Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 21:41

Azərbaycan idmançıları Londonda medal qazanmadı


London stadionu

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günü yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, çempionatda dörd idmançı ilə iştirak edən Azərbaycan millisinin son təmsilçisi də yarışı başa vurub.

Üçtəkanla tullanmada çıxış edən Alexis Copello final mərhələsində medallar uğrunda mübarizə aparıb. Atlet 17 metr 16 santimetr nəticə göstərib. Bürünc medal qazanmağa cəmi üç santimetri çatmayan A.Copello dünya çempionatında beşinci pillədə qərarlaşıb. O, daha iki idmançı ilə eyni nəticə göstərsə də, əlavə göstəricilərə görə onlardan birindən öndə, digərindən geridə yer alıb.

Bununla da A.Copello çempionatda, Azərbaycanın digər təmsilçisi Anna Skidan kimi, beşinci yerlə kifayətlənib. Digər iki idmançı - üçtəkanla tullanmada Nazim Babayev, 5 min metr məsafəyə qaçışda isə Hayle İbrahimov final mərhələsinə çıxa bilməyiblər.

Ramil Quliyev
Ramil Quliyev

RAMİL QULİYEV QIZIL MEDAL QAZANDI

Əslən Azərbaycandan olan, son illər Türkiyəni təmsil edən Ramil Quliyev isə Londonda keçirilən Dünya Atletika Çempionatında 200 metrə qaçışın qalibi olub. O, Türkiyəyə ilk qızıl medalını qazandırıb.

Bu qaçışda qələbəsi gözlənilən Wayde Van Niekerk gümüş medala sahiblənib.

Quliyev 200 metrlik qaçışı 20.09 saniyəyə başa vurub.

Qaçışı şərh edən Britaniya telekanalları R.Quliyevin Azərbaycandan olduğunu təkrar-təkrar vurğulayırdılar.

«BBC Sport» proqramının müxbiri isə qaçışdan sonra çoxlarını maraqlandıran sualı ona verib. Müxbir ondan niyə Azərbaycanın adından çıxış etmədiyini soruşub. R.Quliyev bu suala neytral cavab verib və deyib ki, ondan ötrü qızıl medalı qazanmaq ən böyük arzu idi.

Quliyev qələbəsini Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırmaqla qeyd edib.

O, Türkiyə vətəndaşlığını 2011-ci ildə qəbul edib. R.Quliyev 200 metrlik məsafəyə qaçışın ikinci avropalı çempionudur. R.Quliyev Azərbaycanı tərk edib Türkiyəyə gedəndə Bakıda idman rəsmilərindən biri onu «fərari» adlandırmışdı.

BU, İKİNCİ OLDU...

Londonda atletika üzrə dünya çempionatında Azərbaycanı təmsil edən idmançıların bəzilərinin legioner olması, onların ciddi uğur qazanmaması, əvəzində isə Azərbaycanda doğulub, böyüyən idmançının başqa ölkəyə medal qazandırması birmənalı qarşılanmayıb. Bəzi ekspertlər deyir ki, Azərbaycanda yerli idmançılar didərgin salınır, əvəzində aşağı göstəricili legionerləri dəvət edib «pul yuyurlar». Hərçənd, Azərbaycan idmanına məsul şəxslər bu tənqidləri qəbul etmirlər.

Ötən il ağır atlet Nicat Rəhimov da Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdı. Azərbaycandan didərgin salınan bu atlet isə həmin medalı Qazaxıstana qazandırmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG