Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 08:37

'Ölkədə 'xalqlar həbsxanası' sayılan dövlətin xiffətini çəkirlər' – Media icmalı


SSRİ bayrağı

Ölkədə problemlərin səbəbləri, Şağan qəsəbəsinin qayğıları və Sumqayıt çimərliklərindəki durum bu gün (2 avqust 2017) medianın aparıcı mövzularındandır…

«BÖHRAN DAĞI»

Azadliq.info saytında «Böhrandan böhran dağı düzəltmək» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkəyə böyük neft pulları gəlsə də, problemlər həll edilməmiş qalıb:

«İndi bu ölkədə «xalqlar həbsxanası» sayılan dövlətin xiffətini çəkənlər, həmin dövrün qayıtmasını istəyənlər var. Yaxud birillik AXC hakimiyyətinin gördüyü işləri sadalayırıq, həmin dövrdə görülən işlərin davamını arzulayırıq. Deməli, mövcud hakimiyyət ölkəni elə duruma saldı ki, neft pullarının gəlmədiyi, müstəqilliyin olmadığı günlərə həsəd aparmalı olduq».

Yazıda vurğulanır ki, bəzən problemlər müstəqilliyin yenicə əldə edilməsi ilə izah olunur. Ancaq əsas məsələ yarıtmaz idarəçilikdir.

Müəllif hesab edir ki, neftin qiymətinin kəskin düşməsi ilə problemlər üzə çıxıb.

Yazıda bildirilir ki, hökumətin ölkədəki problemləri qlobal böhranla izah etmək istəməsi də həqiqətləri gizlətməkdir:

«İslahat aparmaq, xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə qiymətlər sürətlə qalxdı. Devalvasiyanın zərəri vətəndaşa yükləndi, iş yerləri bağlandı, cərimələr sərtləşdirildi və mənasız xərclər artırıldı».

Müəllif hesab edir ki, onsuz da ağır durumda olan büdcəyə I Avropa Oyunları, «Formula-1» və İslam Həmrəyliyi Oyunları ağır zərbələr vurdu.

Yazıda vurğulanır ki, ölkənin problemləri qalıb, indi də Kislovodskidə hansısa sanatoriyanın təmirini öz üzərilərinə götürürlər:

«Bəli, hökumət ölkəni böhrandan çıxarmaq əvəzinə «böhran dağı» yaratmaqla məşğul olur. Ölkəyə investisiya gətirmək, qanunun aliliyini təmin etmək, korrupsiyadan imtina etmək əvəzinə imitasiya ilə məşğul oldular...».

Su maşını
Su maşını

NƏ İÇMƏYƏ SUYU VAR, NƏ DƏ GETMƏYƏ YOLU...

«Bizim Yol» qəzetində isə «Əcnəbilər Marsda su tapır, bizi isə məmurlar susuzluqdan qırır» sərlövhəli məqalədə Bakının Şağan qəsəbəsinin problemlərindən bəhs edilir. Yazıda oxuyuruq:

«Bir qəsəbə düşünün, bu qızmar yay günlərində nə içməyə suyu var, nə də getməyə yolu… Üstəlik, tullantıları atmağa yer olmadığından, ətraf da zir-zibil içində...».

Müəllif Bakının mərkəzindən cəmi 30 kilometr aralıda yerləşən, 8 min əhalisi olan Şağan qəsəbəsini belə tanıdır.

Yazıda bildirilir ki, Şağanın küçələrində tez-tez su maşınlarına rast gəlmək olur. Çünki qəsəbə sakinləri suyu pulla alırlar:

«1 maşın su 20 manata satılır. İçməyə yaramayan, yalnız məişətdə istifadə olunan bu su dördnəfərlik ailəyə cəmi bir həftə kifayət edir. İçməli suyu isə mağazalardan alırıq».

Qəsəbə sakinlərinin deməsinə görə, hər ay qənaət edəcəkləri halda suya 150 manat pul xərcləməli olurlar. Qəsəbə sakini Cəmilə Hüseynova qəzetə bunları deyib:

«İnkişaf eləmiş ölkədə əhalini su ilə imtahana çəkmək nə deməkdir? 2017-ci ildir, bütün dünyada kranı açanda həm isti, həm soyuq su gəlir. Bizim qəsəbədə isə ümumiyyətlə, su yoxdur. Əcnəbilər Marsda su tapır, bizi isə məmurlar susuzluqla qırır».

Sakinlər deyiblər ki, əzab-əziyyətlə qulluq edib böyütdükləri ağacların hamısı bu il susuzluqdan yanıb.

Onların demələrinə görə, su çəkilişindən ötrü uyğun dövlət qurumlarına müraciət ediblər, ancaq problem müsbət həllini tapmayıb.

Yazıda bildirildiyinə görə, sakinlər indi də imza toplayaraq Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərirlər.

Sumqayıt
Sumqayıt

SUMQAYITDA ÇİMƏRLİKLƏRƏ GİRİŞ PULSUZDUR…

«Azərbaycan» qəzetində «Sumqayıt çimərliyində problemlər həllini tapıb» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, sahilboyu 10 kilometrlərlə uzanan çimərliklər bir zamanlar yararsız halda idi. Ancaq dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Sumqayıt bulvarının salınması ilə ətraf çirkabdan təmizlənib, abadlıq işləri görülüb:

«Bu gün şəhər çimərliyinə təşrif buyuran hər kəs pul ödəmədən dəniz sahilində sərbəst şəkildə istirahət edə bilər. Sahibkarlar onu da bildirdilər ki, bu da insanların sahilə axınının artmasına səbəb olub. Hazırda insanlar Bakı və Bakıətrafı çimərliklərdə giriş pullu olduğu üçün Sumqayıt çimərliyində dincəlməyi üstün tuturlar».

Yazıda bildirilir ki, çimərlik zonalarında xilasetmə işləri, tibbi yardım lazımı səviyyədə təşkil edilib. Üstəlik, əhalinin çimərliyə gediş-gəlişini təmin etməkdən ötrü ərazilərə xüsusi marşrutlar ayrılıb.

Yazıda daha sonra Sumqayıtın turizm imkanlarından bəhs edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG