Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Jurnalistin həbs müddəti daha 3 ay uzadılıb


Əziz Orucov

Bu gün, avqustun 29-u Bakının Nəsimi Rayon Məhkəməsi «Kanal 13» İnternet Televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun həbs müddətinin dekabrın 17-nə kimi (3 ay) uzadılması barədə qərar qəbul edib.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.

«İstintaq orqanı həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə hər hansı bir tutarlı sübut təqdim etmədi», - vəkil qeyd edib.

Onun sözlərinə görə, Ə.Orucov məhkəmədə çıxış edərək istintaq orqanına etiraz edib. «O bildirdi ki, həbsdə olmasına, ümumiyyətlə, əsas yoxdur», - E.Sadıqov deyib.

«Kanal 13» İnternet Televiziyasının Bakı bürosunun rəhbəri Ə.Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Jurnalist ittihamları qəbul etmir.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi hazırda Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG