Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:03

Büdcəyə şərik 'ikili mühasibat'-Mətbuat icmalı


Korrupsiya
Korrupsiya

Qeyri-neft sektorunun inkişafı, «ikili mühasibat»ın iqtisadiyyata vurduğu zərbələr və dövlət proqramlarında anlaşılmaz cəhətlər bu gün (24 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır…

«İKİLİ MÜHASİBAT»

«Exo» qəzetində «Azərbaycanda dövlət xəzinəsi «ikili mühasibat» üzündən külli miqdarda itirir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif iş yerlərində vergi ödənilməsinin tələblərə uyğun olub-olmamasını ekspertlərlə müzakirəyə çıxarır.

Yazıda bildirilir ki, hər bir vətəndaşın dövlət qarşısında hüquqları olduğu kimi, öhdəlikləri də var. Bunlardan biri də vaxtaşırı ödənilməli olan vergi öhdəliyidir.

Ekspert Seyfəl Əliyev deyib ki, 2016-cı ilin statistikasına inanılsa, Azərbaycanda vergi orqanlarına borclular o qədər də çox deyil:

«Rəsmi məlumatlara görə, keçən il dövlət vergi orqanlarına cəmi 10 min borclu qeydə alınıb. Vergi borclarının ümumi həcmi isə 2016-cı ildə 2.4 milyard manat olub. Amma bunu da nəzərə almaq lazımdır ki, bu məbləğin yarısı dövlət müəssisələrinin vaxtında ödəmədikləri vergilərdir».

S.Əliyevin hesablamalarına görə, qalan 1.2 milyard manat Azərbaycan əhalisi arasında bölünsə, o zaman belə çıxır ki, hər vətəndaşın vergi orqanları qarşısında 120 manat borcu var.

Yazıda bildirilir ki, 2017-ci ildə Vergilər Nazirliyi xəttiylə büdcəyə 7.645 milyard manat vəsait daxil olması gözlənilir. Bu da bütün büdcənin 45.6 faizi deməkdir.

Müəllif xatırladır ki, bu il büdcənin gəlirləri 16.766 milyard manat, xərcləri isə 17.941 milyard manat müəyyən edilib.

Ekspert Vüqar Bayramov isə mövzu ilə bağlı qəzetə deyib ki, dövlət xəzinəsi hər il iri həcmdə vəsaitlər itirir:

«Belə durumun yaranmasının əsas səbəblərindən biri indiyə kimi geniş yayılan «ikili mühasibat»ın olmasıdır».

Pambıq
Pambıq

DÖVLƏT PROQRAMLARI VƏ ANLAŞILMAZLIQLAR

«Novoye Vremya» qəzetində isə diqqəti «Dövlət proqramlarının problemləri» sərlövhəli məqalə cəlb edir.

Yazıda hökumətin pambıqçılığın və tütünçülüyün inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramlarının səmərəliliyi dəyərləndirilir:

«Bu bitkilər texniki xarakterlidir, onların inkişafı spesifik şərtlərə bağlı olduğu üçün buna zəruri şəraitin olması lazımdır. Hər iki sahə üzrə dövlət proqramı isə, spesifik parametrlər istisna olmaqla, bir-birinin bənzəridir».

Müəllifə görə, əgər dövlət bu sahələri inkişaf etdirmək istəyirsə, o zaman keçmiş təcrübəni öyrənməlidir.

Yazıda vurğulanır ki, əslində indiki halda ölkədə pambıq istehlakçılarının bazarı yoxdur. Ölkədə parça istehsalının səviyyəsi çox aşağıdır:

«Bazarda satılan məhsulların əksər hissəsi idxal mallarıdır, zəruri infrastruktur var, o da çox zəif durumdadır. Fermer təsərrüfatları dövlətin pambığı alacağı fürsətindən istifadə edirlər. Amma sonrakı məsələlər heç kəsi maraqlandırmır. Bu məhsulun böyük hissəsi ixraca hesablanır. Amma beynəlxalq bazarda Azərbaycanı heç kəs tanımır, pambığın keyfiyyəti isə heç də yaxşı deyil».

Müəllif hesab edilir ki, tütünçülüyün inkişafı ilə bağlı isə ümumilikdə bir anlaşılmazlıq var. Bir tərəfdən, parlament və hökumət ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdırır, cərimələri artırır. Digər tərəfdən isə, tütünçülüyün inkişafı ilə bağlı dövlət proqramı qəbul edilir:

«O zaman bu sahə necə inkişaf edəcək, çünki onun əsas istehlakçıları siqaret çəkənlərdir. Bu sahədə ixracdan danışmaq isə gülməli görünür...».

Maştağa-Bilgəh yolu
Maştağa-Bilgəh yolu

QEYRİ-NEFT SEKTORUNUN REGİONLARDA İNKİŞAFI

«Azərbaycan» qəzetində «Qeyri-neft sektorunun inkişafı Azərbaycanın bütün bölgələrini əhatə edir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, qeyri-neft sektoru ölkə iqtisadiyyatında getdikcə özünə daha geniş yer alır. Ölkənin hər tərəfində çoxlu sayda yeni müəssisələr açılır:

«Dövlət başçısı İlham Əliyevin Göygöl, Samux, Şəmkir, Gədəbəy rayonlarına səfəri zamanı açılan yeni müəssisələr bunun daha bir təsdiqidir».

Yazıda bölgələrdə yol infrastrukturunun yaradılmasına da diqqət çəkilir. Müəllif vurğulayır ki, yol insanların rahatlığı və iqtisadi inkişafının əsas amillərindən biridir. Yol varsa, ticarət də, turizm də, digər sahələr də inkişaf edəcək.

Yazıda yol tikintisi ilə bağlı prezident İlham Əliyevdən sitat da gətirilir:

«Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir, bu ümumi layihənin şərti adı «Qırx yol» layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə 5 kəndi əhatə edir. Yəni, «Qırx yol» layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır».

Müəllif qeyd edir ki, ölkənin bütün bölgələrində təkcə istehsal müəssisələri yaradılmır. Yeni-yeni məktəblər, səhiyyə ocaqları, uşaq bağçaları, elektrik stansiyaları inşa edilməkdədir...

XS
SM
MD
LG