Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:02

Fermer: 'Prezident deyib, əkinçiliyi inkişaf etdir, deməyib ki, heyvandarlığı məhv elə'


İnəklər
İnəklər

«Prezident deyib, «əkinçiliyi inkişaf etdir», deməyib ki, «heyvandarlığı məhv elə... Əlimdə 15 illik müqavilə var, müddətin bitməsinə hələ 5 il qalıb, gəliblər ki, «müqavilə ləğv olunub, torpaq artıq sənin istifadəndə deyil». Tək mən deyiləm, onlarla fermerin istifadəsində olan torpaq sahələri geri alınıb. Fermerlər yüzlərlə baş mal-qaranı otarmağa yer tapmadığı üçün dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb. Bu mal-qaranı satıb sonra necə dolanaq?».

MİN HEKTAR SAHƏ ƏLİNDƏN ALINIR

Bunu AzadlıqRadiosuna Şamaxının Adnalı kənd sakini, fermerlik fəaliyyəti ilə məşğul olan Hacışirinbala Şirinov deyir. Onun sözlərinə görə, min hektara yaxın qışlaq sahəsi müqavilənin bitməsinə baxmayaraq, əlindən alınır:

***Buna da bax-Otlaq sahəsi yoxdur, inəklər qoruqda otlayır

«Deyirlər, torpağın təyinatı dəyişdirilib, əkin sahələrinə çevrilib. Fermerin əlində müqavilə ola-ola o torpağın təyinatını necə dəyişmək olar? Axı orda nə qədər ailənin, fermerin mal-qarası otarılır. Ora örüş sahəsidir. Bu qədərmi asandır bir sifarişlə insanların mal-qarasını çölə töküb min hektarlarla torpağın təyinatını dəyişmək?!».

«105 AİLƏNİ DƏRD GÖTÜRÜB»

Fermerin deməsinə görə, heyvanları örüşə buraxmağa imkan vermirlər. Hazırda kəndlilər heyvanları yaylağa çıxarıb. Lakin üzüqışa qışlaq sahəsi olmadığından hamı heyvanları satmaq məcburiyyətindədir:

«Bu gün-sabah mal-qara yaylaqdan qayıdacaq, onları yemləməyə hara aparacağıq, bilmirik. Heyvandarlıqla məşğul olan 105 ailəni dərd götürüb. Axı bu nə zülmdür bizə edirlər? Vaxtında dedilər, «gəlin müqavilə bağlayın, örüş sahələrini götürün, heyvandarlığı inkişaf etdirin, biz də etdik». İndi də kimsə çıxıb, həmin ərazilərdə genişmiqyaslı əkin işləri aparmaq istəyir, bu qədər ailəni bədbəxt edirlər».

***Buna da bax-Poylulular: 'Vəzifəli şəxslərin yaxınları çayın yolunu da zəbt edib'

Problem, əsasən, Çölgöylər kəndi yaxınlığındakı qışlaq ərazilərdədir. 980 hektar ərazi 10 il əvvəl rayon icra hakimiyyəti tərəfindən qanuni şəkildə H.Şirinova örüş sahəsi kimi 15 illik icarəyə verilib. Bir neçə gündür ki, fermerə ərazini tərk etməli olduğunu deyirlər.

«TƏYİNAT DƏYİŞDİRİLİB»

Şamaxı Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sahə istifadəsiz qaldığı üçün təyinatı dəyişdirilib:

«Oralar artıq qış otlaq sahələri hesab olunmur, təyinatı əkin sahələrinə dəyişdirilib. Bir il əvvəl ölkə başçısı ölkə ərazisində toxumçuluq təsərrüfatının genişləndirilməsinə və aqroparkların yaradılmasına dair sərəncam verib. Bu məqsədlə də torpaqların təyinatı dəyişdirilib, fermerlərlə bağlanmış müqavilələr qüvvəsini itirib».

Qurumdan bildirilib ki, fermerlər tərəfindən qış otlaq sahəsində tikilmiş tövlələrə və başqa tikililərə görə kompensasiya veriləcək.

XS
SM
MD
LG