Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:54

'32 bankdan 20-si qalacaq'-Media icmalı


Bank
Bank

Ölkədə turizmin inkişafı, daha bir neçə bankın bağlanacağına aid gözləntilər və ÜDM-in azalmasının davam etməsi bu gün medianın (16 avqust 2017-ci il) aparıcı mövzularındandır...

PROQNOZ: «DAHA 10-DAN ÇOX BANK BAĞLANACAQ»

«Exo» qəzetində «Proqnoz: 2020-ci ilə Azərbaycanda 32 bankdan 20-si qalacaq» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ekspertlərlə ölkənin bank sisteminin durumu təhlil edilir.

Müəllif yazır ki, neftin qiymətinin kəskin düşməsi və manatın devalvasiyası göstərdi ki, Azərbaycanın bank sistemi ən zəif bəndlərdir:

«Bank sisteminin bütün zəif tərəfləri göründü. Bəzi maliyyə qurumları «sabun köpüyü» kimi partlamaqla dövlətin onsuz da zəif olan iqtisadi durumunu bir qədər də laxlatdı. İtkilərə başa gələn bu sarsıntılardan sonra özünə gələn banklar varlıqlarını davam etdirdilər. Ancaq vaxtıkeçmiş kreditlər bir çox banklar üçün həll olunmamış problem kimi qalmaqdadır. Bir çox banklar qənaət xatirinə ştat vahidlərini xeyli ixtisara salıblar. Bu müştərilərlə iş məsələsinə neqativ təsir göstərir».

Yazıda bildirilir ki, ötən il ölkədə 11 bank bağlanıb. Hazırda 32 bank mövcuddur. Ekspert Vüqar Bayramov ölkənin bank sistemindəki durumu qəzetə belə dəyərləndirib:

«Azərbaycan bank sisteminin böhrandan çıxması barədə hələ ki, danışmaq olmur. Vaxtıkeçmiş kreditlərin həcmi heç də az deyil. Bankların likvidliyi də yaxşı durumda deyil. Elə bu iki səbəb kifayət edir ki, bank sisteminin böhrandan çıxmadığını söyləyə bilək».

V.Bayramov hesab edir ki, zəif bankların bağlanması və ya konsolidasiya prosesi bundan sonra da davam edəcək. Onun fikrincə, bankların bağlanması ölkə iqtisadiyyatına həmişə sarsıntı gətirir. Odur ki, burada bir neçə bankın birləşməsi ən yaxşı çıxış yoludur.

Digər bir ekspert Əkrəm Həsənov da deyib ki, 2016-cı ilin dördüncü rübü ilə bağlı 15 bank maliyyə hesabatını dərc etməyib:

«Ötən illərin təcrübəsindən aydındır ki, öz hesabatlarını dərc etməyən maliyyə institutları, bir qayda olaraq, iflas ərəfəsində olan qurumlardır».

Xəzərdə neft buruqları
Xəzərdə neft buruqları

ÜDM-DƏ AZALMA NARAHATLIQ YARADIR

«Novoye Vremya» qəzetində isə diqqəti «İqtisadiyyatda həyəcan siqnalı» sərlövhəli məqalə cəlb edir.

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1 faiz azalıb. Müəllif bunu narahatlıq doğuran amil sayır.

Yazıda xatırladılır ki, 2016-cı ildə ÜDM 4 faizə yaxın azalıb:

«Əgər ölkə iqtisadiyyatı bu sürətlə kiçilsə, bu il də ÜDM-in azalması 3 faizə çatacaq. Bu sırada sənaye istehsalının əhəmiyyətli şəkildə azalması narahatlıq yaradır».

Müəllif rəsmi statistikaya istinadən vurğulayır ki, bu ilin 7 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalı 5.4 faiz azalıb:

«Göründüyü kimi, neft sahəsindəki böhran özünü hər yerdə göstərir. ÜDM, bank sektoru, sənaye istehsalı, kəsirli büdcə və iqtisadiyyatın bütün qeyri-neft sektoru əziyyət çəkir».

Müəllif diqqəti rəsmi statistikaya görə, 25 min iş yerinin bağlanmasına da çəkir:

«İkiqat devalvasiya, nağd valyuta çatışmazlığı və iqtisadi böhran daha çox biznesi vurub. Yüzlərlə obyektlər bağlanıb, sahibkarlar isə müflisləşiblər. Bütün bu müddət ərzində durum yaxşılaşmayıb. Halbuki, biznesin inkişafı ÜDM-in və sənaye istehsalının artmasına dəstək ola bilərdi. Ölkədəki biznes mühiti nə yerli işgüzar şəxslərdə, nə də xarici investorlarda nikbinlik yaradır».

Müəllifin fikrincə, əgər yerli iş adamları vəsaitlərini ölkədən çıxarıb xaricə yatırıblarsa, ÜDM-in azalması yox, artması təəccüblü olardı:

«Başqa sözlə, neftin qiymətinin kəskin enməsiylə başlayan iqtisadi böhran iqtisadiyyatın bütün sahələrinə mənfi təsirini göstərir və real islahatlar başlamayana kimi bu davam edəcək».

Azərbaycana gələn turistlər hara gedir?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

İSLAHATLARIN UĞUR FORMULU

«Azərbaycan» qəzetində «Mütərəqqi islahatların uğur formulu» sərlövhəli məqalədə ölkədə turizmin inkişafı ilə bağlı yürüdülən rəsmi siyasət təriflənir.

Müəllif yazır ki, Azərbaycan tarixinin ən möhtəşəm inkişaf və qüdrətli dövlətçilik dövrünü yaşayır. Şərqlə Qərb arasında sağlam körpü rolunu oynayır.

Yazıda vurğulanır ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan tolerantlığı, multikulturalizmi, tarixi, milliliyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə və ən əsası isə etibarlı tərəfdaş kimi dünya dövlətlərinin diqqətini özünə cəlb etməkdədir.

Müəllif indiki qloballaşma prosesləri dövründə xalqlararası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini də dövlət siyasətinin mühüm tərkib hissəsi adlandırır:

«Prezident İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının son 14 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir».

Müəllif yazır ki, məhz yeridilən bu siyasətin nəticəsində son illər Azərbaycanda turizmin inkişafına geniş imkanlar açılıb.

Yazıda vurğulanır ki, turist axını ölkəyə valyuta axınının artması baxımından mühüm əhəmiyyət kəsb edir:

«Bunu statistik rəqəmlərə nəzər yetirdikdə bir daha aydın görmək mümkündür. Bu ilin 6 ayında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur».

XS
SM
MD
LG