Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:24

Prezident İlham Əliyev Londonda keçirilən Dünya Atletika Çempionatında 200 metrə qaçışın qalibi Ramil Quliyevi təbrik edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident yazır ki, bu, tarixi hadisədir:

«Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik».

Prezident R.Quliyevə idmanda yeni qələbələr arzulayıb.

Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan da R.Quliyevi təbrik etmişdi.

XATIRLATMA

Ramil Quliyev 1990-cı il mayın 29-da Bakıda doğulub.

2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2011-ci ildə Lent.az-a müsahibəsində onu «fərari» adlandırmış, demişdi ki, «qayıtsa da onu qəbul etməyəcəyik»:

«Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir».

Ç.Hüseynzadə həmin müsahibəsində gələcəkdə Azərbaycanda R.Quliyevdən də yaxşı idmançılar yetişəcəyini demişdi:

«O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur», - deyə Ç.Hüseynzadə həmin vaxt müsahibəsində bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG