Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

'Uğursuz' selfi başlarına iş açdı


İranlı deputatlar F.Mogherini ilə selfi çəkdirirlər.
İranlı deputatlar F.Mogherini ilə selfi çəkdirirlər.

Bir qrup iranlı millət vəkili Avropa Birliyinin yüksəkvəzifəli rəsmisi Federica Mogherini ilə şəkil çəkdirən zaman həddindən artıq canfəşanlıq göstərdiklərinə görə tənqid hədəfinə çevrilib.

AB-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi F.Mogherini avqustun 5-də prezident Hassan Rouhani-nin andiçmə mərasiminə qatılmış onlarla xarici rəsmidən biri olub. İtaliyalı siyasətçinin mərasimdə iştirakı diqqətsiz ötüşməyib.

Fotolarda əllərində smartfon tutmuş iranlı millət vəkillərinin Mogherini ilə şəkil çəkdirməkdən ötrü onu dövrəyə aldığını görürük. Onlardan bəziləri selfiyə düşmək üçün masaların üzərinə əyiliblər, bəziləri isə Mogherini-yə əl edirlər.

Bu görüntülər ölkə mətbuatı və sosial mediada tənqidlərə yol açıb. Bəziləri hətta millət vəkillərinin bu davranışla özlərini biabır etdiyini deyirlər.

Mötədil Rouhani-nin mədəniyyət müşaviri Hesamodin Ashna «Twitter»də yazıb:

«Bu, siyasi problem deyil, daha çox mədəni problemdir. O selfidəki hörmətli millət vəkillərinin hər biri ciddi sorğu-sual olunmalıdır».

«TƏLİM KURSU KEÇİLMƏLİDİR»

Keçmiş İran diplomatı və keçmiş islahatçı prezident Mohammad Khatami-nin müşaviri Sadeq Kharazzi öz «Instagram» səhifəsində yazıb ki, parlament deputatlara «davranış qaydaları və... əxlaqi dəyərlərə dair təlim kursu» keçməlidir.

Mötədil gündəlik «Ğanun» qəzeti isə baş verənləri Norveç rəssamı Edvard Munch-un məşhur «Haray» əsəri ilə müqayisə edib. Ön səhifədə dərc edilmiş «Haray selfisi» adlı karikaturada «haray çəkən» Mogherini və əllərində smartfon, selfi çubuqları olan deputatlar təsvir edilib.

İfrat mühafizəkar gündəlik «Kayhan» qəzeti 2015-ci ildə İranın altı dünya gücü – o cümlədən ABŞ və AB üzvü olan 3 dövlətlə (İtaliya bura daxil deyil) imzaladığı nüvə sazişi ətrafındakı ziddiyyətə toxunub.

«ALÇALDICI ŞƏKİLDƏ NÖVBƏYƏ DURURLAR»

ABŞ və sazişi imzalamış 3 AB üzvü (Böyük Britaniya, Fransa və Almaniya) İranın bu yaxınlarda gerçəkləşdirdiyi raket sınaqlarını qınayaraq, onun BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi nüvə sazişinə əməl etmədiyini bildiriblər.

«Düşmən qarşısında millətin hüquqlarını müdafiə etməli olan adamlar nüvə sazişini pozanlarla şəkil çəkdirmək üçün alçaldıcı şəkildə növbəyə dururlar», – «Kayhan» yazıb.

İyulun əvvəli Vaşinqton İranın ballistik raket proqramına yardım edən şirkətlərə və fərdlərə birtərəfli iqtisadi sanksiyalar tətbiq edib. Sanksiyalar həm də İranın insan hüquqlarını pozması və terrorizmi dəstəkləməsi ilə əlaqələndirilib. Donald Trump-ın oktyabrda nüvə sazişini təsdiqləmək istəmədiyinə dair xəbərlər yayılıb.

«BU QƏDƏR ŞİŞİRTMƏYİN»

2013-cü ildə Rouhani-nin nüvə sazişi vasitəsilə İranın beynəlxalq təcridinə son qoyacağına dair ümidlər onun seçkilərdə qələbəsi ilə nəticələndi. İndi isə o, ikinci prezidentlik müddətinə sazişin əleyhinə olan mühafizəkarların tənqid sədaları altında daxil olur.

Selfi qalmaqalında adı hallanan deputatlardan biri, kadra düşmək üçün masaya söykənmiş islahatçı deputat Farajollah Rajabi davranışına görə üzr istəyib.

Deputat Homayoun Yusefi mühafizəkar «Tasnim» xəbər agentliyinə deyib ki, selfi «tamamilə normal» olub və məsələ bu qədər şişirdilməməlidir. Mogherini ilə selfi çəkdirmədiyini qeyd edən deputat əlavə edib ki, andiçmə mərasimlərində yüzlərlə selfi çəkilir və bu da onlardan biridir.

«Amerikanın güclü etirazına baxmayaraq, Mogherini-nin iştirakı İran üçün mühüm diplomatik qələbədir», – Yusefi deyib.

O əlavə edib ki, andiçmə mərasimi belə «əhəmiyyətsiz məsələlər»ə görə sual altına alınmamalıdır.

MOGHERINI-YƏ DEYİBLƏR Kİ...

Parlamentin Milli təhlükəsizlik komitəsinin sədr müavini deputat Abolfazl Hassanbeigi «İran» gündəlik hökumət qəzetinə deyib ki, selfi çəkilişi Rouhani-nin andiçmə mərasiminin böyüklüyünə kölgə salmamalıdır.

«Bu, həqiqətən də islam respublikası üçün müsbət hal idi. Kənarlarda bəzi deputatlar Mogherini də daxil olmaqla, xarici qonaqlarla görüşüb onları qarşıladılar», – Hassanbeigi deyib.

O əlavə edib ki, deputatlar Mogherini-yə öz mövqelərini bildiriblər.

«Mən orada idim. Bir millət vəkili Mogherini-yə bir gün onun da «Amerikaya ölüm!» qışqıracağına ümid etdiyimizi dedi», - deputat vurğulayıb.

Onun sözlərinə görə, deputatlar AB rəsmisinə AB-nin nüvə sazişinə sadiq qalacağına, ABŞ-ın oyunlarına uymayacağına ümid etdiklərini söyləyiblər.

«Sonra mən və başqa deputatlar ucadan «Amerikaya ölüm və yaşasın Avropa!» dedik», – deputat bildirib.

F.Mogherini məsələyə münasibət bildirməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG