Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Paşa Holdinqin 100 milyonluq yeni oteli


Azerbaijan -- Pasha Holding
Azerbaijan -- Pasha Holding

Bilgəh qəsəbəsində, Xəzərin sahilində yerləşən beşulduzlu otel «Paşa Holding» şirkətlər qrupunun mülkiyyətinə keçib. Holdinqə daxil olan və otel idarəçiliyi üzrə ixtisaslaşmış «Absheron Hotel Group» MMC hazırda «Bilgah Beach Hotel» adını daşıyan bu mehmanxananı öz otellərindən biri kimi (https://goo.gl/GbXdZQ) təqdim edir.

Marriott Absheron Baku Hotel
Marriott Absheron Baku Hotel

Holdinq oteli yeni yaratdığı «Yeni Bilgəh Oteli» MMC vasitəsilə idarə edəcək. Bu il iyulun 25-də yaradılan şirkətə «Paşa Holding» qrupunun bir çox otelçilik və iaşə müəssisələrinə rəhbərlik edən Vüqar Rəhmətov direktor təyin olunub. Yeni şirkətin nizamnamə kapitalı 100 milyon manatdır.

Otel əvvəl «Azinko Holdinq»in mülkiyyəti idi

Otelin daşınmaz əmlak kimi satıldığı, yaxud onun sahibi olan şirkətin mülkiyyətçisinin dəyişməsi yolu ilə idarəçiliyinin dəyişməsi barədə məlumat verilmir. Bəlli olan budur ki, onun sahibi – «Azinko Holdinq» MMC-yə daxil olan «Sahil Az Ko» Mənzil-Tikinti Kooperativinin nizamnamə kapitalı 48 manatdan 750 min manata qalxıb. Daşınmaz əmlak üzrə ekspertlər hər iki halda əmlakın satışı üzrə dövlət büdcəsinə iri məbləğdə vergi ödənilməli olduğunu düşünürlər. Çünki Vergi Məcəlləsinə görə, bu tipli əməliyyatlarda vergi daşınmaz əmlakın sahəsinə görə hesablanır.

Jumeirah getdi…

Tikintisinə 2007-ci ildə başlanan otel 2011-ci ildə istifadəyə verildi. Şirkət 2012-ci ildə oteli beynəlxalq mehmanxana idarəçiliyi üzrə məşhur olan Jumeirah şirkətinə (https://goo.gl/HdPU8y) ötürdü və 2017-ci ilədək o, «Jumeirah Bilgah Beach Hotel» adı altında fəaliyyət göstərirdi. Bu yaxınlarda isə «Jumeirah Management Services (Baku)» MMC-nin Azərbaycandakı filialı fəaliyyətini dayandırdığını elan edib.

Skrin: “Vergilər” qəzeti

176 nömrəlik «Bilgah Beach Hotel» (https://goo.gl/5UjGHS) dəniz sahilində 9,4 hektar sahədə yerləşir. Mehmanxana kompleksi 17 mərtəbəli binadan, eləcə də kotec tipli 14 ədəd iki mərtəbəli evlərdən (hər birinin sahəsi 156 kvadrat metrdir) ibarətdir. Tikililərin ümumi sahəsi isə 52 min kvadrat metrdən çoxdur. Burada universal kinokonsert zalı, əsas yemək zalı, 7 restoran, diskoteka, açıq kafe, banket zalı, su hovuzu, fitnes mərkəzi, sauna və türk hamamı, yeraltı avtomobil dayanacağı var. Bundan başqa, Xəzər sahili boyunca 300 metrlik çimərlik (https://goo.gl/D1CPsD) də otelin özəl istifadəsindədir.

Paşa Holdinqin 10 oteli var

Hazırda «Paşa Holdinq» şirkətlər qrupu iki törəmə şirkəti («Absheron Hotel Group» MMC və «PMD Group» MMC) vasitəsilə Azərbaycanda və Türkiyədə, ən azı, 10 otelin mülkiyyətçisi və idarəedicisidir. Bunlar: «Pik Palace Hotel» (167 nömrə), «Park Chalet Shahdag» (164 nömrə), «Boulevard Hotel Baku» (818 nömrə), «Intourist Hotel Baku» (150 nömrə), «Dinamo Hotel Baku» (29 nömrə), «Four Seasons Hotel Baku» (171 nömrə), «JW Marriott Absheron Baku» (237 nömrə), «Allium Villas Bodrum» (36 nömrə), «Naftalan Hotel Qashaltı» (125 nömrə və 3 villa) və «Şamaxı Palace Hotel»dir (102 nömrə).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG