Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 04:47

'Payızda yenidən inflyasiyanın artacağı gözlənir' - Media icmalı


Dollar

Ölkə iqtisadiyyatına kapital qoyuluşu, dollara tələbatın yüksələcəyi ilə bağlı gözləntilər və yaxın aylarda inflyasiyanın artacağı ehtimalları bu gün (3 avqust 2017) medianın aparıcı mövzularındandır...

DOLLARA TƏLƏBAT ARTACAQ...

«Exo» qəzetində «Fırtınadan öncəki sakitlik: Azərbaycanda dollara tələbat azalıb» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yaxın perspektivdə dolların bahalaşma ehtimalını ekspertlərlə müzakirə edir.

Yazıda ekspertlərə istinadən bildirilir ki, tezliklə Azərbaycan sahibkarları valyuta almaqdan ötrü bankların qarşısında növbəyə düzüləcəklər:

«Azərbaycanda dolların satışının azalmasının bir neçə səbəbi var. Ən başlıcası iqtisadi fəallığın və əhalinin alıcılıq qabiliyyətinin azalmasıdır. Sıravi vətəndaşlar pul olmadığı üçün çox az həcmdə valyuta alır. Belə ki, gəlirlər ancaq ən zəruri olana çatır»,-deyə ekspertlər bildiriblər.

Yazıda vurğulanır ki, dövlət qurumlarının əhalinin gəlirlərinin artmasını deməsinə baxmayaraq, real qazanc əhəmiyyətli dərəcədə azalıb. Üstəlik, inflyasiya bu artımı «yeyib».

Yazıda bildirilir ki, xarici valyutanın əsas alıcıları ölkəyə mal idxal edən iş adamlarıdır. Rəsmi rəqəmlərdə idxalın 18 faiz azaldığı açıqlanıb.

Ekspertlərin fikrincə isə, buna səbəb yerli istehsalın artması yox, məhz əhalinin alıcılıq qabiliyyətinin azalmasıdır:

«Sahibkarlar ölkəyə daha az mal idxal edir. Çünki onları satmaq çətindir, zərərə düşürlər. Çoxlarının özəl kreditorlar önündə öhdəlikləri var, bir çox iş adamları kiçik biznesin inkişafını görmədikləri üçün fəaliyyətlərini dayandırırlar. Bu da, əlbəttə, xarici valyuta alınmasının azalmasına təsir edir».

Ekspertlər hesab edirlər ki, əhalinin tələbatından asılı olaraq tezliklə iş adamları idxalı artıracaqlar. Bu da xarici valyutaya tələbatı yüksəldəcək. Yazıda xatırladılır ki, ayyarımdan sonra yeni dərs ili başlayır. Ölkəyə yeni məktəb ləvazimatları, pal-paltar gətirilməlidir...

Bakı camaatının maaşı nəyə çatır, nəyə çatmır? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

UZUNÖMÜRLÜ İNFLYASİYA

«Novoye Vremya» qəzetində diqqəti «İnflyasiyaya uzun yaşamaq əmri verilib» sərlövhəli məqalə cəlb edir.

Müəllif xatırladır ki, «Standard&Poor's» (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanda inflyasiyanın 13.5 faizdən 8.9 faizə enəcəyini bildirib. Amma, hələ ki, inflyasiyanın enməsi müşahidə edilmir.

Üstəlik, yazıda bildirilir ki, bu hesabatla Mərkəzi Bankın (MB) son açıqlamaları ziddiyyət təşkil edir:

«Mərkəzi Bank bəyan edir ki, inflyasiya üzrə qısa- və ortamüddətli risklər hələ tam aradan qaldırılmayıb. Açıqlama aylıq inflyasiyanın mövsümi azalması fonunda verilib».

Müəllif hesab edir ki, hökumət və MB inflyasiyanı cilovlamaqdan ötrü əhəmiyyətli tədbirlər görməyib. Ona görə də, payızda inflyasiyanın artacağı təxmin edilir. Yazıda bunun səbəbi belə izah edilir:

«İnflyasiyanın yüksəlməsinə təkcə istehlak bazarındakı qiymət artımı təsir etmir. Xidmət tarifləri də bu məsələdə heç də az rol oynamır. Bizdə isə xidmət tarifləri tədricən bahalaşmaqdadır».

Yazıda xatırladılır ki, bu yaxınlarda Aİ-92 markalı benzinin qiyməti 20 qəpik artırılıb. Müəllifin fikrincə, bu da tədricən inflyasiyanın artmasına təsir göstərəcək:

«Odur ki, inflyasiya riski nəinki aradan qaldırılmayıb, əksinə, bütün iqtisadiyyatı hədələməkdə davam edir. Bunu tam neytrallaşdırmaq üçün bütöv antiinflyasiya tədbirləri gərəkdir. Amma müşahidə edilən budur ki, hökumət inflyasiya üzərində nəzarəti ələ ala bilmir».

Yazıda vurğulanır ki, makroiqtisadi qeyri-sabitlik də inflyasiyanın yüksəlməsinə təsir göstərir. Müəllifin fikrincə, qeyri-sabitlik davam edəcəksə, inflyasiyanın, işsizliyin artmasının və ümumi daxili məhsulun (ÜDM) azalmasının qarşısını almaq mümkün olmayacaq.

Biznes
Biznes

KAPİTAL QOYULUŞU

«Azərbaycan» qəzetində «Kapital qoyuluşu iqtisadi inkişafa dinamizm verir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, iqtisadi inkişafın təməl daşlarından biri kapital qoyuluşudur. Yatırılan sərmayə yeni istehsal, xidmət sahələrinin, yeni iş yerlərinin açılması ilə nəticələnir:

«Bu da məhsul istehsalını artırır, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşır. Bu məqsədlə ölkəmizdə xarici və daxili investisiyaların iqtisadiyyata cəlb edilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında lider dövlətdir, hətta bir çox Şərqi Avropa ölkələrindən öndədir».

Müəllif vurğulayır ki, bu məsələ dövlət rəhbərliyinin də diqqət mərkəzindədir. Yazıda prezident İlham Əliyevdən sitat da gətirilir:

«Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir».

Yazıda bildirilir ki, dövlətin sahibkarlara güzəştli kreditlər verməsi də kapital qoyuluşunun bir formasıdır. Bu ilin 6 ayında bu məqsədlə 63 milyon manat kredit verilib.

Müəllif vurğulayır ki, bütövlükdə isə sahibkarlar güzəştli şərtlərlə 2 milyard manat kredit alıblar:

«Sözsüz ki, kapital qoyuluşu, sahibkarlara güzəştli kreditlərin verilməsi və investisiya təşviqi mexanizmlərinin işə düşməsi nəticəsiz qala bilməzdi. Buna görə də cari ildə 122 min yeni iş yeri açılıb ki, onun da 101 mini daimidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG