Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:55

Mərkəzi Bankın ehtiyatları ikiqat arta bilər - Standard&Poor's


Standard&Poor’s

«2017-2020-ci illərdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2.06 dəfə artacaq».

«Standard&Poor's» beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında belə yazılır.

Agentlik proqnozlaşdırır ki, bu ilin sonunda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 mlrd. 757 mln. dollar olacaq. 2016-cı ilin sonunda bu göstərici 3 mlrd. 974 mln. olub. 2014-cü ildə isə 15 milyard dollardan çox idi.

«Standard&Poor's»a görə, 2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 6 mlrd. 287 mln., 2020-ci ildə 7 mlrd. 223 mln., 2021-ci ildə isə 8 mlrd. 192 mln. dollara çatacaq.

Agentliyin hesabatında Azərbaycanda pul-kredit siyasətinin az səmərəli olduğu xüsusi vurğulanır.

«Amma hesab edirik ki, manatın məzənnəsinin çevikliyi milli valyutaya təzyiqi azaldıb. Mərkəzi Bankın vəziyyətə təsir üçün məhdud imkanını da qeyd edirik», - deyə agentlik bildirir.

BEYNƏLXALQ BANK HAQDA

Azərbaycanın bank sistemini zəif sayan «Standard&Poor's» Azərbaycan Beynəlxalq Bankının (ABB) durumuna, bank ətrafında baş verənlərin təsirlərinə də toxunub.

«ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını iyulun 18-də xarici kreditorlar bəyənib. Bu, ölkənin dövlət borcunu ümumi daxili məhsulun (ÜDM) 9 faizi qədər artıracaq. Bunun 6 faizi dövlət avrobondlarının buraxılması, 3 faizi isə Neft Fondunun depozitləri ilə bağlıdır və restrukturizasiya onlara da təsir edəcək», - deyə hesabatda bildirilir.

Bu ilin mart ayının göstəricisinə görə, ölkənin xarici borcu 7.1 milyard dollara bərbərdir (ÜDM təqribən 18 faizinə yaxın). Müqavilələr üzrə isə bu rəqəmin 11 milyard dolları keçdiyi söylənir.

«ABB ilə bağlı vəziyyətin başqa banklara ciddi təsir edəcəyini gözləmirik. Amma hesab edirik ki, Azərbaycanın bank sistemi zəifdir. Mərkəzi Bankın məlumatına görə, 2017-ci ilin mayında qeyri-işlək kreditlər 12 faiz təşkil edib. Biz hesab edirik ki, reallıqda toksik aktivlər daha çoxdur», - «Standard&Poor's» bildirir.

XATIRLATMA

«Standard&Poor's» «Moody's» və «Fitch Ratings» ilə yanaşı, dünyada nüfuzlu reytinq agentliklərindən biridir. Bu günlərdə agentlik Azərbaycanın reytinqinə yenidən baxmışdı.

«Standard&Poor's» Azərbaycanın uzunmüddətli, qısamüddətli xarici və milli valyutada reytinqini «BB+/B» səviyyəsində saxlayıb. Bu səviyyə «spekulyativ», yaxud «zibil» səviyyə sayılır.

Reytinq mənfi proqnozludur.

Agentliyin məlumatında Azərbaycanda tədiyyə balansına təzyiqlərin olduğu ifadə edilirdi. Qurum hesab edir ki, bu təzyiq aradan qalxarsa, iqtisadi inkişaf göstəricilərində artım müşahidə olunarsa və bank sistemində sabitlik bərqərar olarsa, reytinq üzrə proqnoz müsbətə dəyişə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG