkdir. Ancaq bu, o demək deyil ki, təşkilatın işi kəşfiyyatçı hazırlamaqdır. Skaut təşkilatı birinci növbədə, vətənpərvər və məsuliyyətli gənclər hazırlayır. Bakı Dövlət Universitetindəki bölməsi isə bu ilin sentyabr ayından fəaliyyət göstərir».