Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:07

'Güzəştli kredit götürmək istəyənlər də azalıb' - Media icmalı


Pul
Pul

Azərbaycanın beynəlxalq layihələrdə iştirakı, qeyri-neft sektorunun iqtisadiyyatda əhəmiyyəti və pensiya sistemi ilə bağlı təkliflər bu gün (21 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

QEYRİ-NEFT SEKTORUNDAN GÖZLƏNTİLƏR...

«Novoye Vremya» qəzetində «Qeyri-neft sektoru nə zaman iqtisadiyyatın lokomotivinə çevriləcək?» sualına cavab axtarılır.

Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatının durumu mürəkkəb olaraq qalır. Onun nə zaman pozitiv tərəfə yönlənəcəyi məlum deyil:

«Bu ilin 7 ayı ərzində qeyri-neft sektorunun 2.2 faiz inkişaf etməsinə baxmayaraq, ümumi daxili məhsulun həcmi 1 faiz azalıb. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatında ab-havanı yenə də neft sektoru müəyyən edir. Ölkə ixracı yenə neft və qazdan asılıdır».

Yazıda vurğulanır ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu da azalmaqdadır. Belədə isə iqtisadiyyatda artım gözləmək düzgün deyil.

Müəllif bildirir ki, hətta Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərinə belə, maraq yoxdur. 150 milyon manat güzəştli kreditdən cəmi 68 milyon manata yaxını götürülüb:

«Əgər güzəştli kreditlərə tələbat yoxsa, o zaman bank kreditlərindən danışmağına dəyməz. Regionlarda banklar müştərilərə 2017-ci il iyulun 1-nə kimi 2 milyard 193 milyon 789.1 min manat ayırıb. Bu da 2016-cı ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 10.3 faiz azalma deməkdir. Başqa sözlə, iqtisadiyyatın banklar vasitəsilə kreditləşməsi də azalmaqda davam edir».

Yazıda bildirilir ki, dövlət ölkə iqtisadiyyatına əvvəlki qədər sərmayə qoymaq gücündə deyil. Özəl sahə də yerində sayır:

«Görünən budur ki, sahibkarlar hətta güzəştli kredit belə götürməyə və bu vəsaitləri istehsal sahəsinin inkişafına fəal şəkildə yerləşdirməyə maraq göstərmirlər».

Müəllif bu durumun yaranmasını təsadüf saymır. Onun fikrincə, sahibkarlar gələcəklə bağlı nikbin deyillər.

Pensiyaçılar bankomat qarşısında
Pensiyaçılar bankomat qarşısında

PENSİYALARA YENİDƏN BAXILMALIDIR

«Exo» qəzetində «Azərbaycanda pensiya məbləğləri arasında kəskin fərq müşahidə olunur» sərlövhəli məqalə oxumaq olar. Yazıda ayrı-ayrı kateqoriyadan olan insanlara verilən pensiyaların məbləğləri arasında fərqlər ekspertlərlə müzakirəyə çıxarıb.

Ekspertlərə görə, Azərbaycanda pensiya sistemi heç də yaxşı durumda deyil. Ölkədə qeyri-formal əmək bazarının miqyası sürətlə genişlənir, bu isə neqativ nəticələrə səbəb olacaq.

Mütəxəssislər eyni zamanda vurğulayıblar ki, Azərbaycanda pensiya sistemində kəskin fərqlər mövcuddur:

«Azərbaycanda keçmiş dövlət qulluqçularının pensiyaları kifayət qədər yüksəkdir. Məsələn, keçmiş deputatlar əmək haqlarının 80 faizi həcmində pensiya alırlar. Bu da təqribən 2000 manata yaxındır. Amma təhsil və səhiyyə sisteminin keçmiş əməkdaşlarının pensiyaları 200 manatdan çox deyil. Rəsmi göstəricilərə əsasən isə, ölkədə orta aylıq pensiya 202 manat təşkil edir. Lakin elə pensiyaçılar var ki, minimal pensiya alırlar».

Ekspertlər bildiriblər ki, fabrik və zavodlarda uzun illər sıravi əməkçi kimi çalışanlar çox az pensiya alırlar. Ona görə də bu sistemə yenidən baxılmalıdır.

Ekspertlər vurğulayıblar ki, ölkə əhalisinin cəmi 1.5 milyon nəfəri əmək müqaviləsi ilə işləyir. Onlardan da 960 min nəfər dövlət sektorunda çalışanlardır. Üstəlik, bəzi yerlərdə «ikili mühasibat» da var:

«Qalan vətəndaşlar qeyri-formal əmək bazarında çalışırlar. Ona görə də Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə dəyişikliklərlə bağlı səmərəsiz islahatlar əvəzinə qeyri-formal əmək bazarını ləğv etməyə çalışmalıdır».

Yazıda bildirilir ki, 2017-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq pensiya 202.2 manata bərabərdir. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 6.6 faiz çoxdur.

Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, bu il iyul ayının 1-nə Azərbaycanda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydə alınıb. Bu, bütün əhalinin 13.7 faizi deməkdir.

İ.Əliyev
İ.Əliyev

ETİBARLI BEYNƏLXALQ TƏRƏFDAŞ

«Azərbaycan» qəzetində «Azərbaycan qlobal layihələri beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirir» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub Qaz Dəhlizi» layihəsi uğurla icra edilir.

Müəllifə görə, bu fakt Azərbaycanın dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaratmasının göstəricisidir.

Yazıda xatırladılır ki, dövlət müstəqilliyi bərpa olunandan sonra dünyanın bir sıra tanınmış enerji şirkətləri Azərbaycana işləməyə dəvət olunub. 1994-cü ildə «əsrin müqaviləsi» imzalanıb. Müəllifin fikrincə, bununla da keçmiş prezident Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının əsasını qoyub.

Yazıda vurğulanır ki, «əsrin müqaviləsi» Xəzər dənizini beynəlxalq əməkdaşlıq məkanına çevirib və dünyanın əsas neft-qaz şirkətləri ora çox böyük həcmdə sərmayələr yatırıb.

Müəllifin fikrincə, Azərbaycanın əldə etdiyi uğurların bir çoxunun əsası məhz həmin dövrdə qoyulub.

Yazıda prezident İlham Əliyevdən sitat da gətirilir:

«Hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında prezident tərəfindən imzalanır. Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Belə zəmanət sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır».

XS
SM
MD
LG