Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:06

'Aylarla ət ala bilməyən ailələr var' – Media icmalı


Bazar. Foto arxiv
Bazar. Foto arxiv

Ölkənin yol infrastruktur layihələri, inflyasiyanın əhalinin gəlirlərini üstələməsi və intiharlar bu gün (27 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

«ELƏ AİLƏ VAR Kİ, BÜTÖV TOYUQ BELƏ ALA BİLMİR»

«Exo» qəzetində «Azərbaycan əhalisinin yarıdan çoxu qənaət rejimində yaşayır» sərlövhəli məqalə diqqət çəkir.

Ekspert Nəriman Ağayev əhalinin vəziyyətini qəzetə belə dəyərləndirib:

«Azərbaycan əhalisinin yarıdan çoxu qənaət rejimində yaşayır. Bir qayda olaraq, onların arasında ərzağı marketlərdən yox, bazarlardan almağa üstünlük verənlər çoxdur. Yeri gəlmişkən, onlar bazarlığı gündüz yox, axşam, bazar bağlanana yaxın edirlər ki, malı daha ucuz qiymətə ala bilsinlər».

N.Ağayev deyib ki, sərt qənaət rejimində yaşayan və aşağı gəliri olan ailələr məhsulları artıq kiloqramla yox, ədədlə alırlar:

«Məsələn, iki kartof, bir neçə ədəd pomidor, bir neçə ədəd xiyar… Ancaq zəruri olanları ala bilirlər. Ortagəlirli ailələr həftədə-ayda, lazım olan məbləği toplaya bildiyi zaman bu bazarlığı edə bilir. Hətta elə ailələr var ki, aylarla ət ala bilmir. Yaxud da bütöv toyuq belə ala bilmir, toyuq budları almaqla keçinir».

Yazıda bildirilir ki, 2017-ci ilin ilk yarısında Azərbaycan əhalisinin nominal gəliri 23 milyard 526.7 milyon manat olub. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 7.3 faiz çoxdur.

Müəllif bunun ardınca da vurğulayır ki, rəsmi statistikaya görə, inflyasiya 14 faizə çatıb. Bu isə əhalinin gəlirlərini inflyasiyanın «yeməsindən» xəbər verir.

İntihar
İntihar

KİMDİR GÜNAHKAR?

«Novoye Vremya» qəzetində isə «İntihar qapıları daha bərk döyür» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, bu günlərdə Şəmkir rayonunun Zəyəm qəsəbəsində ananın iki övladı ilə birgə intiharı ölkəni silkələyib:

«Uşaqlar intiharın qurbanlarına çevrilərsə, buna biganə qalmaq olmaz. Cəmiyyət çoxdandır ki, bu məsələ ilə bağlı «kimdir günahkar» sualını gündəmə gətirib».

Daha sonra yazıda müxtəlif kütləvi informasiya vasitələrinə istinadən son həftələr baş verən intiharlar yada salınır.

Yazıda vurğulanır ki, intiharın səbəblərini tapmaq və onu aradan qaldırmaq indi daha çox aktuallıq təşkil edir. Müəllifə görə, televiziyalar əyləncəli proqramlar əvəzinə bu istiqamətdə vətəndaşların maarifləndirilməsinə geniş yer ayırmalıdırlar.

Yazıda bildirilir ki, intiharların bir çoxu sosial amillərə söykənir:

«Kimi təhsil haqqını, kim bank kreditlərini ödəməyə, kimi də müalicəyə pul tapa bilmədiyi üçün ya özünü asır, ya da yandırır».

Müəllif hesab edir ki, kredit intiharları Azərbaycanda sürətlə yayılır. Çünki bankların və kollektorların təzyiqlərinə hər adam davam gətirə bilmir.

Müəllifə görə, müstəqil mühakimə sisteminin olmaması, məmur özbaşınalığı da intiharlara təhrik edən səbəblər sırasındadır.

Yazıda bildirilir ki, əgər hökumət intiharların qarşısını almaq istəyirsə, əhalinin rifah halının yaxşılaşdırılmasına səy göstərməlidir.

Müəllif bəzi rəsmilərin inkişaf etmiş ölkələrdə intihar hallarının daha çox olmasına diqqət çəkməsini də dəyərləndirir. Yazıda vurğulanır ki, həmin ölkələrdə insanlar heç də kollektorların təzyiqlərindən özlərini öldürmürlər:

«İndi hər hansı paralel aparmağa ehtiyac varmı? Bizim ölkədə intihar problemi üzdə olan faktdır. Əyani olanı inkar etmək problemi özünün bütün nəticələri ilə daha dərinə «qovmaq» deməkdir. Odur ki, heç bir halda buna yol vermək olmaz. Yol vermək olmaz ki, Şəmkirdə baş vermiş intihar bir daha təkrarlansın…».

Yol
Yol

YOL MƏDƏNİYYƏTDİR

«Azərbaycan» qəzetində «Ölkəmizin yol infrastrukturu dünya standartları səviyyəsinə çatdırılır» sərlövhəli məqalə dərc edilib. Yazıda oxuyuruq:

«Əvvəlki illərlə müqayisədə Azərbaycanın yol infrastrukturu çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün böyük işlər görülüb və həmin işlər indi də davam etdirilir. Ölkə rəhbəri də yol infrastrukturunun yenidən qurulmasına xüsusi əhəmiyyət verir».

Müəllif yol infrastrukturu ilə bağlı İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən indiyə kimi görülən işləri sadalayır.

Yazıda vurğulanır ki, 2003-cü ildə ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 18 min 754 kilometr təşkil edirdisə, 2013-cü ildə bu 19 min kilometrə çatıb.

Yazıda yol-infrastruktur layihələrinin əhəmiyyəti barədə prezident İ.Əliyevdən sitat da gətirilir:

«Kənd yolları layihələri icra edilir. Bu il yüzlərlə kəndi birləşdirən layihələr icra ediləcək. Bakı şəhərində yeni yollar salınır. «Sovetski» adlanan ərazidə böyük yol infrastrukturu yaradılır, yaxın gələcəkdə istifadəyə veriləcək . Ümumiyyətlə, şəhərimizin bu hissəsi gözəl bir məkana çevriləcəkdir».

Yazıda bildirilir ki, təkcə 2016-cı ildə 880 kilometr ümumi avtomobil yolları yenidən qurulub və ya təmir olunub. Habelə, bir sıra qəsəbə və kənd yolları da bu prosesdən kənarda qalmayıb:

«İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində də işlər davam etdirilib».

XS
SM
MD
LG