Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:17

'Bu il məktəbə hazırlıq azı 330 manata başa gələcək' - Media icmalı


Bakıda məktəb həyəcanı: 'Təkcə kitab-dəftərə 125 manat pul vermişik'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Bakıda məktəb həyəcanı: 'Təkcə kitab-dəftərə 125 manat pul vermişik'. Arxiv - 2016

Qeyri-neft sektorunun inkişafı, valideynlərin məktəb hazırlığı və fermerlərin şikayətləri bu gün medianın (9 avqust 2017-ci il) aparıcı mövzularındandır...

MƏKTƏB XƏRCLƏRİ 10-15 FAİZ BAHALAŞIB

«Exo» qəzetində «Azərbaycanda məktəbə hazırlıq 10-15% baha başa gələcək» sərlövhəli məqalə oxumaq olar.

Müəllif bildirir ki, yeni dərs ilinin başlanmasına az qalıb, artıq valideynlər məktəb hazırlıqlarına başlayıblar:

«Uşağı məktəbə hazırlamaq üçün qələmdən dəftərə, idman geyiminə kimi çox şey almaq lazımdır, bu isə az vəsait tələb etmir. Bu il uşaqların məktəbə hazırlığı valideynlərə ən azı 330 manata başa gələcək. Bu isə məktəbli ləvazimatlarının qiymətində 10-15% bahalaşma deməkdir. Bu il birinci sinif şagirdlərinin sayı da artacaq. Yerli istehsal isə yerində sayır, idxal mallarının qiyməti isə daim dəyişir». Bunu isə ekspert Nəriman Ağayev bildirir.

Ekspert deyib ki, bazarda yerli məktəbli forması var, amma onun istehsalından ötrü parça, əsasən, Türkiyədən gətirilir. Odur ki, bunu tam şəkildə yerli istehsal nümunəsi saymaq olmaz.

N.Ağayev vurğulayıb ki, 330 manat ailə büdcəsində böyük puldur:

«Bəzi vətəndaşların aylıq gəliri 500 manatdır... Həm də məktəb hazırlığına daxil olan ləvazimatların idxal edilməsi əlavə bahalıq yaradır».

Ekspert deyib ki, tezliklə məktəb yarmarkaları fəaliyyətə başlayacaq, amma qiymətlər baha olacaq.

N.Ağayev vurğulayıb ki, idxaldan asılılıq aradan qaldırılmayıb.

Pomidor
Pomidor

SATAN DA NARAZI, ALAN DA...

Azadliq.info saytında «Pomidor istehsalçıları pulsuzluqdan şikayətlənir» sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki, təxminən bir aydır Xaçmaz fermerləri pomidor yığımına başlayıblar. Fermerlər deyirlər ki, Bakıda pomidorun baha satılmasına baxmayaraq, məhsul onlardan ucuz qiymətə alınır.

Yazıda bildirilir ki, prosesdən fermerlər kimi, əslində alverçilər də şikayətçidirlər. Onlar isə şikayətlənirlər ki, məhsulu rayondan Bakıya aparana kimi çoxlu xərcləri çıxır. Alverçilərin deməsinə görə, yol xərcləri artıb.

Yazıda daha sonra yenidən pomidor istehsalçılarının qayğılarına yer verilir:

«Əvvəllər başqa məhsullar yetişdirdik. Baxdıq ki, bazarı yoxdur, yenidən pomidor istehsalına keçdik. 6-7 ay işləyirsən, sonra da topdansatış adamları 35 kiloqramı 8 manata alırlar. 10 manat deyəndə bizə deyirlər ki, baha satırsınız. Bakıya isə yoldakı «əlavə» xərclərilə 12 manata gedib başa çatır. Amma çıxış yolu var və bu, dövlətdən asılıdır. Dövlət nəzarət etsə, sürücüləri yollarda sıxışdırmasalar, bəlkə biz fermerlərə də yaxşı olar».

Fermerlər deyiblər ki, 35 kiloqram məhsulu 8 manata satmaq onlara bir elə də sərf etmir.

Yazıda malı bir yerdən alan alverçilərin də arqumentlərinə yer verilib:

«20 ildir Bakıya meyvə-tərəvəz aparırıq. Yeşiyini və ya 35 kilosunu 7-8, 10 manata aldığımız pomidoru 15 manata sata bilirik. Burdan gəlirsən, yol xərci, bazar pulu… 1-2 manat qalır, bəzən ziyan olur».

Qaxda Respublika müşavirəsi
Qaxda Respublika müşavirəsi

İDXALDAN ASILILIĞI AZALTMAQ

«Azərbaycan» qəzetində «Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün zəruri fundamental baza yaradılıb» sərlövhəli məqalədə ölkədə qeyri-neft sahəsinin durumu Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisadi elmləri doktoru Müslüm İbrahimovla dəyərləndirilir.

Yazıda bildirilir ki, son illər ölkədə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, xüsusilə aqrar sektor prioritet təşkil edir.

Müəllif vurğulayır ki, avqustun 4-də Qaxda keçirilən Respublika müşavirəsi də qeyri-neft sektorunun inkişafı məsələlərinə həsr edilmişdi.

M.İbrahimov dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən bu yana regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarını xatırladıb:

«Bu gün tam əminliklə deyə bilərik ki, əgər o proqramlar qəbul edilməsəydi, milli iqtisadiyyatımızda qeyri-neft sektorunun inkişafı üçün zəruri fundamental baza olmayacaqdı. Bundan başqa, konkret sahələri əhatə edən daha neçə dövlət proqramı qəbul edildi. Bu proqramlar olmasaydı, 2015-ci ildə qlobal maliyyə böhranın mənfi və dağıdıcı təzahürləri milli iqtisadiyyatımıza da təsir edəcəkdi…».

İqtisadçının deməsinə görə, bu proqramların nəticəsidir ki, son 6 ay ərzində qeyri-neft ixracı 27 faiz artıb:

«Nəticədə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artıb. Eyni zamanda, Azərbaycana bu dövrdə 5 milyard investisiya qoyulub…».

XS
SM
MD
LG