Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb


Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) peşə fəaliyyətini yerinə yetirərkən basqılara məruz qaldığını bildirən 8 azərbaycanlı jurnalistin şikayətini araşdırmağa başlayıb. Məhkəmə həmin şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib.

Bu haqda AzadlıqRadiosuna şikayətçi jurnalistləri AİHM-də təmsil edən vəkillərdən Rəşid Hacılı məlumat verib.

Onun bildirdiyinə görə, 7 jurnalisti milli məhkəmələrdə Media Hüququ İnstitutunun vəkilləri müdafiə ediblər.

Şikayətləri araşdırılan jurnalistlər müxtəlif vaxtlarda peşə fəaliyyətini yerinə yetirmələrinə görə zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Jurnalist Zamin Hacı 2008-ci ildə Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağıya xitabən «əkə» ifadəsi işlətdiyinə görə döyüldüyünü iddia edir. Həmin vaxt yerli hüquq mühafizə qurumları Cinayət Məcəlləsinin 163-cü (Jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi açıblar, ancaq sonradan icraat dayandırılıb. A.Nağı olaydan dərhal sonra Müsavat başqanı İsa Qəmbərin onu Z.Hacı ilə barışdırdığını söyləmişdi. Həmin vaxt ölkə KİV-lərində dərc edilən yazılara görə, A.Nağı müstəntiqə ifadəsində isə jurnalistə hücum çəkmədiyini, sadəcə, yüngülvarı süpürləşdiklərini demişdi.

AİHM-ə üz tutan jurnalistlərdən Əfqan Muxtarlı 2009-cu ildə Bakıdakı İsrail səfirliyinin binasının qarşısında polis əməkdaşlarının, Həkimeldostu Mehdiyev isə Naxçıvanda müxalifətçilərin keçirdiyi aksiya zamanı tanımadığı şəxslərin zorakılığına məruz qaldığını bildirib. Digər jurnalistlər İlqar Nəsibov 2009-cu ildə Naxçıvan Dövlət Universitetində, Ramid İbrahimov isə Prezident Administrasiyasının qarşısında döyüldüyünü iddia edir.

Bundan başqa, fotojurnalist Etimad Budaqov Şəmsi Bədəlbəyli küçəsində, hazırda mühacirətdə olan İdrak Abbasov isə Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı zorakılıqla üzləşdiklərini bildiriblər. İ.Abbasov şikayətlənib ki, onu məhz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları döyüb.

Ən nəhayət, «Amerikanın səsi» radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu isə 2014-cü ildə Bakı Dövlət Universitetinin qarşısında keçirilən aksiyadan reportaj hazırlayarkən zorakılıqla üzləşdiyini deyib. Onu məhkəmədə hüquqşünas S.Ağayeva təmsil edir.

Sadalan bütün işlər üzrə hüquq-mühafizə qurumlarına müraciət edilsə də, şikayətçilər effektiv araşdırma aparılmadığını iddia edirlər.

Jurnalistlər şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı hüququ) maddələrinin pozuntusuna yol verildiyini iddia edirlər. Məhkəmənin hökumətə göndərdiyi suallar bu iddiaların aydınlaşdırılması ilə bağlıdır.

AHİM-in suallarına hökumətin cavabı hələlik bəlli deyil.

Ancaq Azərbaycan rəsmiləri ümumilikdə jurnalistlərə peşə fəaliyyətinə görə basqıların edilməsi ilə bağlı iddiaları qəbul etmirlər. Hüquq-mühafizə orqanlar bəyan ediblər ki, hansısa qarşıdurma və icazəsiz aksiyalarda jurnalistlər üzərində «Press» yazılmış gödəkcə geyərlərsə və yaxalarından vəsiqələrini asarlarsa, onlara hər hansı müdaxilə ola bilməz. Üstəlik, rəsmilərin fikirlərinə görə, Azərbaycanda həbs edilən jurnalistlər də peşə fəaliyyətlərinə görə yox, törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər. Hazırda ölkədə 15-ə yaxın jurnalist və bloqqer həbsdədir.

XATIRLATMA

Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlamışdı. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biri idi.

Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.

2016-cı ildə AİHM-ə göndərilən şikayətlərin statistikasına gəlincə, burda da Azərbaycanın adı qabarıq nəzərə çarpır. Sənədə görə, şikayətlərin sayında artım var.

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Rəsmilər isə bəyan edirlər ki, əhalinin sayı nəzərə alınsa, Azərbaycandan AİHM-ə göndərilən şikayətlər çox deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG