Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:13

Vəkilləri Gözəl Bayramlı ilə Əfqan Muxtarlının azadlığın istəyir


Əfqan muxtarlı

Vəkilləri Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbs müddətinin 2 ay uzadılmasından şikayət ediblər. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Nəsimi Rayon Məhkəməsinin avqustun 17-də qəbul etdiyi qərarların ləğv edilməsi istənilir.

Bu haqda AzadlıqRadiosuna onların vəkillərindən Zibeydə Sadıqova məlumat verib.

Apellyasiya şikayətində qeyd edilir ki, Nəsimi Rayon Məhkəməsi G.Bayramlı və Ə.Muxtarlının həbs müddətini uzadarkən hesab edib ki, onlar azadlıqda olarlarsa istintaqdan yayına, yenidən cinayət törədə bilərlər.

Müdafiə tərəfi məhkəmənin bu qərarının əsasının olmadığını iddia edir. Vəkillər qeyd edir ki, məhkəmə gəldiyi qənaəti heç bir arqumentlə izah etməyib. Halbuki, prosessual qanunvericilik həbs qərarı çıxarılarkən orada göstərilən hərəkətlərin edilməsi ehtimalının kifayət qədər əsaslı olmasını tələb edir.

Şikayətdə vurğulanır ki, həm milli, həmn də beynəxalq qanunvericilik ibtidai həbs müddətinin uzadılmasından ötrü 4 əsas müəyyən edir. Bunlar şəxsin gizlənmə, istintaqa mane olmaq təhlükəsinin olması, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ictimai asayişi qorumaq zərurətləridir.

Vəkillər hesab edir ki, G.Bayramlı və Ə.Muxtarlı işində bu əsasların heç biri mövcud deyil.

Bakı Apellyasiya Məhkəməsindən Nəsimi Rayon Məhkəməsinin G.Bayramlı və Ə.Muxtarlının həbs müddətinin 2 ay uzadılması ilə bağlı qərarının ləğv edilməsi, onların hər ikisinin azadlığa buraxılması istənilir.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib.

Jurnalist Əfqan Muxtarlı isə Gürcüstandan oturum izni alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG